17-05-2021 | 11:35 2447
– Cənab nazir, ötən il Qələbə ili kimi yaddaşlarda qaldı. Bu Qələbəni həm də dövlətimizin hərtərəfli inkişafı şərtləndirmişdir. Bu mənada ədliyyə sahəsində islahatlar, o cümlədən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı xüsusi qeyd olunmalıdır. Fərmandan irəli gələrək ötən dövrdə məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər barədə fikirləriniz maraqlı olardı.
– İlk öncə, müsahibə üçün təşəkkürümü bildirirəm.
Fərəhli haldır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində
xalqımızın Böyük Qələbəsi ilə doğma torpaqlarımız erməni işğalından azad edilərək
ərazi bütövlüyümüz bərpa olunub və artıq ölkəmiz böyük quruculuq dövrünə qədəm
qoyub.
Şübhəsiz ki, cənab Prezidentin ölkə başçısı kimi 17 illik
fəaliyyəti ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan
dövlətinin daha da möhkəmlənməsinə, onun iqtisadi və hərbi cəhətdən
qüdrətlənməsinə yönələrək bu möhtəşəm qələbəmizi şərtləndirib. Dövlət
başçısının qeyd etdiyi kimi, "Bu gün müstəqil Azərbaycan dövləti özünün ən
şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır".
Nüfuzlu beynəlxalq maliyyə qurumlarının hesabatlarında ölkəmizin inklüziv
inkişaf indeksi üzrə 3-cü yerdə olması, dövlətin siyasi sabitliyi təmin
etməsinə və hökumətin uzunmüddətli strategiyasına görə 10-11-ci yerlərdə
qərarlaşması və bir daha dünyanın ən islahatçı 10 ölkəsi sırasına daxil
edilməsi bunun əyani təzahürüdür.
Eyni zamanda, insanların rifahının yaxşılaşması, sosial
xidmətlərin asan, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi
sahəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə önəmli layihələrin gerçəkləşməsi xüsusi qeyd olunmalıdır.
Ədliyyə və məhkəmə sisteminin inkişafı da cənab Prezidentin
rəhbərliyi ilə aparılan hərtərəfli islahatların real təzahürü kimi
qiymətləndirilməlidir.
Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların
dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və
məhkəmə sistemi üçün mühüm "yol xəritəsi" olmaqla bu sahədə
islahatların yeni mərhələdə davamına rəvac vermişdir. Artıq Fərmanın qəbulundan
iki il ötür və onun icrası ilə bağlı bu müddət ərzində kompleks qanunvericilik,
institusional və praktiki tədbirlər görülmüşdür.
İlk növbədə, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə
və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi işçi qrupu
yaradılaraq Fərmanda qoyulmuş tapşırıqlar üzrə təhlillər aparılmış, beynəlxalq
təcrübə öyrənilmiş, kommersiya məhkəmələrinin təşkili, cəza siyasətinin
humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər
məsələlərlə bağlı 40-dək normativ aktın layihəsi işlənib hazırlanmış və artıq
əksəriyyəti ölkə Prezidentinin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul
edilmişdir.
Həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası işinin
yaxşılaşdırılması üzrə zəruri tədbirlər görülmüş, icra sahəsində fəaliyyəti
tənzimləyən normativ aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra
Məcəlləsinin, habelə alternativ mexanizmlərin, o cümlədən özəl icranın tətbiqi
ilə bağlı "Özəl icra haqqında" Qanunun layihəsi işlənib hazırlanmışdır.
Bu sahədə xarici təcrübənin öyrənilməsi üçün beynəlxalq təşkilatlarla səmərəli
əlaqələr qurulmuş, bu institutun ölkəmizdə tətbiqinin mümkünlüyü müəyyən
edilmişdir.
Bununla yanaşı, məhkəmə ekspertizası fəaliyyətinin
təkmilləşdirilməsi, o cümlədən özəl ekspertizanın tətbiqi ilə bağlı qabaqcıl
beynəlxalq təcrübə nəzərə alınaraq qanunvericilikdə mühüm dəyişikliklər
edilmiş, Nazirlər Kabinetinin 29 iyun 2020-ci il tarixli qərarları ilə
"Məhkəmə ekspertinin etik davranış kodeksi", "Məhkəmə Ekspertizası
Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin
Reyestrə daxil edilməsi Qaydaları" və "Məhkəmə ekspertizasının
metodik fondunun yaradılması və istifadəsi Qaydaları" təsdiq olunmuşdur.
Dövlət başçısı tərəfindən vətəndaşların rifahının yüksəldilməsinə
xidmət edən sosialyönümlü tədbirlərin tərkib hissəsi olaraq hakimlərin
əməkhaqları əhəmiyyətli dərəcədə artırılmış, habelə məhkəmə aparatı işçilərinin
sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı yeni layihələr hazırlanmışdır.
Fərmanla ayrılmış 200 yeni hakim ştatının yüksək hazırlığa və
mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi
məqsədilə hakimlərin seçilməsi qaydaları təkmilləşdirilmiş, bu prosesdə
çeviklik artırılmışdır. İmtahanların müasir texnologiyalar tətbiq edilməklə,
200-250 nəfərlik qruplarla, fasiləsiz olaraq keçirilməsi, namizədlərin sualları
kompüter vasitəsilə cavablandırması və nəticələrin dərhal elanı təsbit
olunmuşdur.
Hakimlərin Seçki Komitəsi tərəfindən müsabiqələr xüsusi karantin
rejimi qaydalarına riayət olunmaqla davam etdirilmiş, hakimliyə namizədlərin
keyfiyyətli distant təlimi təşkil olunmuşdur. 44 nəfər namizəd bütün
imtahanları, o cümlədən yarım illik tədrisi və məhkəmələrdə stajkeçməni uğurla
başa vurmuş və dövlət başçısının 03.02.2021-ci il tarixli Sərəncamı ilə
müxtəlif birinci instansiya məhkəmələrinə təyin edilmişlər.
Bununla yanaşı hakimlərin seçilməsi prosesi davam edir. Test və
yazılı imtahandan uğurla keçmiş növbəti 64 nəfər hakimliyə namizədlə şifahi
imtahanlara başlanılmışdır. 230 hüquqşünasla isə mart ayının 3-də test imtahanı
keçirilmiş və 157 nəfər uğur qazanaraq növbəti mərhələyə buraxılmışdır.
Fərmanın icrası çərçivəsində ötən il Məhkəmə-Hüquq Şurasının
qərarı ilə "Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları" təsdiq
edilmiş, onun elektron proqram təminatı hazırlanmışdır. Qaydalara uyğun olaraq
100-dən çox hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya
məhkəmələrinin, habelə müvafiq məhkəmə sədrlərinin rəyləri, Ədliyyə
Nazirliyinin məlumatları, digər aidiyyəti materiallar toplanılmış, zəruri
təhlillər aparılmış və yekun rəylər hazırlanmışdır.
Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və
obyektivliyin təmin olunması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən
məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan
qaldırılmışdır. Fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə
qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanmışdır.
Eyni zamanda ölkə üzrə bütün məhkəmələrin 60%-ni əhatə edən
"Elektron məhkəmə" informasiya sisteminin tətbiqinin
genişləndirilməsi və funksionallığının artırılması ilə bağlı Dünya Bankı ilə
birgə əməkdaşlıqda əməli tədbirlər görülmüşdür. Dövlət başçısının 01.06.2020-ci
il tarixli Fərmanı ilə sistemin Əsasnaməsi təsdiq olunaraq fəaliyyətinin hüquqi
əsasları müəyyən edilmiş, e-məhkəmənin digər qurumların informasiya sistemləri
ilə qarşılıqlı inteqrasiyası təmin olunmuşdur. Həmçinin elektron resursun
istifadəçiləri və iştirakçılarında yarana biləcək suallarla bağlı "Qaynar
xətt" təşkil edilmiş, məhkəmə sisteminə əlçatanlığın asanlaşdırılması
məqsədilə informasiya sisteminin mobil versiyası istifadəyə verilmişdir.
Qlobal pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi
şəraitində məhkəmələrdə işlərə baxılmasının məhdudlaşdırıldığı nəzərə alınaraq
məhkəmə proseslərinin «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə distant
aparılması üçün xüsusi proqram modulu hazırlanmış və bir çox işlərə video
bağlantı ilə baxılması təmin edilmişdir. Operativ olaraq qanunvericiliyə dəyişikliklərin
edilməsi cinayət işlərinə də bu formatda baxılmasını mümkün etmişdir.
İlk növbədə, buna dövlət başçısının tapşırığı ilə məhkəmə
infrastrukturunun müasirləşdirilməsi üzrə görülən ardıcıl tədbirlər imkan
vermişdir. Bu sahədə Dünya Bankı ilə birgə həyata keçirilən layihə
çərçivəsində ötən dövrdə paytaxtda və bölgələrdə 20 məhkəmə üçün
konseptual baxımdan yeni bina və komplekslər inşa olunmuş və onlar
"Elektron məhkəmə" informasiya sistemi və digər İKT ilə təchiz
olunaraq, yüksək texnoloji (hi-tech) məhkəmələrə çevrilmişlər.
Xüsusilə vurğulamalıyam ki, yeni məhkəmə bina və komplekslərinin
bir çoxunun açılışları möhtərəm Prezidentimiz tərəfindən şəxsən həyata
keçirilmişdir.
Qeyd olunmalıdır ki, bu sahədə nailiyyətlərimizə beynəlxalq maraq
artaraq bir çox dövlətlər müsbət təcrübəmizdən bəhrələnirlər. Təsadüfi deyil
ki, Dünya Bankı Azərbaycanda ədliyyə sahəsindəki layihəni ən uğurlularından
biri kimi qiymətləndirərək "Vətəndaşlara daha yüksək keyfiyyətli
xidmətlərin göstərilməsi üçün innovativ üsulların yaradılması və tətbiqi"
nominasiyalarının qalibi elan etmişdir.
Bundan əlavə mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə
olan mediasiyanın tətbiqi üzrə önəmli addımlar atılmış, o cümlədən
"Mediasiya haqqında Qanun" qəbul edilmiş, həmin Qanuna və 3 aprel
tarixli Fərmana uyğun olaraq Mediasiya Şurası yaradılmış, Ədliyyə
Akademiyasında beynəlxalq ekspertlər cəlb olunmaqla mediasiya üzrə təlimçilər
hazırlanmış və mediatorluğa namizədlər hazırlıq kursları keçməklə sertifikat
əldə etmişlər.
Ölkəmizdə arbitraj institutunun təşviqi məqsədilə qanunvericiliyin
təkmilləşdirilməsi ilə bağlı bu sahədə bir sıra dövlətlərin, o cümlədən
Almaniya, Avstriya, Danimarka, Norveç və Gürcüstanın təcrübələri, habelə
UNCİTRAL Model Arbitraj Qanunu nəzərdən keçirilmiş və "Beynəlxalq arbitraj
haqqında" Azərbaycan Respublikasının Qanununa və Mülki Prosessual
Məcəlləyə dəyişikliklərlə bağlı yeni layihələr hazırlanaraq aidiyyəti üzrə
təqdim olunmuşdur.
Qeyd etməliyəm ki, dünyada hökm sürən COVİD-19 qlobal pandemiyası
ilə əlaqədar ölkəmizdə sərt karantin rejiminin tətbiq olunduğu ötən ildə
Fərmanın icrası daim diqqətdə saxlanılaraq ardıcıl tədbirlər görülmüşdür.
Şübhəsiz ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması,
işin yeni çağırışlara uyğun təkmilləşdirilməsi üzrə hələ qarşımızda mühüm
vəzifələr dayanır. Məhkəmələrə ictimai etimadın artırılması, əlçatanlığın
yaxşılaşdırılması, «Elektron məhkəmə» informasiya sisteminin ölkənin bütün
ərazisində tətbiqi, hakim korpusunun peşəkar hüquqşünaslarla
möhkəmləndirilməsi, korrupsiya və digər neqativ hallara qarşı mübarizənin
gücləndirilməsi əsas prioritetlərimizdəndir.
– Azərbaycanda cəza siyasətinin
humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair
qanunvericilikdə bir sıra yeniliklər təsbit olunub. Bu tədbirlərin tətbiq
olunması təcrübəsi nə səviyyədədir və onların davam etdirilməsi gözlənilirmi?
– Humanizm ideyalarına daim sadiq olan ölkə
Prezidenti tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görülən
tədbirlərin son illər davamlı xarakter alması xüsusi qeyd olunmalıdır. Belə ki,
ölkə Prezidentinin təşəbbüsü ilə 2016-ci ildə cinayət qanunvericiliyinə mühüm
dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması
ilə yüzlərlə məhkum müxtəlif cəzalardan azad olunmuşdur.
Dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamı isə bu
sahədə müstəsna əhəmiyyət kəsb etmiş, cəza siyasəti xeyli humanistləşdirilmiş,
azadlıqdan məhrum etməyə alternativ cəzaların tətbiqi genişləndirilmişdir. Bu
mühüm sənədin icrası çərçivəsində ölkə Prezidentinin qanunvericilik təşəbbüsü
ilə Parlament tərəfindən qəbul olunmuş 2017-ci il 20 oktyabr tarixli Qanunla
Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilmişdir ki, bura
humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumetmə cəzalarının
azaldılması daxildir. Həmçinin, bəzi cinayət əməlləri dekriminallaşdırılmış,
müvafiq maddələrin sanksiyasına alternativ cəzalar daxil edilmiş, azadlığın
məhdudlaşdırılması yeni cəza növü təsbit olunmuşdur.
Eyni zamanda azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli
icrası məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılmış və qısa
müddətdə elektron nəzarət vasitələri (elektron qolbaqlar) tətbiq olunmaqla
həmin cəzaların icrasına effektiv nəzarətin həyata keçirilməsi öz səmərəsini
vermişdir. Hazırda elektron nəzarət vasitələrinin tətbiqi genişləndirilərək
2.700-ə yaxın məhkum elektron qolbaq daşıyır.
Dövlət başçısının humanistliyinin növbəti təzahürü olaraq 2019-cu
il 3 aprel tarixli Fərmanı ilə cəza siyasətinin humanistləşdirilməsi və
cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi
tapşırılmışdır.
Bununla əlaqədar cinayət qanunvericiliyi ətraflı təhlil olunmuş,
Prezident Administrasiyası, Ali Məhkəmə və Baş Prokurorluqla birgə yeni qanun
layihələri hazırlanaraq ölkə başçısının qanunvericilik təşəbbüsü ilə Parlament
tərəfindən qəbul olunmuşdur.
Belə ki, 2020-ci il mayın 1-də qəbul olunmuş Qanunla cinayət
qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllər dekriminallaşdırılmış,
zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət
məsuliyyətindən azad etmə müəyyən olunmuş, azadlıqdan məhrumetməyə alternativ
cəzaların tətbiqi genişləndirilmiş, bəzi cəzalar yüngülləşdirilmişdir.
Beləliklə, ötən dövrdə cəza siyasətinin humanistləşdirilməsi ilə
bağlı yeni qanunvericiliyə əsasən 2.100-ə yaxın məhkum cəzadan tamamilə azad
edilmiş, 3.300-dən artıq məhkumun cəza müddəti azaldılmışdır.
Bununla yanaşı, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq
məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli
müəssisəyə keçirmə institutunun tətbiqi davamlı xarakter almış, bu məqsədlə
vətəndaş cəmiyyəti nümayəndələrinin təmsil olunduğu Penitensiar xidmətdə
fəaliyyət göstərən xüsusi Komissiya tərəfindən mütəmadi olaraq, o cümlədən
xüsusi karantin rejimi şəraitində iclaslar video-konfrans formatında
keçirilərək məhkumların işləri öyrənilmiş, özləri ilə söhbətlər aparılmış və
islah yoluna düşməsi məsələsinə qiymət verilərək müvafiq rəylər məhkəməyə təqdim
olunmuşdur.
Təkcə ötən il məhkəmələr tərəfindən 2.300-ə yaxın məhkum cəzadan
şərti olaraq vaxtından əvvəl azad olunmuş və ya yüngül rejimli müəssisəyə
keçirilmişdir. Bununla yanaşı, 740 nəfər ev dustaqlığı və digər alternativ
qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilmişlər.
Qeyd olunmalıdır ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş humanizm ənənələrinə daim sadiqlik nümayiş etdirilir,
əfvetmə və amnistiya institutları işlək mexanizmlər əsasında davamlı olaraq
geniş tətbiq olunur. Təkcə onu demək kifayətdir ki, ötən il pandemiya
şəraitində yaşı 65-dən yuxarı olan məhkumların əksəriyyəti respublika
Prezidenti tərəfindən əfv olunmuşdur. Dövlət başçısının Novruz bayramı
ərəfəsində, martın 18-də imzaladığı 625 nəfəri əhatə edən əfv Sərəncamı
müstəqillik dövrümüzün ən böyük əfvlərindən olmaqla minlərlə ailəyə sevinc bəxş
etmişdir. Sərəncamla həmin şəxslərdən 475-i azadlığa buraxılmış, 98 nəfərin
cəzası yarıyadək azaldılmış, 3 nəfərin ömürlük azadlıqdan məhrumetmə cəzası 25
il müddətlə əvəzlənmiş, 49 nəfər isə digər cəzalardan azad edilmişlər. Onların
sırasında xarici ölkələrin vətəndaşları da olmuşdur.
Eyni zamanda humanizm ideyalarını həyata keçirmək, mərhəmət,
insanpərvərlik məfkurəsindən çıxış etmək respublikamızın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev
Fondunun da başlıca məramlarından biridir. Təsadüfi deyil ki, Mehriban xanımın
təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş və on minlərlə insanı əhatə
edən amnistiya aktları cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə
yenidən inteqrasiyasına xidmət etmişdir.
Cəmiyyətimizdə rəğbətlə qarşılanan humanist tədbirlər, həmçinin
cəza çəkən digər məhkumların islahına öz müsbət həvəsləndirici təsirini
göstərərək, onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq edir, haqqa, ədalətə
inamını artırır.
– Sahibkarların məhkəməyə müraciət imkanlarının
asanlaşdırılması məqsədilə ölkəmizdə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.
Yeni yaradılan məhkəmələrin ilk təcrübələri barədə nə deyə bilərsiniz?
– Dövlət başçısının 2019-cu il 3 aprel tarixli
Fərmanında mühüm yeniliklərdən biri sahibkarların məhkəmələrə müraciət
imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə baxılması
üçün ayrıca məhkəmənin təsis edilməsidir.
Bildirməliyəm ki, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması
dövlət başçısının daim diqqət mərkəzində olmuş və bu problemi həll etmək,
məhkəmələri insanlara, hüquqi şəxslərə yaxınlaşdırmaq üçün son dövrlər xeyli iş
görülmüş, məhkəmə sisteminin quruluşunda önəmli dəyişikliklər edilmişdir.
Hələ 2007-ci ildə respublikamızın regionlarında apelyasiya və
iqtisad məhkəmələri, 2011-ci ildə isə digər regional məhkəmələr təsis edilmiş,
habelə insan hüquqlarının təminatında mühüm rol oynayan inzibati ədliyyə
institutu yaradılmış, bütün bölgələrdə inzibati-iqtisadi məhkəmələr
formalaşdırılmışdır.
Məhkəmələrdə ixtisaslaşmanın aparılması bu gün bütün dünyada
ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ən faydalı üsullardan
biri hesab olunur. Ölkəmiz də bu istiqamətdə zəruri addımlar ataraq
iqtisadiyyatımızın inkişafının bugünkü səviyyəsində sahibkarlıqla bağlı
mübahisələrə baxılması işinin təkmilləşdirilməsi məqsədilə cənab Prezidentin
tapşırığı ilə bu fəaliyyətlə əlaqədar yeni ixtisaslaşmış məhkəmələr yaradılmışdır.
Bununla əlaqədar beynəlxalq təcrübə öyrənilmiş, müxtəlif
dövlətlərdə mövcud olan belə məhkəmə modelləri nəzərdən keçirilərək ölkəmiz
üçün ən məqbul təcrübə seçilmiş və Azərbaycan Prezidentinin 2019-cu il 19 iyul
tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə
Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni
Kommersiya və ayrıca İnzibati məhkəmələr təsis edilmişdir.
2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayan həmin məhkəmələrin
yurisdiksiyasının müəyyən edilməsi, müvafiq bina, avadanlıq, digər
təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının
formalaşdırılması üzrə tədbirlər görülmüş və məhkəmələr müvafiq sahədə daha
dərin hüquqi bilik və təcrübəyə malik hakimlərlə komplektləşdirilmişdir.
Həmçinin, kommersiya işlərinə çevik baxılması üçün iddiaların elektron qəbulu
və elektron sənəd dövriyyəsi təsbit olunmuş, əlçatanlığın effektiv müəyyən
edilməsi nəticəsində kommersiya işlərinin sayı 50%-dək artmışdır.
Ötən il kommersiya məhkəmələri tərəfindən pandemiya
məhdudiyyətləri nəzərə alınmaqla 7.200-ə yaxın işə baxılmış, iddiaların 94
faizi təmin olunmuşdur. Kommersiya mübahisələri üzrə yekun qərarların 80 faizi
ilə tərəflər razılaşmış, başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti
verilməmişdir. Xüsusilə vurğulamalıyam ki, kommersiya məhkəmələrinin yekun
qərarlarının 96%-nin dəyişdirilməyərək sabit qalması sahibkarlıqla bağlı
mübahisələrə ixtisaslaşdırılmış qaydada daha peşəkar və effektiv baxılmasının
göstəricisidir.
– Fikrət müəllim, işğaldan azad olunan
ərazilərimizdə məhkəmə-hüquq sisteminin qurulması xüsusi yanaşma tələb edir.
Məsələn, həmin ərazilərin rayon məhkəmələri mövcuddur, lakin regional
məhkəmələrin yaradılmasına, hər şeydən əvvəl onların inzibati binalarının
inşasına ehtiyac var. Ümumiyyətlə, bu məsələlər necə həll olunacaq və bu
istiqamətdə hansı layihələr, planlar müzakirə edilir?
– Böyük Qələbəmizdən sonra dövlət başçısının və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş
ərazilərə müntəzəm səfərləri və görülən tədbirlər doğma torpaqlarımızın
dirçəldilməsinin təminatıdır.
Həmin ərazilərin yenidən bərpası, geniş quruculuq işlərinin
aparılması təsadüfi deyil. Çünki Ermənistan 30 il işğal altında saxladıqları
torpaqlarımızı büsbütün viran etmiş, tarixi, mədəni, dini abidələrimizi, mülki
infrastruktur, dövlət və strateji obyektləri məhv etmiş, təbii sərvətlərimizi
talan etmiş, ekoloji fəlakət törətmişdir.
Qeyd etmək istərdim ki, Ədliyyə Nazirliyi tərəfindən düşmənin
işğalçılıq faktları və müharibə cinayətləri ilə bağlı xarici ölkələrin ədliyyə
nazirliklərinə və nüfuzlu beynəlxalq təşkilatlara 400-ə yaxın müraciətlər
ünvanlanmışdır. Dünya ictimaiyyətinin düzgün və dolğun məlumatlandırılması
məqsədi daşıyan müraciətlər reaksiyasız qalmamış, bəzi dövlətlər münasibət
bildirərək bölgəyə humanitar yardım məqsədilə dəstək göstərilməsini bildirmiş,
beynəlxalq hüquq çərçivəsində öhdəliklərə hörmət edilməsinə, bütün qanun
pozuntularının araşdırılacağına ümidvar olduqlarını ifadə etmişlər.
Yeri gəlmişkən, Ermənistanın hərbi cinayətləri bu ilin mart ayında
Yaponiyada BMT-yə üzv dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların yüksək
rəsmilərinin iştirakı ilə keçirilmiş BMT-nin Cinayətkarlığın qarşısının
alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresində də ifşa edilmişdir.
Belə ki, Konqresdə Azərbaycan, həmçinin ölkəmizin sədrlik etdiyi
Qoşulmama Hərəkatına üzv olan 120 dövlət adından Azərbaycan nümayəndə heyətinin
rəhbəri kimi tərəfimdən çıxış edilərək ölkə Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın 30 illik erməni işğalından
azad olunduğu, təcavüzkar düşmənin törətdiyi müharibə cinayətləri, xüsusilə
Ermənistan tərəfindən beynəlxalq normalara zidd olaraq xarici ölkələrdən olan
terrorçu muzdluların cəlb edilməsi, erməni diasporu tərəfindən aldatma və digər
qanunsuz yollarla silah və sursatların alınması və humanitar yardım adı altında
münaqişə zonasına mülki aviasiya vasitəsilə qanunsuz göndərilməsi tədbir
iştirakçılarının diqqətinə çatdırılmışdır.
Həmçinin işğal dövründə torpaqlarımızın yerlə-yeksan edildiyi,
bütün infrastrukturun dağıdıldığı, o cümlədən tarixi, mədəni və dini abidələrin
məhv olunması ya da talanması faktları vurğulanmış, həmin ərazilərin
qeyri-qanuni iqtisadi fəaliyyət, narkotrafik və digər cinayət əməlləri üçün
istifadə olunması qeyd edilmişdir.
Konqres iştirakçılarının və bütün dünya hüquq ictimaiyyətinin
diqqəti Ermənistanın bu cinayət əməllərinə cəlb olunmuş, sülh üçün təhlükə olan
bu əməlləri törədənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı bütün dövlətlərə
çağırış olunmuşdur.
Qoşulmama Hərəkatı adından çıxış edilərkən Kioto Konqresinin
gündəliyindən irəli gələn məsələlərlə bağlı Hərəkatın mövqeyini əks etdirən
bəyanat barədə məlumat verilmişdir. Qoşulmama Hərəkatının bütün üzv
dövlətlərinin razılığı ilə qəbul edilərək yayımlanmış bəyanatda Azərbaycan
tərəfinin təkliflərinə uyğun olaraq xeyriyyə təşkilatlarından terrorçuluğun
maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinin qarşısının alınması,
münaqişə dövründə vandalizm aktları, mədəni irsin dağıdılması və ya talanması
ilə bağlı böyük narahatlıq ifadə olunaraq bu halların aradan qaldırılmasına,
qanunsuz çıxarılmış mədəni mülkiyyətin qanuni sahibinə geri qaytarılması ilə
bağlı çağırışlar təsbit olunmuşdur.
Konqres iştirakçılarının diqqətini cəlb edən bu əsaslı
ittihamlardan yayınmaq istəyən Ermənistan tərəfi ölkəmiz və Türkiyə ilə bağlı
uydurma fikirlər söyləmiş, lakin Azərbaycan nümayəndə heyətinin tutarlı
dəlilləri ilə onların yalanları tam ifşa olunmuşdur.
Bildirməliyəm ki, iclasda qlobal cinayətkarlıqla mübarizə üzrə
səylərin gücləndirilməsinə dair qəbul olunmuş 5 illik proqram xarakterli Kioto
Bəyannaməsində Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən
müddəalar tam əksini tapmışdır.
Hazırda ermənilər tərəfindən işğal dövründə dağıdılmış
torpaqlarımızın bərpa olunması, bir milyondan çox keçmiş məcburi
köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtması üçün həmin ərazilərin yenidən
həyata qaytarılması ilə bağlı genişmiqyaslı quruculuq işləri aparılır.
Həmin ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili
məsələləri qarşımızda duran ən ümdə vəzifələrdir. Bununla əlaqədar dövlət
başçısının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi
idarəetmənin təşkilinə dair tapşırıqlarına uyğun olaraq Ədliyyə
Nazirliyi üzrə 01.11.2020-ci il tarixli əmrlə kompleks tədbirlər müəyyən
olunmuş, o cümlədən ədliyyə nazirinin rəhbərliyi ilə Qərargah yaradılmış,
zəruri təşkilati işlər görülmüşdür.
Qeyd etməliyəm ki, nazirlik tərəfindən strukturuna daxil olan
yerli və regional qurumlar vasitəsilə insanlara hüquqi xidmətlərin göstərilməsi
sahəsində çoxşaxəli fəaliyyət göstərir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət
qeydiyyatını aparır, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının
keçirilməsini, məhkəmə qərarlarının icrasını və probasiya nəzarətini təmin
edir, bələdiyyələrə metodoloji yardım göstərir, inzibati nəzarət həyata keçirir
və s.
Həmin ərazilərdə bu sahədə fəaliyyətin təşkili və ədliyyə
orqanlarının işinin əlaqələndirilməsi məqsədilə Qarabağ regional ədliyyə
idarəsi yaradılmışdır.
Məhkəmələrin fəaliyyətinə gəlincə isə, həmin rayonların
məhkəmələri əvvəlki illərdə olduğu kimi, işğal dövründə də fəaliyyətlərini
əhalisinin daha sıx məskunlaşdığı digər bölgələrdə davam etdirmişdir.
İndi torpaqlarımız işğaldan azad olunmuşdur və sözsüz ki, həmin
məhkəmələr bütün infrastruktur bərpa olunduqdan və soydaşlarımız öz
torpaqlarına qayıtdıqdan sonra yenidən öz ərazilərində fəaliyyət göstərəcəklər.
Eyni zamanda, gələcəkdə həmin bölgədə aidiyyəti yeni regional apellyasiya və
ixtisaslaşmış – kommersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin
yaradılması nəzərdə tutulur.
Bildirməliyəm ki, bu sahədə fəaliyyətimiz ölkə Prezidentinin
24.11.2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı ilə koordinasiyada
qurulmuşdur və hazırda işğal nəticəsində ədliyyə və məhkəmə orqanlarına dəymiş
ziyanın dəqiqləşdirilməsi və onların fəaliyyətinin bərpası ilə bağlı zəruri
tədbirlər görülür.
– Ədliyyə sistemində bir çox elektron xidmətlər
göstərilir. Perspektivdə hansı yeni sahələrin elektron xidmətlərə keçməsi
gözlənilir?
– Ədliyyənin müxtəlif sahələrində elektron
xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə daim xüsusi
diqqət yetirilir. Hazırda nazirlik tərəfindən əhaliyə 31 elektron xidmət
göstərilir ki, 2020-ci ildə bu xidmətlərdən istifadə sayı 1,4 milyonu ötmüşdür.
Pandemiya İKT-lərin geniş tətbiqini və fəaliyyətin onlayn rejimə keçməsini
stimullaşdırmış və bu baxımdan ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı elektron
xidmətlərin tətbiqi karantin dövründə vətəndaşların bu orqanlara əlçatanlığını
xeyli asanlaşdırmışdır.
Tətbiq olunan innovasiyalarla bağlı qısaca məlumat vermək
istərdim. Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar "elektron
notariat çantası" hazırlanaraq notariusların istifadəsinə verilmişdir ki,
elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa
çıxışı olan həmin çanta vasitəsilə istənilən yerdə hər hansı notariat
hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür.
Maraqlı yeniliklərdən biri də "Elektron ədliyyə
köşkü"dür. Sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında
quraşdırılan bu "köşk" vətəndaşlara video əlaqə vasitəsilə 24 saat
ərzində notariat xidmətlərinin məsafədən göstərilməsinə və müvafiq sənədlərin
əldə edilməsinə imkan verir.
Həmçinin Azərbaycanın məhsulu olan "Mobil notariat"
tətbiqi son zamanlar vətəndaşların daha çox bəhrələndiyi innovasiyalardan
biridir. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat
kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların
yüklənməsi təmin edilir. Pandemiya dövründə bu tətbiqin funksionallığı
genişləndirilmişdir. Artıq tətbiq üzərindən istifadəçilər notariat ofisinə
getmədən notariusla video əlaqə yaradaraq nəqliyyat vasitələrinin idarə
olunması və ona sərəncam verilməsi, habelə hüquqi yardımla bağlı vəkilə verilən
və bəzi digər etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanına malikdirlər.
Hazırda istifadəçilərinin sayı 110.000-dən çox olan "Mobil
notariat" üzərindən bu yaxınlarda vətəndaşlara yeni əlavə – banklarda
təmsilçilik məqsədilə verilən etibarnamələrin, eləcə də yetkinlik yaşına
çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən
yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələrin elektron
qaydada videoyazı vasitəsilə rəsmiləşdirilməsi imkanları yaradılmışdır.
Bank əməliyyatları üçün zəruri olan notariat hərəkətlərinin video
əlaqə vasitəsilə rəsmiləşdirilməsi məqsədilə banklarda müvafiq avadanlıqla
təchiz edilmiş notariat kabinəsi quraşdırılmışdır. Eyni xidmətlər, həmçinin
böyük sosial əhəmiyyətə malik olan “DOST” mərkəzlərində də göstərilir.
Bununla yanaşı, məhkəmə xidmətlərinə əlçatanlığın artırılması
məqsədilə "Elektron məhkəmə" informasiya sisteminin mobil versiyası
mövcuddur. "Mobil məhkəmə" tətbiqi üzərindən istifadəçilər
"Şəxsi kabineti" vasitəsilə sistemin açdığı bütün imkanlardan
yerləşdiyi yerdən asılı olmayaraq öz mobil cihazı vasitəsilə istifadə edə
bilərlər. Hazırda "Mobil məhkəmə" vasitəsilə birinci instansiya
məhkəmələri tərəfindən qəbul olunan qərarlardan apellyasiya şikayətinin
verilməsi imkanın yaradılması üzrə tədbirlər görülür.
Eyni zamanda, borclu şəxslərə aliment, kredit, cərimə və digər
icra ödənişlərinin "ASAN ödəniş" və "Elektron hökumət"
portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə onlayn qaydada və ya
terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin –
uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə təmin edilməsi imkanının yaradılması
məhkəmə qərarlarının icrasının səmərəsini artırmışdır.
Hazırda icra xidməti sahəsində fiziki və hüquqi şəxslərə tərəf
olduqları icra işləri barədə məlumatın verilməsi, habelə doğumun və ölümün
dövlət qeydiyyatının elektron qaydada həyata keçirilməsi və digər fəaliyyət
istiqamətləri üzrə e-xidmətlərin genişləndirilməsi ilə bağlı işlər aparılır.
– Məhkəmə-hüquq islahatlarının xüsusiyyəti belədir
ki, az qala hər bir dəyişikliyin qanunvericilikdə təsbit olunması tələb olunur.
Bu istiqamətdə Ədliyyə Nazirliyi ilə ölkənin qanunverici orqanı olan Milli Məclis
arasında məhkəmə-hüquq sahəsində aparılan islahatlara dair əməkdaşlığın formatı
barədə fikrinizi bilmək istərdik.
– Bu gün Azərbaycan parlamenti səmərəli fəaliyyəti
ilə ölkəmizin hərtərəfli inkişafına dəyərli töhfələr verir, qəbul olunan
qanunlar həyatımızın bütün sahələrini əhatə edir və qanunvericilik bazamız ən
yüksək meyarlara cavab verir. Azərbaycan parlamenti ölkəmizdə çoxpartiyalı
sistemin təkmilləşdirilməsində də önəmli rol oynayır. Ötən il keçirilmiş azad
və şəffaf seçkilər nəticəsində çoxpartiyalı yeni parlament formalaşmış və
müxtəlif partiyaların nümayəndələri Milli Məclisin və komitələrinin
rəhbərliyində təmsil olunurlar.
Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətlərindən biri ölkədə
iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına
yönələn və digər qanunvericiliyin təkmilləşdirilməsində yaxından iştirakla
bağlıdır. Bu prosesdə fəal iştirak edən nazirlik tərəfindən təkcə 2020-ci ildə
1.800-dək qanunvericilik aktı layihəsi hazırlanmış, 3.300-ə yaxın akt hüquqi
ekspertizadan keçirilmişdir və qeyd etməliyəm ki, bu sahədə Milli Məclislə
səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilərək, hazırlanan layihələrlə bağlı
mütəmadi olaraq Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər və digər aidiyyəti
komitələrlə birgə müzakirələr, məsləhətləşmələr aparılır.
Dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının icrası
çərçivəsində hazırlanan mühüm qanunvericilik paketlərinin geniş və hərtərəfli
müzakirə olunaraq qəbul olunmasında Milli Məclisin fəaliyyətini xüsusilə
vurğulamaq istərdim.
Eyni zamanda Milli Məclisin məhkəmə hakimiyyətinin müstəqil
özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasında təmsil olunması, onun
nümayəndəsinin problemlərlə bilavasitə tanışlığı və onların həllində iştirakı
məhkəmə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin
təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, Şuranın
15 illik fəaliyyəti dövründə "Məhkəmələr və hakimlər haqqında" və
"Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara 60-a yaxın dəyişikliklər
edilmişdir. Onların bir çoxu məhz Şurada təmsil olunan Milli Məclisin
nümayəndəsinin təşəbbüsü ilə qəbul olunmuşdur.
Təsadüfi deyil ki, bu sahədə islahatlarımız və nailiyyətlərimiz
beynəlxalq maraq doğuraraq təqdir edilir, Avropanın nüfuzlu mükafatlara, o
cümlədən "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq bilinir,
hakimlərin seçim proseduru şəffaflığına və obyektivliyinə görə Avropa Şurası və
Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilərək digər dövlətlərə
tövsiyə olunur. Qeyd etməliyəm ki, hakim korpusunun formalaşdırılması işinə də
Milli Məclis öz töhfəsini verir. Belə ki, yuxarı instansiya məhkəmələrinin
hakimləri məhz parlament tərəfindən təyin olunurlar.
Bununla yanaşı, ali qanunverici orqan olan Milli Məclis hökumətin,
bələdiyyələrin və s. hesabatlarını dinləyir. Millət vəkillərinin dəyərli fikir
və təklifləri fəaliyyətimizin təkmilləşdirilməsində mühüm rol oynayır,
qaldırılan hər bir məsələ tərəfimizdən hərtərəfli araşdırma predmeti olur,
zərurət olduqda müvafiq tədbirlər görülür və Milli Məclis operativ və müfəssəl
məlumatlandırılır. Bununla yanaşı, ədliyyə fəaliyyəti ilə bağlı deputatlardan
daxil olan ayrı-ayrı sorğulara da həssaslıqla yanaşılaraq aidiyyəti üzrə
cavablandırılır.
Həmçinin nazirlik tərəfindən şəffaflığa, ictimai iştirakçılığa
mühüm əhəmiyyət verilərək vətəndaş cəmiyyəti institutları ilə uzun illərdir sıx
əməkdaşlıq edilir və onlar ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə
görülən tədbirlərə mütəmadi cəlb olunurlar. Onların sırasında Milli Məclisin
üzvləri də olur ki, bu çərçivədə də səmərəli qarşılıqlı fəaliyyət həyata
keçiririk.
Eyni zamanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqan olaraq illik məruzələri nazirlik özü Milli Məclisdə müzakirəyə
təqdim edir.
Yeri gəlmişkən, Milli Məclisin bu il martın 9-da keçirilmiş
iclasında bələdiyyələrin fəaliyyəti ilə bağlı 2020-ci il üzrə İllik Məruzə
dinlənilmiş və deputatların bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə
dair irad və təklifləri ilə bağlı zəruri tədbirlərin görülməsi müəyyən
edilmişdir.
Milli Məclisin üzvlərinin Ədliyyə Nazirliyi tərəfindən keçirilən
tədbirlərdə, o cümlədən ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı mötəbər
beynəlxalq konfranslarda, ictimai müzakirələrdə daim yaxından iştirak etmələri xüsusi
qeyd olunmalıdır.
Hesab edirəm ki, ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı görülən
tədbirlər barədə maarifləndirmə işi genişləndirilməlidir ki, bu da
ictimaiyyətin, eyni zamanda parlament üzvlərinin məlumatlılığının artırılması
baxımından olduqca önəm kəsb edir. Bu məqsədlə birgə təqdimatların keçirilməsi,
innovasiyaların tətbiq olunduğu yeni infrastruktura malik məhkəmələrin
fəaliyyəti ilə tanışlıq səfərlərinin təşkil edilməsi, millət vəkillərinin
həmçinin Ədliyyə Akademiyasında keçirilən tədris işinə cəlb olunması,
qanunyaradıcı prosesdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədəmüvafiq
olardı.
Əminəm ki, Ədliyyə Nazirliyi ilə Milli Məclis arasında səmərəli və
işgüzar əməkdaşlıq münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf
edəcəkdir.
Fürsətdən istifadə edib, yeni formalaşmış VI çağırış Milli
Məclisin Sədri Sahibə xanım Qafarova başda olmaqla bütün üzvlərinə ölkəmizin
qanunvericilik bazasının möhkəmləndirilməsi və parlamentarizm ənənələrinin
inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıram.