Azərbaycan və Mərakeş arasında ilk dövlətlərarası müqavilələr imzalanmışdır

Beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi məqsədilə ölkəmiz tərəfindən xarici dövlətlərlə ikitərəfli münasibətlər qurulur. Bu məqsədlə Mərakeş və Azərbaycan Ədliyyə nazirliklərinin nümayəndə heyətləri arasında danışıqlar aparılaraq Təslim etmə, Mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq, Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında ilk dövlətlərarası müqavilələrin, habelə nazirliklərarası əməkdaşlıq haqqında Saziş layihələri razılaşdırılmışdır. Qeyd olunan sənədlərin imzalanması məqsədilə Mərakeş Krallığının ədliyyə naziri Məhəmməd Nəsiri nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmişdir.

Mərakeşin ədliyyə naziri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir .

Martın 14-də nazir Məhəmməd Nəsiri respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafını qeyd edən F.Məmmədov ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Mərakeş Krallığına tarixi səfərini xatırladaraq, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin səmərəli əməkdaşlığını, Mərakeşin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və beynəlxalq müstəvidə haqlı mövqeyini daim dəstəklədiyini vurğulamış, habelə ötən il keçirilmiş ikitərəfli görüşün bu səfərin reallaşmasında xüsusi rolunu, imzalanan sənədlərin cinayətkarlıqla mübarizəyə, insan hüquqlarının qorunmasına, iqtisadi və hüquqi əlaqələrin inkişafına xidmət edəcəyini qeyd etmişdir.

Respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ədliyyə və məhkəmə islahatları barədə ətraflı məlumat verilmiş, iki ölkənin ədliyyə orqanları arasında əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğu bildirilmişdir .

Dost və qardaş ölkə olan Azərbaycanla hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini bildirən nazir M.Nəsiri Azərbaycanın dinamik tərəqqisini, səfər zamanı bu inkişafın şahidi olduğunu vurğulamış, respublikamızda olmağından məmnun qalaraq, səfərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir. Qonaq Mərakeşdə hüquqi islahatların aparıldığını bildirərək ölkəmizin bu sahədə müsbət təcrübəsindən faydalanacağını vurğulamışdır.

Görüşdə korrupsiya ilə mübarizə məsələlərinə toxunularaq cari ilin payızında Mərakeşdə qlobal antikorrupsiya tədbirlərinin keçiriləcəyi qeyd olunmuş, həmçinin, hüquqşünasların treninqi məsələsi müzakirə olunaraq, Mərakeş tərəfi Azərbaycanlı hakimləri həmin ölkəyə təcrübə keçməyə dəvət etmişdir.

Tədbirdən sonra yuxarıda göstərilən müqavilələrin və sazişin imzalanma mərasimi keçirilmişdir.

Nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, habelə Azərbaycan-Mərakeş münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, qonaqlara Azərbaycan dövləti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən DVD disklər, müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim edilmişdir. Elə həmin gün mərakeşli nazir ölkəmizin penitensiar sahədə aparılan islahatları ilə yaxından tanış olmaq üçün beynəlxalq standartlara uyğun inşa olunmuş yeni Bakı istintaq təcridxanasına baş çəkmişdir.

Səfər çərçivəsində Mərakeş ədliyyə nazirinin ölkəmizdə bir sıra rəsmi görüşləri, habelə bölgələrdə yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

 

   

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez