14-05-2011 | 04:02 1076
Sahibkarlıq fəaliyyəti subyektlərində aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi və şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel və 2011-ci il 15 fevral tarixli fərmanlarına əsasən Ədliyyə Nazirliyi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” formalaşdırılaraq cari ilin 1 may tarixindən etibarən fəaliyyətə başlamışdır.
Reyestrin aparılmasını, istifadəsini və orada saxlanılan məlumatların mühafizəsini təmin edən qeydiyyat informasiya sisteminin vahid portalı www.yoxlama.gov.az internet ünvanında yerləşdirilərək yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektlərinin istifadəyə verilmişdir.
Bununla əlaqədar sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etmək məqsədilə yoxlayıcı orqanların aidiyyəti əməkdaşları ilə Bakı və Naxçıvan şəhərlərində metodiki seminarlar keçirilmiş, sistemdən istifadə qaydaları barədə ətraflı məlumat verilmişdir.
Həmin istiqamətdə işlərin davam etdirilməsi çərçivəsində ölkənin bütün şəhər və rayonlarında istər yoxlayıcı orqanların, istərsə də sahibkarlıq fəaliyyəti subyektlərinin bu sahə ilə bağlı maarifləndirilməsi işinin təşkili üçün 2011-ci ilin 14 may tarixində regional ədliyyə şöbələrinin rəhbərləri ilə iclas keçirilmişdir.
İclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəaları müzakirə olunmuş, onlardan irəli gələn Ədliyyə Nazirliyinin yeni vəzifələri barədə ətraflı məlumat verilmişdir. Bundan başqa iclas iştirakçılarına Reyestrin fəaliyyətini təmin edən qeydiyyat informasiya sistemi təqdim edilmiş, onun istifadə qaydaları izah olunmuş, müvafiq təlimat kitabçaları paylanmışdır.
Mövzu ilə bağlı yerli ədliyyə şöbələrinin rəhbərlərinin çoxsaylı sualları cavablandırılmış, işin səmərəsinin artırılması üzrə təkliflər o cümlədən yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektləri ilə regional müşavirələrin keçirilməsi məsələləri müzakirə edilmişdir.