IMAGE

Rəqəmsal innovasiyaların tətbiqi vətəndaşların ədliyyə sisteminə əlçatanlığını asanlaşdırır

Ölkə Prezidenti cənab İlham Əliyevin rəqəmsal cəmiyyətin inkişafı, müasir İKT-dən istifadə etməklə əhaliyə elektron xidmətlərin göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən innovasiyaların tətbiqinə xüsusi önəm verilir, müxtəlif reyestrlər, elektron informasiya resursları aparılır, ədliyyə xidmətlərinin keyfiyyəti daim təkmilləşdirilərək dairəsi genişləndirilir.
Ədliyyə nazirinin müavini Eldar Nuriyevin sədrliyi ilə keçirilən müşavirədə bu sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub, müasir texnoloji yeniliklərin tətbiqinin vətəndaşların ədliyyə sisteminə əlçatanlığının asanlaşdırılmasına, şəffaflığın təmin olunmasına xidmət etdiyi bildirilib.
Nazirliyin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə məruzə ilə çıxış edərək ötən dövrdə ədliyyə sahəsində tətbiq olunan innovasiyalar, onların səmərəli təşkili ilə bağlı görülən tədbirlər barədə məlumat verib.
Qeyd edib ki, cari ildə əhalinin hüquqi biliklərinin artırılması məqsədilə milli qanunvericiliyin yeni, funksionallığı və əlçatanlığı ilə fərqlənən vahid elektron bazası (e-qanun.az) istifadəyə verilib və həmin resursa daxilolmaların sayı 1,1 milyonu ötüb.
Eyni zamanda "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinin ədalət mühakiməsinin səmərəsini artırdığı, şəffaflığı və operativliyi təmin etdiyi, proses iştirakçılarına "şəxsi kabinetə" sahib olmaqla tərəf olduqları işlər barədə məlumatları elektron qaydada əldə etmək, prosesdə videokonfrans formatında iştirak etmək imkanı yaratdığı vurğulanıb, indiki pandemiya şəraitində bu innovasiyaların tətbiqinin xüsusi əhəmiyyəti qeyd olunub. Bildirilib ki, məhkəmələrin həmçinin, e-məhkəmənin digər dövlət qurumları ilə qarşılıqlı inteqrasiyası hesabına zəruri sənədləri ani vaxt rejimində əldə etməsi insanların rahatlığına xidmət etməklə əlavə vaxt itkisinin qarşısını alır.
Həmçinin informasiya sisteminin keyfiyyətli və dayanıqlı fəaliyyəti diqqətdə saxlanılır, e-məhkəmə istifadəçiləri üçün yaradılmış "qaynar xətt" vasitəsilə daxil olan müraciətlərə operativ baxılaraq zəruri tədbirlər görülür.
E-məhkəmənin tərkib hissəsi olan "Elektron icra" sisteminin tətbiqi məhkəmə qərarlarının icrasının səmərəsini artırıb, sistem müxtəlif orqanlarla inteqrasiya edilərək zəruri sənədləri, o cümlədən borclunun avtonəqliyyat vasitələrinə, əmək haqqı, pensiya və digər ödənişlərinə, daşınmaz əmlakına və s. məlumatlarına dair sənədləri dərhal onlayn qaydada almağa imkan verir. Sistemin funksionallığı artırılaraq vətəndaşlara tərəf olduqları icra işlərinin gedişatını izləmək, görülən icra tədbirləri barədə məlumatları əldə etmək imkanı yaradılıb.
Tədbirdə həmçinin, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin geniş tətbiqi, carı ildə məhkumların e-qolbaqla tam təmin edildiyi qeyd olunub, həmçinin ictimai işlərin yerinə yetirilməsi vəziyyətinin izlənilməsinə və cəza çəkməkdən yayınma hallarının dərhal aşkar olunmasına imkan verən xüsusi monitorinq qurğusunun istifadəsinə başlanıldığı və artıq 140 nəfərə yaxın şəxsə bu elektron vasitənin tətbiq olunduğu diqqətə çatdırılıb.
Bundan əlavə böyük vətəndaş məmnunluğu doğuran "Mobil notariat" tətbiqinin funksionallığının daim təkmilləşdirildiyi, artıq insanların bir sıra hüquqi, o cümlədən müxtəlif etibarnamələrin, razılıq ərizələrinin əldə edilməsi ilə bağlı xidmətlərdən notariata getmədən mobil telefonla yararlandığı bildirilib, 120 mindən çox istifadəçisi olan "Mobil notariat" vasitəsilə birinci yarımildə on minlərlə notariat hərəkətinin rəsmiləşdirildiyi qeyd olunub.
Nazirlik tərəfindən əhaliyə göstərilən 30-dan çox elektron ədliyyə xidmətlərindən bəhrələnənlərin sayı birinci yarım ildə 500 mindən çox təşkil etdiyi, vətəndaşların daha çox Azərbaycan adları, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatların verilməsi ilə bağlı e-xidmətlərdən faydalandığı, hazırda onların sayının artırılması üzrə işlərin davam etdirildiyi vurğulanıb.
Müşavirəyə yekun vuran nazir müavini dövlət başçısının tələblərinə uyğun olaraq işin səmərəliliyinin artırılması, maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməsi, kadr potensialının peşəkar İKT mütəxəssisləri hesabına möhkəmləndirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

                                                                                                                                                                             Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez