10-05-2011 | 04:02 844
Müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər keçirilmişdir.
Ədliyyə işçiləri ümummilli liderimizin əziz xatirəsinə əbədi ehtiram əlaməti olaraq Fəxri Xiyabana gəlmiş, ulu öndərin məzarını ziyarət edərək, abidəsi önünə əklil qoymuşlar.
Mayın 10-da Nazirliyin Heydər Əliyev muzeyində keçirilən tədbiri ədliyyə nazirinin müavini Toğrul Musayev açaraq xalqımıza və etmiş, onun rəhbərliyi ilə aparılan hüquqi islahatlardan danışmış, dahi öndərin müəyyənləşdirdiyi inkişaf kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini vurğulamışdır.
Tədbirdə çıxış edən ədliyyə işçiləri hüquq sistemimizin formalaşması və inkişafında müstəsna xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına daim sadiq qalaraq dahi öndərin yüksək dövlətçilik amallarını inamla yaşadan ölkə Prezidenti cənab İlham Əliyevə yardımçı olmaq üçün səylə çalışacaqlarını bildirmişlər.
Ulu öndərin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində Ədliyyə Akademiyasında Nazirliyin rəhbərliyinin bir qrup gənc ədliyyə işçiləri, həmçinin ədliyyədə və məhkəmələrdə təcrübə keçən ali təhsil müəssisələrinin tələbələri ilə görüşü keçirilmişdir.
Nazir müavini Toğrul Musayev ümummilli lider Heydər Əliyevin gənclərin hərtərəfli tərəqqisinə qayğılı münasibətindən səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirildiyini vurğulamışdır.
Tədbirdə iştirak edən respublika gənclər və idman nazirinin müavini İntiqam Babayev dövlət gənclər siyasətinin ayrı-ayrı məqamlarına toxunaraq gənclərə göstərilən dövlət qayğısı, ölkənin dinamik tərəqqisində gənc nəslin rolu üzərində xüsusi dayanmış, ölkə başçısının "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının hazırlanması ilə bağlı imzaladığı sərəncamın gəncliyə verilən qiymətin bariz nümunəsi olduğunu demişdir. Nazir müavini bu günlərdə bir qrup gənclərlə görüşən dövlət başçısının tapşırığı ilə gənclərin dövlət quruculuğu prosesində, ictimai-siyasi həyatda fəal iştirakına geniş imkanların yaradılması, onların məşğulluğu, fiziki sağlamlığı və hərbi hazırlığı, sosial problemlərinin həlli ilə bağlı Dövlət Proqramına daxil edilməsi nəzərdə tutulan məsələlərdən ətraflı danışmışdır.
Ədliyyə işçiləri Nazirlikdə dahi şəxsiyyətin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyətindən bəhs edən foto və sənədlərlə tanış olmuş, əbədiyaşar lider Heydər Əliyev haqqında filmlərə tamaşa etmişlər. Ədliyyə orqanlarında bu münasibətlə digər tədbirlər keçirilmişdir.
|
|
|
|