IMAGE

Bələdiyyələrdə “Gənclərlə iş və idman” komissiyalarının işinin gücləndirilməsi yolları müzakirə edilib

Bakı, 24 may, AZƏRTAC

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı və bələdiyyələrin gənc üzvlərdən ibarət təmsilçilərinin iştirakı ilə “Bələdiyyələrdə gənclərlə iş və idman komissiyalarının işinin gücləndirilməsi” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov ölkə üzrə son bələdiyyə seçkilərindən sonra 40 faizə yaxın bələdiyyə üzvünün fəaliyyət göstərməsini, onların fəallığının artırılması məqsədilə onlayn görüşlərin mütəmadi keçirildiyini, Gənclərlə iş və idman komissiyalarının yaradılması üçün bu ilin martında Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bütün bələdiyyələrə tövsiyə məktubunun göndərilməsini və həmin komissiyaların yaradılması prosesinin davam etdiyini bildiriblər.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Ramin Məmmədov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov videokonfransda çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hər bir azərbaycanlının, xüsusən də gənclərin milli birlik nümayiş etdirməsindən danışıblar. Çıxışlarda dövlətimizin başçısının yürütdüyü çoxşaxəli gənclər siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən, həmçinin bələdiyyə üzvlərinin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrin gənclər tərəfindən daha səmərəli yerinə yetirilməsinin vacibliyindən danışılıb, yaradılmış praktik komissiyaların işinin gücləndirilməsi ilə bağlı praktik təkliflər irəli sürülüb.

“İrəli” İctimai Birliyinin idarə heyətinin sədri Şahin Rəhmanlı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli təmsil olunduqları qurumların fəaliyyəti barədə məlumat verib, gələcəkdə yerli özünüidarəetmə sahəsində çalışan gənc bələdiyyə üzvlərinin reallaşacaq yeni layihələrdə iştirakları ilə bağlı təkliflərini səsləndiriblər.

Onlayn tədbirdə Ankara şəhərinin Etimesqut bələdiyyəsinin Gənclik Şurasının sədri Erhan Göksu Türkiyədə, Nərimanov bələdiyyəsinin gənclər komissiyasının sədri, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü Samirə Hüseynova isə bir sıra Avropa ölkələrində yerli özünüidarəetmədə gənclərin və müvafiq komissiyaların iş təcrübəsindən danışıblar.

Səbail bələdiyyəsinin komissiya sədri Pərvin Nəcəfova, Şirvan bələdiyyəsinin komissiya sədri, 44 günlük Vətən müharibəsinin iştirakçısı Cəlal Əzizzadə təmsil olunduqları bələdiyyələrdə gənclərlə aparılan tədbirlər barədə məlumat verib, yeni layihələrin reallaşması üçün aidiyyəti qurumlarla əməkdaşlığın artırılmasının zəruriliyini qeyd ediblər.

Sonra mövzu ətrafında müzakirələr aparılıb və konfrans iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

Yekunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən yeni komissiyaların işinin gücləndirilməsi məqsədilə belə maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez