17-07-2021 | 09:35 1413
“Mobil notariat”dan istifadənin daha rahat həyata keçirilməsi üçün qeydiyyat proseduru sadələşdirilib
Bakı, 16 iyul, AZƏRTAC
İyulun 16-da Ədliyyə Nazirliyinin feysbukdakı səhifəsində “Notariatın rəqəmsal imkanları” mövzusunda onlayn brifinq təşkil olunub.
AZƏRTAC xəbər verir ki, brifinqdə iştirak edən Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 34 saylı notariat ofisinin notariusu Sübhi Bektaşi notariatın fəaliyyəti, bu sahədə həyata keçirilən yeniliklər, görülən işlər barədə ətraflı məlumat veriblər.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə innovativ metodların və onların mobil versiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Ədliyyə Nazirliyi tərəfindən 2019-cu ildə istifadəyə verilmiş “Mobil notariat” tətbiqi vasitəsilə müxtəlif notariat hərəkətlərinin mobil cihazlar vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi təmin edilir.
Vurğulanıb ki, hazırda 120 minə yaxın istifadəçisi olan “Mobil notariat”ın funksionallığının artırılması üzrə işlər davam etdirilərək, mobil telefon vasitəsilə müxtəlif qurumlarda, o cümlədən dövlət orqanları, idarə, təşkilat və müəssisələrdə, hüquqi şəxslərdə, kommunal xidmət göstərən qurumlarda, mobil operatorlarda təmsilçiliyə dair etibarnamələrin verilməsi imkanı yaradılıb. Bundan əlavə, vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün digər şəxslərə bununla bağlı işlərin aparılması səlahiyyətini verən etibarnamələr də əlavə edilib.
Bildirilib ki, “Mobil notariat” tətbiqi üzərindən daşınmaz əmlaka sərəncam verilməsinə dair ərin, yaxud arvadın, həmin ünvanda qeydiyyatda olan şəxslərin razılıq ərizələrinin elektron qaydada rəsmiləşdirilməsi mümkündür.
“Mobil notariat”dan istifadənin daha rahat həyata keçirilməsi üçün qeydiyyat proseduru sadələşdirilib. Artıq Azərbaycan Respublikasının vətəndaşları olduqları yerdən asılı olmayaraq videoyazı vasitəsilə müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Yeni xidmətlərdən faydalanmaq üçün “AppStore” və “PlayStore” elektron platformalarından ödənişsiz olan “Mobil notariat” tətbiqini yükləməklə, mövcud istifadəçilər isə proqramı yeniləməklə yararlana bilərlər. Növbəti aylarda yeni xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.
Tədbirdə notariatın rəqəmsal imkanlarının digər istiqamətlərinə, eləcə də “Elektron ədliyyə” köşkləri, mobil səyyar xidmət çantalardan istifadə məsələlərinə də toxunulub.
Xüsusi vurğulanıb ki, ötən dövrdə xüsusi notariat institutu geniş tətbiq olunub. Notariat ofislərini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi istifadəyə verilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib. Sənədlərin notarial təsdiqi vətəndaşların ən çox istifadə etdiyi xidmətlərdən biridir. Notariatın rəqəmsal imkanları bütün notariat hərəkətlərini elektron qaydada rəsmiləşdirməyə imkan yaradır.
Onlayn tədbirdə, həmçinin notariat sahəsində yeni texnologiyaların tətbiqi və sair məsələlərlə bağlı sosial şəbəkə istifadəçilərini maraqlandıran suallar cavablandırılıb.