Hüquqşünas kadrların tədrisi sahəsində beynəlxalq əməkdaşlıq inkişaf etdirilir

Bu günlərdə Polşanın Lyublin şəhərində “Hakimlərin və prokurorların tədrisi sahəsində əməkdaşlıq - Avropa Qonşuluq Siyasətinin elementi kimi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Tədbirdə respublika ədliyyə nazirinin müavini, ölkəmizin Avropa Şurasının Hakimlərin və prokurorların tədrisi üzrə Lissabon şəbəkəsində nümayəndəsi Toğrul Musayev iştirak etmişdir. Konfransda bir sıra dövlətlərin hüquqşünas kadrların tədrisinə cavabdeh olan orqanlarının rəhbərləri, Avropa Komissiyasının nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdilər. İştirakçılar tərəfindən öz ölkələrinin hakim, prokuror, məhkəmə aparatı və ədliyyə işçilərinin tədrisi modelləri, bu sahədə qabaqcıl təcrübə, tədrisin ədalət mühakiməsinin səmərəliliyinə təsiri və digər məsələlər haqqında məlumat verilərək, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Tədbirdə T.Musayev tərəfindən çıxış edilərək, Azərbaycanda son illər ərzində məhkəmə sisteminin müasirləşdirilməsi və ədliyyə orqanlarının inkişafına yönəlmiş məqsədyönlü tədbirlər, hüquqşünas kadrların tədrisi məsələləri, bu günlərdə Nizamnaməsi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Ədliyyə Akademiyasının formalaşması, habelə Avropa Komissiyasının “Azərbaycanda ədliyyə sahəsində islahatlara dəstək proqramı” barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Konfransın yekununa dair, ölkəmizin bir sıra təklifləri nəzərə alınmaqla, Lyublin xartiyası qəbul edilmişdir. Xartiya onu qəbul etmiş ölkələrin məhkəmə sistemləri, tədris müəssisələri arasında əlaqələrin qurulmasını, hakimlərin, prokurorların və digər hüquqşünas kadrların seçkisi, təyinatı və tədrisi sahəsində əməkdaşlıq məsələlərini, habelə məhkəmə inzibatçılığı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan hüquqlarının müdafiəsi və digər sahələr üzrə birgə tədris tədbirlərinin keçirilməsini nəzərdə tutaraq, Avropa Komissiyasını qeyd olunan istiqamətlərə dəstək göstərməyə çağırır. Sənəd gələcəkdə hüquqşünaslarımızın Avropa ölkələrində tədrisinə, Ədliyyə Akademiyasının inzibati və müəllim heyətinin digər tədris müəssisələrində təcrübə mübadiləsinə imkan verəcəkdir.

Səfər çərçivəsində Polşa Respublikası Ədliyyə Nazirliyinin Dövlət katibi Yatsek Çaya ilə görüş keçirilmiş, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmış, həmçinin iki ölkənin nazirlikləri arasında mövcud münasibətlərin inkişaf etdirilməsinə xidmət edəcək əməkdaşlıq haqqında Sazişin bağlanması məsələsi müzakirə edilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez