28-04-2021 | 17:50 846
Aprelin 28-də Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr” mövzusunda videokonfrans keçirilib.
Konfransda Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Bələdiyyə İşçiləri Həmkarlar Komitəsinin nümayəndələri, Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərliyi və nümayəndələri, həmçinin 55 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri iştirak ediblər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda yerli özünüidarəetmə institutunun və onun hüquqi bazasının yaradılması, həmçinin bələdiyyələrin inkişaf yolu haqqında danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və qəti iradəsi ilə, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi sayəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası mərhələsi başlayıb və bu mərhələdə bələdiyyələrin də üzərinə mühüm vəzifələr düşür.
Tədbirdə ölkəmizdə aparılan məqsədyönlü islahatlar fonunda bələdiyyələrin də fəaliyyətinin təkmilləşməsi, yerli sosial-iqtisadi məsələlərin həllində rolunun artması zərurəti, həmçinin bələdiyyələrin qarşılaşdıqları aktual problemlər, həlli yolları, o cümlədən yerli özünüidarəetmənin inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Konfransda çıxış edən Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin reallaşmasında yerli özünüidarəetmə orqanlarının rolunu vurğulayaraq, bələdiyyələrin səmərəli fəaliyyəti üçün onların maliyyə vəziyyətində mövcud olan problemlərin həllinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Yerli vergi və ödənişlərin toplanması, eləcə də yerli vergi və ödəniş ödəyicilərinin və obyektlərinin dəqiq uçotunun aparılması, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi və bütövlükdə yerli büdcə gəlirlərinin artırılması, büdcə intizamına və hesabatlılığa əməl olunması, rəqəmsal idarəetmənin nailiyyətlərindən istifadə edilməsi və s. istiqamətlərdə bələdiyyələrə kömək məqsədilə Ədliyyə Nazirliyi tərəfindən görülən işlər, onların müsbət nəticələri barədə ətraflı məlumat verilib.
Həmçinin müzakirələr zamanı yerli özünüidarəetməyə ictimai etimadın artırılması məqsədilə bələdiyyə-vətəndaş münasibətlərinin düzgün qurulması, bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən yerli əhali ilə sıx təmasların formalaşdırılması, cəmiyyət həyatının müxtəlif sahələrində bələdiyyələr tərəfindən görülən işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məsələlərinin zəruriliyi diqqətə çatdırılıb.
Tədbirdə səsləndirilən problemlər və digər məsələlərin operativ və səmərəli həlli məqsədilə aidiyyəti dövlət orqanlarının, o cümlədən bələdiyyə nümayəndələrindən ibarət tərkibdə Milli Məclisin Regional məsələlər komitəsinin rəhbərliyi ilə işçi qrupun yaradılması məsələsi də gündəmə gətirilib, bu istiqamətdə zəruri addımlar atılacağı bildirilib.
Konfransın yekununda bir sıra bələdiyyə sədrləri qarşılaşdıqları problemləri diqqətə çatdıraraq, həlli yolları ilə bağlı təkliflərlə çıxış ediblər.