19-04-2021 | 18:00 1984
Ədliyyə Nazirliyinin İxtisas komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə 13.04.2021-ci il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibənin keçirilməsinə aprel ayının 23-dən etibarən başlanılacaqdır.
Müsahibə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti 72) xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladırıq ki, imtahanın keçirilməsi qaydasına uyğun olaraq, müsahibənin nəticələrinə əsasən zəruri bal toplamış namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır.
Əlavə məlumatları (012) 404-42-28, (012) 404-42-19 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.