IMAGE

Ümummilli Lider Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında qeyd olunub

Mayın 10-da Ədliyyə Nazirliyinin rəhbərliyi Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq sonsuz ehtiramlarını bildiriblər. Həmçinin Akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzülüb.

Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ədliyyə orqanlarında xüsusi karantin rejiminə əməl olunmaqla tədbirlər təşkil edilib, əbədiyaşar liderin nazirlikdəki büstü önünə gül səbəti qoyulub, əziz və işıqlı xatirəsi yad olunub.

Ədliyyə naziri Fikrət Məmmədov Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və zəngin dövlətçilik fəaliyyətindən bəhs edərək Ulu Öndərin əsasını qoyduğu tərəqqi yolunun dövlət başçısının rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, dövlətimizin iqtisadi, siyasi, hərbi cəhətdən möhkəmləndiyini bildirib. Dahi rəhbərin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində mühüm xidmətlərini qeyd edərək ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdiyini, doğma torpaqlarımızın erməni işğalından azad edildiyini böyük qürur hissi ilə vurğulayıb, aparılan nəhəng bərpa-quruculuq işlərindən danışıb.

Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə Heydər Əliyev Fondunun sosial-iqtisadi inkişafa xidmət edən və azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrin reallaşmasında mühüm fəaliyyəti qeyd olunub. Dövlət başçısının 7 may 2021-ci il tarixdə imzaladığı Sərəncamla Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək "Xarıbülbül" musiqi festivalının əhəmiyyəti vurğulanıb.

Gənc ədliyyə işçiləri və könüllüləri ilə Ulu Öndərin doğum günü münasibətilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda onlayn görüş keçirilib, bir qrup gənc bu ərəfədə könüllü fəaliyyətə cəlb olunub.

Nazirliyin rəhbər işçiləri tərəfindən Ümummilli Liderə həsr olunan bu tədbirlərdə, o cümlədən "Heydər Əliyev və Azərbaycanda yerli özünüidarəetmə" mövzusunda videokonfransda çıxış edilib, dahi liderin yüksək dövlətçilik amallarına daim sadiq qalan ədliyyə işçiləri ölkə başçısının ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri böyük əzm və məsuliyyətlə yerinə yetirəcəklərini söyləyiblər.

Həmçinin Heydər Əliyev muzeyində zəngin və maraqlı ekspozisiyalarla tanışlıq olub, kinozalda filmlər, eləcə də foto və video slaydlar izlənilib. Ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib, nazirliyin sosial şəbəkə səhifələrində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən materiallar paylaşılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez