04-03-2021 | 20:20 1073
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan və Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində xalqımızın və ordumuzun zəfər salnaməsi yazıldı.
Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub.
Martın 4-də qlobal pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri və könüllüləri ilə ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.
Görüşdən əvvəl müharibə iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın, həmçinin Vətən müharibəsində şəhid olmuş ədliyyə işçisi Ruhin Xəlilovun əziz xatirəsi anılıb.
Nazirlikdə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən ədliyyə naziri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və yenilməz sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbə münasibətilə iştirakçıları təbrik edib, əsl vətəndaşlıq nümunəsi göstərərək döyüşlərdə şücaət və fədakarlıq nümayiş etdirdiklərinə görə nazirliyin kollektivi adından təşəkkürünü ifadə edib.
Bildirib ki, ölkəmizin hərbi-siyasi uğuru, ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına 30 il düşmən əsarətində qalan torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub.
Hazırda azad olunan ərazilərin bərpa olunması ilə bağlı ölkə Prezidentinin rəhbərliyi ilə nəhəng quruculuq işlərinin həyata keçirildiyi qeyd olunaraq dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmin bölgəyə müntəzəm səfərlərinin doğma torpaqlarımızın dirçəldilməsinin və böyük qayıdışın təminatı olduğu vurğulanıb.
Eyni zamanda, Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərdən bəhs olunaraq şəhid ailələrinin və yaralı hərbçilərimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu qeyd edilib.
Bildirilib ki, müharibə başlanan andan ədliyyə işçiləri də döyüşlərdə, o cümlədən könüllü iştirak edərək fədakar xidmətlər göstərib, həmçinin ordumuzla həmrəylik nümayiş etdirərək, hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrə Yardım Fonduna və "YAŞAT" Fonduna əmək haqlarından könüllü vəsaitlər köçürüblər. Eyni zamanda, nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralananlara zəruri tibbi yardım göstərib, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilib, nazirliyin əməkdaşları tərəfindən döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmadi baş çəkilib və sovqatlar təqdim olunub.
Nazirlik tərəfindən həmçinin, döyüşlərdə iştirak etmiş əməkdaşların, o cümlədən şəhid ailələrinin qayğıları ilə mütəmadi maraqlanıldığı, onların problemlərinin daim diqqətdə saxlanılaraq zəruri köməklik göstərildiyi bildirilib.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə mərdliklə iştirak etmiş, vəzifə borclarını şərəflə yerinə yetirərək şəxsi igidlik göstərdiklərinə görə ədliyyə işçilərinin yüksək dövlət təltiflərinə layiq görülməsi xüsusilə qeyd edilərək ölkə başçısına dərin minnətdarlıq ifadə olunub.
Əməkdaşlar döyüş xatirələrini bölüşərək torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmələrindən böyük qürur hissi keçirdiklərini bildirib, hərbçilərimizə istər müharibə, istərsə də sonrakı dövrdə yüksək diqqət və qayğı ilə yanaşıldığını vurğulayıblar. Qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizin müdafiəsi və tərəqqisi naminə dövlətimizə və xalqımıza layiqincə xidmət etməyi özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.
Görüşdə ədliyyə nazirinin Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə bağlı Əmri elan edilib və mükafatlandırılmış müharibə iştirakçılarına təltiflər təqdim olunub.
İştirakçılar nazirliyin Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, o cümlədən yeni yaradılmış Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbəyə həsr olunan xüsusi guşə ilə tanış olublar.