IMAGE

“Mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsinin təqdimatı olub

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 3-də Avropa İttifaqının və Ədliyyə Nazirliyinin birlikdə həyata keçirdiyi “Mübahisələrin alternativ həlli və ixtisaslaşdırılmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsinin təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, ədliyyə nazirinin müavini Azər Cəfərov tədbirdə çıxış edərək, ölkəmizlə Avropa İttifaqı arasında məhkəmə-hüquq sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

Diqqətə çatdırılıb ki, növbəti layihənin təqdimatı otuz ilə yaxın işğal altında olan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və yenilməz sərkərdəliyi ilə rəşadətli ordumuz tərəfindən yenicə azad edildiyi, ərazi bütövlüyümüzün bərpa olunduğu əlamətdar bir dövrə təsadüf edir. Həmin ərazilərdə ədliyyə orqanları və məhkəmələrin də işi bərpa edilməlidir. Bu mühüm məsələ layihənin icrası zamanı nəzərə alınmalıdır.

Ədliyyə Nazirliyi ilə Avropa İttifaqı arasında səmərəli əməkdaşlığın tərəfdaşlıq haqqında çərçivə sənədlərinə, fəaliyyət planlarına əsaslandığını vurğulayan nazir müavini bildirib ki, birgə fəaliyyətin bir hissəsi dövlətimizin başçısının ədliyyə və məhkəmə fəaliyyətinin inkişaf perspektivlərini müəyyənləşdirən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası dövrünə düşür. İnkişafına dəstək verilməsi nəzərdə tutulan kommersiya və inzibati məhkəmələr məhz həmin Fərmandan irəli gələn məsələlərin həlli çərçivəsində çox ciddi hazırlıq aparıldıqdan sonra yaradılıb. Bunun üçün əvvəlcə mülki prosessual qanunvericilik təcrübəli hakimlər, ədliyyə işçiləri, vəkillər, iqtisadçılar və sair əlaqəli mütəxəssislər tərəfindən kompleks təhlil edilib, yerli və beynəlxalq məhkəmə təcrübəsi öyrənilib. Bu məhkəmələr müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəyə malik hakimlər hesabına formalaşdırılıb, onların qarşıda duran gözləntiləri həll edə bilmələri üçün kifayət qədər əsaslı qanunvericilik platforması yaradılıb. Onlar normal fəaliyyət göstərərək pandemiya məhdudiyyətlərini də gözləməklə artıq 18 mindən çox işə baxıblar. Bu məhkəmələrin uğurlu, müstəqil, qərəzsiz, ədalətli fəaliyyət göstərmələri üçün xeyli işlər görülüb. Şübhəsiz ki, layihə çərçivəsində nəzərdə tutulan dəstək də çox yerinə düşəcək.

Ədliyyə nazirinin müavini vurğulayıb ki, mübahisələrin alternativ həlli üsulları məhkəmə sisteminin iş yükünün azaldılması, məhkəmələrə əlçatanlığın artırılması və bu kimi digər müsbət keyfiyyətlərlə yanaşı, konfliktlər zamanı hüquqların müdafiəsində vasitə seçiminə, yəni, dövlət müdafiə vasitələrindən və ya daha adekvat həll yolundan istifadə üçün verilən əlavə təminatdır. Mediasiya institutunun fəaliyyətinin təmin edilməsi üçün qısa müddətdə xeyli iş görülüb. “Mediasiya haqqında” qanun bu fəaliyyəti tənzimləyən bir neçə digər normativ hüquqi akt, o cümlədən mediasiya xidmətinə görə xərclərə, xərclərin ödənilməsinə, mediatorların hazırlanmasına, onların peşəkar etik davranışına, habelə mediasiya prosesinin həyata keçirilməsinə və mediasiya reyestrinin aparılmasına dair qaydalar qəbul olunub, Mediasiya Şurası hüquqi şəxs kimi qeydiyyata alınıb, onun idarə olunması üçün müşahidə şurası formalaşdırılıb. Avropa İttifaqının dəstəyi ilə 30-dək mediator təlimçisi hazırlanıb, 240 nəfər mediasiya təlimlərinə cəlb edilib. Onların 195 nəfəri mediator sertifikatı alıb və bu proses davam edir. Bütün bunlar və yeni layihə çərçivəsində veriləcək əlavə dəstək ölkəmizdə məcburi mediasiyanın tətbiqinə bu ilin iyulundan başlanılacağını deməyə əsaslı əminlik yaradır.

Qeyd edilib ki, kommersiya fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədən kənar arbitraj prosedurları vasitəsilə də həllinə nail olmaq üçün BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyasının (UNCITRAL) model qanununa və beynəlxalq təcrübəyə əsaslanaraq hazırda milli qanunvericiliyə dəyişikliklər hazırlanır. İcrasına başlanılan layihə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Fərmandan və “Mediasiya haqqında” qanundan irəli gələn vəzifələrin həllinə texniki dəstək məsələlərini ehtiva edir. Sənəddə kommersiya və inzibati məhkəmələrin institusional bazasının təkmilləşdirilməsi, bu məhkəmələrin hakimlərinin və məhkəmə işçilərinin peşəkarlığının artırılması, bütövlükdə mediasiyanın təşkilinə və UNCITRAL ilə əməkdaşlığın qurulmasına kömək göstərilməsi kimi vacib hədəflər müəyyənləşdirilib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas icra olunacaq layihənin Avropa İttifaqı ilə Azərbaycan arasında məhkəmə-hüquq sahəsində səmərəli əməkdaşlığın inkişafına xidmət edəcəyinə, məhkəmə sisteminin səmərəliliyinin artırılmasına, ümumilikdə Azərbaycanın məhkəmə-hüquq sistemində islahatlara töhfə verəcəyinə inandığını söyləyib. O bildirib ki, layihənin əsas məqsədi mübahisələrin alternativ həlli üzrə mediasiya və arbitraj mexanizmlərinin tətbiqinin, həmçinin bu sahədə maraqlı tərəflərin məlumatlılığının və texniki potensialının gücləndirilməsi, qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq kommersiya və inzibati məhkəmələrin institusional və hüquqi bazasının təkmilləşdirilməsi, həmin məhkəmələrin işinin səmərəliliyinin, hakimlərin və işçi heyətinin peşəkarlığının artırılmasıdır.

Tədbirdə Avropa İttifaqının nümayəndələri, beynəlxalq ekspertlərlə yanaşı, aidiyyəti qurumların, o cümlədən Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, Bakı Apelyasiya Məhkəməsi, Vəkillər Kollegiyası, Sahibkar (İşəgötürən) Təşkilatları Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər qurumların əməkdaşları iştirak ediblər.

Dörd əsas komponentdən ibarət layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Fərmanın və “Mediasiya haqqında” qanunun icrası ilə bağlı həyata keçirilir.

Tədbirin iştirakçıları layihənin əsas komponentlərini, o cümlədən ixtisaslaşmış məhkəmələrin institusional potensialının artırılması, həmin məhkəmələrin hakimlərinin təlimləri, Ədliyyə Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi, mediasiya təlimlərinin keçirilməsi, onun təbliğatı, arbitrajın təşviqi, UNCITRAL ilə əməkdaşlığın qurulması və bu istiqamətdə reallaşdırılacaq digər tədbirləri müzakirə ediblər.

Onlayn tədbirdə, həmçinin layihənin komponentləri üzrə əsas ekspertlər Dimitriye Suyeranoviç, Mark Seqal, Konstantin-Adi Qavrila, Leonardo D'Urso, Ruslan Mirzəyev və Patrisia Şonessi bu çərçivədə görüləcək işlər barədə məlumat veriblər. Bildirilib ki, layihənin əsas komponentləri ixtisaslaşmış məhkəmələrin institusional və hüquqi bazasının təkmilləşdirilməsi, onların potensialının artırılması, hakimlərinin təlimlərə cəlb edilməsi, mediasiya təlimləri və mediasiyanın təşviqi və tətbiqinin dəstəklənməsi, arbitrajın təşviqi və UNCITRAL ilə əməkdaşlıqdır.

KOBİA-nın idarə heyəti sədrinin müşaviri Nadir Adilov, Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva çıxışlarında layihənin ədalət mühakiməsinin səmərəli təşkilinə töhfə verəcəyinə əminliklərini ifadə edib, layihə iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez