IMAGE

Ədliyyə Nazirliyi probasiya fəaliyyətində elektron nəzarət vasitələrinin tətbiqinə dair onlayn brifinq keçirib

Bakı, 14 aprel, AZƏRTAC

Ədliyyə Nazirliyi vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirləri davam etdirir. Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə məlumatlandırılması məqsədilə vətəndaş cəmiyyəti nümayəndələrinin, KİV-lərin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdəki səhifələrinin imkanlarından geniş istifadə olunur. Bu baxımdan nazirliyin rəsmi “Facebook” səhifəsində ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində aprelin 14-də Ədliyyə Nazirliyi tərəfindən “Probasiya fəaliyyətində elektron nəzarət vasitələri və onların tətbiqi” mövzusunda onlayn brifinq təşkil olunub.

Brifinqdə iştirak edən Probasiya Xidmətinin Elektron monitorinq idarəsinin rəisi Nəvai Əlizadə probasiya fəaliyyəti, bu sahədə yeni innovasiyaların tətbiqi barədə ətraflı məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən 2018-ci ilin may ayından ölkəmizdə azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası zamanı elektron nəzarət vasitələrin tətbiqinə başlanıb.

N.Əlizadə qeyd edib ki, ilkin olaraq elektron nəzarət vasitələri azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, habelə məhkəmənin qərarına əsasən şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilib. Ötən dövrdə ümumilikdə 6500 nəfərdən artıq şəxsə elektron nəzarət vasitələri tətbiq olunub. Onlardan böyük əksəriyyətini azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər təşkil edir.

Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumların 24 saat ərzində fasiləsiz izlənilməsini təmin etmək məqsədilə Probasiya Xidmətində Monitorinq Mərkəzi fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, elektron nəzarət vasitələri məhkumun məsafədən izlənməsini həyata keçirməklə, fasiləsiz olaraq məhkəmə tərəfindən məhkumun üzərinə qoyulmuş vəzifələrin yerin yetirilməsinə effektiv nəzarəti təmin edir, məhkumların islah olunması və yeni cinayət törətmələrinin qarşısının alınmasına əlverişli zəmin yaradır.

Eyni zamanda, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin tətbiqinin genişləndirilməsi, ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası prosesində həmin nəzarət vasitələrindən istifadə olunması üçün Cinayət, Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib. Həmin dəyişikliklər ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına həyata keçirilən nəzarətin səmərəliyinin artmasına əlverişli zəmin yaratmaqla, ictimai işlər təyin edilmiş şəxslərin iş saatlarının elektron qaydada hesablanmasına və onların işlərin getdiyi yerlərə vaxtında gəlib-getmələrinə nəzarətin gücləndirilməsinə yönəlib.

Bununla yanaşı, elektron nəzarət vasitələrinin tətbiqi ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası prosesində insan amilinin, yəni yol verilə biləcək sui-istifadə hallarının aradan qaldırılmasının təmin edilməsi vəzifəsini də yerinə yetirir.

Məlumat verilib ki, qanunvericiliyə dəyişikliklərlə bağlı ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası prosesində elektron nəzarət vasitələrindən istifadə olunması qaydaları təsdiq olunub. Ötən qısa müddətdə ictimai işlərə cəlb olunmuş 45 məhkum və inzibati tənbeh tətbiq olunmuş şəxsə elektron nəzarət vasitəsi tətbiq edilib.

Hazırda Monitorinq Mərkəzində 2900-dən çox şəxs üzərində elektron nəzarət həyata keçirilir.

Onlayn tədbirdə sosial şəbəkə istifadəçilərini maraqlandıran suallar da cavablandırılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez