06-05-2021 | 20:20 407
Mayın 6-da Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən Sumqayıt regional ədliyyə idarəsi ilə birlikdə Abşeron bələdiyyələrinin vəzifəli şəxslərinin iştirakı ilə bələdiyyələrin qarşılaşdıqları aktual problemlər və onların həlli yollarına həsr olunmuş videokonfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov konfransın Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsinə təsadüf etməsini vurğulayaraq görkəmli dövlət xadiminin yerli özünüidarəetmə orqanlarının yaradılmasındakı əvəzsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, ümummilli lider daima Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycanın bugünkü həqiqətlərinin, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb. Təcrübəli siyasi və dövlət xadimi Heydər Əliyev vətəndaşların dövlət idarəetməsində iştirakının ən vacib ünsürü kimi yerli özünüidarəetməyə də xüsusi əhəmiyyət verib. Yerli özünüidarəetməni ölkəmizdə gedən demokratikləşmə prosesinin mühüm bir sahəsi kimi dəyərləndirən ümummilli lider bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən edərək onun inkişafına xüsusi diqqət və qayğı göstərib.
Vurğulanıb ki, Heydər Əliyev siyasi irsinin layiqli davamçısı ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan demokratik və hüquqi dövlət quruculuğunun, iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Belə bir dövrdə bələdiyyələrin yerli səviyyədə cəmiyyət həyatının müxtəlif sahələrində iştiraklarının genişləndirilməsi, fəaliyyətlərini ölkədə həyata keçirilən islahatlar zəminində daha mütəşəkkil qurmaları qarşıda duran əsas məqsədlərdəndir. Bu istiqamətində Ədliyyə Nazirliyi də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək məqsədilə onlarla metodoloji işi davam etdirir.
Konfransda Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində mövcud problemlər və həlli yolları ilə bağlı çıxışlar ediblər. Debitor borcların həlli yolları, ödənişdən yayınan borclu şəxslərlə bağlı pul tələbinə dair bələdiyyələrin inzibati aktlarının qəbulu və məcburi icraya yönəldilməsi tədbirləri, yerli vergi və ödənişlərin uçotu, hesablanması və yığımında olan çatışmazlıqlar, onların aradan qaldırılması yolları, həmçinin bu sahələrdə qanunvericiliyin tələbləri izah edilib, o cümlədən borclu şəxslərlə izahat işinin aparılması və ictimai qınaq kimi təsirli vasitələrdən istifadə olunması tövsiyə olunub. Eyni zamanda konfrans iştirakçıları göstərilən problemlərlə bağlı müsbət iş təcrübəsi olan bələdiyyələr tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatlandırılıb.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bir sıra məsələlərlə bağlı bələdiyyə sədrlərinin təklifləri dinlənilib, bələdiyyə-vətəndaş münasibətlərin düzgün qurulması, o cümlədən vətəndaş müraciətlərinə baxılmasına həssaslıqla yanaşılması, ictimai etimadın artırılması istiqamətində tədbirlər görülməsi, fəaliyyətdə hesabatlılıq və şəffaflığa əməl olunması barədə tövsiyələr verilib.