05-05-2021 | 18:00 451
Mayın 5-də Azərbayycan Respublikası Milli Məclisinin regional məsələlər komitəsinin və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib.
Konfransda Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Bələdiyyə İşçiləri Həmkarlar komitəsinin nümayəndələri, Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərliyi və nümayəndələri, həmçinin 70-ə yaxın şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri iştirak ediblər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlətçiliyi, həmçinin bütün türk dünyası üçün gördüyü işlərdən danışıb. Ulu öndərin xalqımızı və Azərbaycan dövlətini dünya miqyasında tanıtdığını bildirib. Ömrünü xalqının firavan yaşamasına həsr edən Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.
Tədbirdə həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış qələbəmizdən, XX əsrin 90-cı illərində Azərbaycan dövlətçiliyinin xilasında Ulu Öndərin müstəsna xidmətlərindən, Yeni Azərbaycan Partiyasının yaranmasından, ümummilli liderin Azərbaycanda iqtisadiyyatın və təhsilin inkişafına, hərbi kadrların yetişdirilməsinə və ölkənin müdafiə qüdrətinin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və digər sahələrə xüsusi diqqətindən danışılıb.
Konfranda çıxış edən Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov təcrübəli siyasi və dövlət xadimi Heydər Əliyevin vətəndaşların dövlət idarəetməsində iştirakının ən vacib ünsürü kimi yerli özünüidarəetməyə xüsusi əhəmiyyət verməsini vurğulayıb. Ölkəmizdə bələdiyyə idarəçiliyinin təşkilinin Ulu Öndərin adı ilə bağlı olmasından, onun ölkəyə başçılıq etdiyi dövrdə yerli özünüidarəetmə sahəsində qəbul edilmiş qanunlardan və başqa normativ hüquqi aktlardan bəhs edib. Həmçinin R.Məmmədov bildirib ki, Heydər Əliyev bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən etmiş, onun inkişafına xüsusi diqqət və qayğı göstərmişdir.
Tədbirdə əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən, o cümlədən Ulu Öndərin regionların inkişafına göstərdiyi diqqətdən də söz açılıb.
Tədbirin yekununda Ulu Öndərlə bağlı xatirələr yada salınıb. Azərbaycan tarixində silinməz iz qoyan Heydər Əliyevin azərbaycançılıq ideyası, neft strategiyası, müasir və yenilməz Azərbaycan dövlətinin qurulmasında misilsiz xidmətləri fəxarətlə qeyd olunub.