Probasiya nəzarətində olan məhkumların narkotik vasitələrin istifadəsindən çəkindirilməsinə xüsusi diqqət yetirilir

Bakı, 23 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlığın məhdudlaşdırılması və digər alternativ cəzaların icrasına effektiv nəzarətin həyata keçirilməsi təmin olunur, bu zaman müasir İKT-dən istifadə etməklə elektron nəzarət vasitələrinin tətbiqi genişləndirilir.

AZƏRTAC xəbər verir ki, üzərində həmin vasitələr tətbiq edilmiş məhkumların fasiləsiz izlənilməsi məqsədilə Probasiya Xidmətində Elektron Monitorinq Mərkəzi fəaliyyət göstərir.

Ötən dövrdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, habelə şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş 8700-dən çox şəxsə elektron qolbaq tətbiq edilib. Hazırda isə 4000-dən çox məhkum elektron qolbaq daşıyır.

Bundan əlavə, qanunvericiliyə dəyişikliklər edilərək ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası prosesində elektron nəzarət vasitələrinin tətbiqi imkanları yaradılıb. Belə ki, bu sahədə innovasiyaların tətbiqi ictimai işlər təyin edilmiş şəxslərin iş saatlarının elektron qaydada hesablanmasını, həmin işlərin görüldüyü yerlərə vaxtında gəlib-getmələrinə səmərəli nəzarətin həyata keçirilməsini təmin etməklə, bu prosesdə həmçinin sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir. Hazırda ictimai işlər növündə cəza çəkən 90-dək şəxsə elektron qaydada nəzarət həyata keçirilir.

Probasiya Xidməti tərəfindən probasiya qeydiyyatında olan məhkumların islahına, onların cəmiyyətə reinteqrasiyasına da xüsusi diqqət yetirilir. Həmin şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması, onların, xüsusilə yetkinlik yaşına çatmayan məhkumların narkotik vasitələrin istifadəsindən çəkindirilməsi ilə bağlı mühüm tərbiyəvi əhəmiyyət kəsb edən, maarifləndirici tədbirlər həyata keçirilir.

Narkomanlığın ailədə və cəmiyyətdə doğurduğu arzuolunmaz nəticələri ilə bağlı mütəxəssislər cəlb olunmaqla məhkumlar arasında təbliğat işi aparılır. Bu məqsədlə Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatında olan yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakı şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu dəvət edilməklə maarifləndirici görüş keçirilərək, məhkumlara narkotik vasitələrin qanunsuz dövriyyəsinin yaratdığı ciddi fəsadlar, narkomanlığın insan saglamlığına, xüsusilə gənc nəslin gələcəyinə vurduğu ziyan barədə ətraflı məlumat verilib, film nümayiş etdirilib.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez