Fransa ölkəmizlə hüquqi əməkdaşlığı gücləndirir

Azərbaycan və Fransa arasında əməkdaşlıq münasibətləri bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə də uğurla inkişaf edir. 2004-cü ildə ölkə Prezidenti cənab İlham Əliyevin Fransaya səfəri zamanı iki ölkənin Ədliyyə Nazirlikləri arasında əməkdaşlığa dair Saziş imzalanmış, bir sıra birgə tədbirlər həyata keçirilmişdir.

Ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin yeni prioritetlərini müəyyən etmək məqsədilə Azərbaycana səfərə gəlmiş Fransa Ədliyyə və Azadlıqlar Nazirliyinin Avropa və beynəlxalq məsələlər xidmətinin rəisi Erik Metrpyer mayın 18-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Fransa və Azərbaycan arasında səmərəli hüquqi münasibətləri qeyd edən nazir dövlət başçısının rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlərdən danışaraq, bu işdə fransalı mütəxəssislərin fəal iştirakını təqdir etmiş, səfərin hüquqi əlaqələrin inkişafına əlavə təkan verəcəyinə əminliyini bildirmişdir.

Fransanın Azərbaycanla hüquqi əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyən qonaq respublikamıza bir neçə dəfə səfər etdiyini bildirərək Azərbaycanın hərtərəfli dinamik tərəqqisinin, ədliyyə və məhkəmə sistemində əldə edilmiş nailiyyətlərin şahidi olduğunu vurğulamış, xüsusilə hakimlərin Avropada ən mütərəqqi qaydalarla seçimi və tədrisi prosesini yüksək qiymətləndirmiş, qarşılıqlı fəaliyyətə dair konkret təkliflər irəli sürmüşdür.

Görüşdə Fransa Milli Hakimlər Məktəbi ilə əməkdaşlıq, hakimlərin və digər hüquqşünasların tədris səfərlərinin təşkili, həmçinin inzibati məhkəmələrin fəaliyyəti, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, məhkəmə qərarlarının icrası, xüsusi notariatın inkişafı, məhkəmələrdə müasir texnologiyaların tətbiqi, habelə korrupsiya ilə mübarizə və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq həmçinin, Məhkəmə-Hüquq Şurasında olmuş, Şuranın və Hakimlərin Seçki Komitəsinin üzvləri ilə görüşmüşdür. Görüşdə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və onun hüquq sisteminin inkişafında rolu, hakimlərin müstəqilliyinin təmin edilməsi, peşəkar tədrisi məsələlərinə toxunulmuş, məhkəmə və prokurorluq orqanlarına, vəkillik xidmətinə keçirilən müsabiqələr barədə qonağa məlumat verilmişdir.

Azərbaycanda son illər hüquq sisteminin inkişafında əldə edilmiş nailiyyətlərə valeh olduğunu bildirən qonaq, hüquqi sahədə əməkdaşlığın hər iki tərəf üçün faydasını vurğulamışdır. Hüquq sistemində kadrların obyektiv seçim prosedurlarına böyük maraq göstərən qonaq, həmin gün prokurorluq orqanlarına işə qəbulla bağlı keçirilən test imtahanını müşahidə etmiş, şəffaf qaydaların tətbiqindən məmnunluğunu bildirmişdir.

Eyni zamanda, E.Metrpyer Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən qəbul edilmiş, məhkəmənin möhtəşəm binası ilə tanış olmuşdur.

Səfər çərçivəsində fransalı qonağın dövlətimizdə aparılan çoxşaxəli islahatlara maraq göstərərək bölgələrə səfəri, regionların sosial-iqtisadi inkişafı, yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti, Dünya Bankı ilə həyata keçirilən birgə layihə çərçivəsində yaradılan müasir məhkəmə infrastrukturu, habelə inşa olunan yeni penitensiar komplekslərlə tanışlığı, həmçinin, hakim, prokuror və ədliyyə işçiləri ilə görüşü nəzərdə tutulur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez