IMAGE

Ədliyyə naziri Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edib

Mayın 18-dən 22-dək Rusiya Federasiyası Prezidentinin himayəsi altında Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Peterburq Beynəlxalq Hüquq Forumu keçirilir.

Videokonfrans formatında təşkil olunmuş forumda Rusiyanın və xarici ölkələrin dövlət xadimləri, ədliyyə, məhkəmə, prokurorluq və digər qurumların rəhbərləri, müxtəlif hüquq sahələrində tanınmış ekspertlər, dünya şöhrətli alimlər, habelə nüfuzlu hüquq şirkətlərinin və beynəlxalq təşkilatların rəsmi şəxsləri iştirak edirlər.

Tədbir çərçivəsində "Yeni erada ədliyyənin rəqəmsal siması" adlı ədliyyə nazirlərinin sessiyası keçirilib. İnternetdə canlı yayımlanan sessiyada Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov çıxış edib, ölkəmizin bu sahədə müsbət təcrübəsi ilə bölüşüb.

Azərbaycanda İKT-nin inkişafının 2030-cu ilədək sosial-iqtisadi tərəqqinin əsas prioritetlərindən olduğunu bildirən nazir rəqəmsal texnologiyaların tətbiqinin vətəndaş-məmur münasibətlərinin tamamilə yeni səviyyəyə yüksəltdiyini, korrupsiyanın və süründürməçiliyin qarşısını aldığını, bununla da insanların rahatlığına xidmət etdiyini vurğulayıb. Ədliyyə və məhkəmə sahəsində rəqəmsallaşmanın daha geniş tətbiq olunduğunu, qlobal pandemiyanın bu prosesi daha da aktuallaşdırdığını və sürətləndirdiyini qeyd edib.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar çərçivəsində Dünya Bankının iştirakı ilə məhkəmə infrastrukturunun müasirləşdirilərək yüksək texnoloji (hi-tech) məhkəmələrin yaradıldığı, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi vurğulanıb.

Diqqətə çatdırılıb ki, məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə" ədalət mühakiməsinə əlçatanlığı əhəmiyyətli dərəcədə genişləndirir, şəffaflığı və operativliyi təmin edir. Kommersiya mübahisələri üzrə icraat isə artıq bir neçə ildir ki, yalnız elektron qaydada aparılır.

Eyni zamanda tədbir iştirakçıları "Mobil məhkəmə" tətbiqi, süni intellektdən istifadə və s. barədə məlumatlandırılıb, qanunvericiliyə operativ olaraq dəyişikliklər edilərək pandemiya şəraitində məhkəmə işlərinə videokonfrans formatında da baxılmasının təmin olunduğu bildirilib.

Nazir həmçinin, vətəndaşlara göstərilən çoxşaxəli elektron ədliyyə, o cümlədən məsafədən video-əlaqə vasitəsilə göstərilən notariat xidmətlərindən, mobil notariatın tətbiqindən danışaraq bu sahədə nailiyyətlərimizin beynəlxalq maraq doğurduğunu və bir çox xarici dövlətlərin müsbət təcrübəmizdən bəhrələndiyini vurğulayıb. Bu mənada Azərbaycanın "ixrac edilən" brendinə çevrilən "ASAN xidmət"in innovativ fəaliyyəti qeyd olunub.

Çıxışda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş və Ermənistan tərəfindən tamamilə dağıdılmış torpaqlarımızda aparılan genişmiqyaslı bərpa işləri çərçivəsində rəqəmsal texnologiyalar tətbiq olunmaqla "ağıllı şəhər", "ağıllı kənd"lərin yaradılması vurğulanıb.

Peterburq Beynəlxalq Hüquq Forumu öz işini tematik konfranslar və dəyirmi masalarla davam etdirir.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez