IMAGE

Ədliyyə və məhkəmə islahatlarının sahibkarların hüquqlarının etibarlı müdafiəsində roluna dair videokonfrans keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına, ədalət mühakiməsinin əlçatanlığına və vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edən mütərəqqi məhkəmə-hüquq islahatları həyata keçirilir.

Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sistemin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla onun icrası üzrə ötən dövrdə kompleks tədbirlər görülüb.

AZƏRTAC xəbər verir ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində martın 17-da Ədliyyə Nazirliyinin və “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir” mövzusunda videokonfrans təşkil olunub.

Tədbirdə Ədliyyə Nazirliyinin, məhkəmə hakimiyyəti orqanlarının, Vəkillər Kollegiyasının, vətəndaş cəmiyyətinin nümayəndələri, sahibkarlar, kütləvi informasiya vasitələri iştirak ediblər.

Tədbirdə Ədliyyə Nazirliyin tərəfindən biznesə və vətəndaşlara göstərilən hüquqi xidmətlərin səmərəliliyinin yüksəldilməsi, son zamanlar nazirliyin sahibkarlarla əlaqələrinin inkişafı, sahibkarlıq subyektlərinin ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması ilə bağlı görülən tədbirlər və sair barədə məlumat verilib.

Çıxış edən nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildiriblər ki, hazırda Ədliyyə Nazirliyi ilə bank sektoru arasında səmərəli əməkdaşlıq mövcuddur. ABA ilə Ədliyyə Nazirliyinin işgüzar əməkdaşlığı, konstruktiv dialoq və tərəflərin birgə fəaliyyəti çox əhəmiyyətlidir. Bu əməkdaşlıq Ədliyyə Nazirliyinin və ABA-ya üzv bankların rəhbər şəxslərinin 2019-cu ildə keçirilmiş görüşündən sonra daha da uğurla davam etdirilir. Hazırda tərəflər arasında yaradılmış üç işçi qrup uğurla fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, bütün elektron layihələrdə banklar fəal iştirak edirlər. Bankların “Elektron Məhkəmə” İnformasiya Sisteminə inteqrasiyası artıq başa çatdırılmaqdadır. Zəruri proqram təminatı bankların daxili serverlərinə uyğunlaşdırılıb və yaxın zamanda məhkəmələr tərəfindən müvafiq sorğuların elektron qaydada cavablandırılması təmin ediləcək. Eyni zamanda, “Elektron notariat” və “Elektron icra” sistemi ilə də bağlı müvafiq işlər görülür.

Məlumat verilib ki, bankların fəaliyyətində iki istiqamət önəm kəsb edir. Bunlardan biri məhkəmə qərarlarının çıxarılması, digəri isə həmin qərarların icrasıdır. Bu sahədə Ədliyyə Nazirliyi tərəfindən mühüm işlər görülür. Qeydiyyat və notariat, İKT sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan bankları Ədliyyə Nazirliyinin fəaliyyətindən məmnundur.

Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov qeyd edib ki, dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində mühüm yeniliklərdən biri sahibkarların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə baxılması üçün ayrıca məhkəmənin təsis edilməsidir. Məhkəmənin sədri kommersiya işlərinə çevik baxılması üçün iddiaların elektron qəbulundan və elektron sənəd dövriyyəsindən, əlçatanlığın effektiv müəyyənləşdirilməsi nəticəsində kommersiya işlərinin sayının xeyli artmasından bəhs edib, ötən bir ildə fəaliyyəti barədə məlumat verib.

Sonra “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli, Məhkəmə Ekspertizası Mərkəzinin iqtisad ekspertizası şöbəsinin rəisi Fuad Məmmədov, Vəkillər Kollegiyası üzvü Əfqan Baxışov, “166” - Yükdaşıma və Logistika” şirkətin nümayəndəsi Süleyman Hüseynzadə, “UNIPER” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri və “SOCAR-UNIPER” MMC direktorlar şurasının üzvü Rəşad Hüseynli, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Pərvanə Qasımova və digərləri çıxış edərək ədliyyə və məhkəmə islahatlarının vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulayıb, tədbirin təşkilinə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Onlayn tədbirdə, sahibkarların sualları cavablandırılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez