15-08-2011 | 04:02 762
Ədliyyə Nazirliyinin kollegiya iclasında ədliyyənin inkişafına dair Dövlət Proqramının icrası, habelə ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Kollegiyada çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, ölkəmizin iqtisadi tərəqqi templərinə görə lider dövlət olmasını, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirləri qeyd etmişdir.
Bildirilmişdir ki, Dövlət Proqramının icrası diqqət mərkəzində saxlanılaraq cari ildə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı qanunvericilik aktlarının işlənilməsində nazirlik tərəfindən fəal iştirak edilmiş, 159 normativ hüquqi akt layihəsi hazırlanmış, 612 akt hüquqi ekspertizadan keçirilmişdir. İnzibati nəzarət qaydasında 16 minə yaxın bələdiyyə aktı yoxlanılmış, nazirliyin təklifləri əsasında 400-ə yaxın akt qanuna uyğun olmadığından dəyişdirilmiş və ya ləğv edilmiş, 16 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilmişdir.
Eyni zamanda, nazirlik tərəfindən beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə tədbirlər davam etdirilmişdir. Mərakeş, Rusiya, Gürcüstan və s. dövlətlərlə mühüm ikitərəfli sənədlər imzalanmış, qarşılıqlı səfərlər edilmişdir. Təqdirəlayiq haldır ki, 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası tərəfindən dövlətimizin təşkilatın işinə fəal dəstəyi yüksək qiymətləndirilərək, Ədliyyə Nazirliyi və Baş Prokurorluq yüksək təltiflərə layiq bilinmişlər.
İclasda həmçinin, mövcud nöqsanlara və qarşıda duran vəzifələrə toxunulmuş, penitensiar sistemdə əməliyyat və tərbiyə işinin gücləndirilməsi, məhkəmə qərarlarının icrasına nəzarətin artırılması, əhaliyə göstərilən hüquqi xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması prosedurunun daha da yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi və digər konkret tədbirlər müəyyən olunmuşdur.
Kollegiyada yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsi üzrə ölkə başçısının 28 iyun 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş yeni Tədbirlər Planının icrası vəziyyəti müzakirə edilmişdir. Ardıcıl tədbirlər nəticəsində son illər 1 milyona qədər yeni iş yerinin açılması, vətəndaşların gəlirlərinin artması, yoxsulluğun səviyyəsinin 5 dəfə azalması qeyd olunmuş, Tədbirlər Planı ilə Ədliyyə Nazirliyinin üzərinə qoyulmuş əlavə mühüm vəzifələr vurğulanmışdır.
Həmin sənədin icrası çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi xidmətlər göstərən regional hüquqi məsləhət mərkəzlərinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, habelə bələdiyyələrin və QHT-lərin davamlı inkişafının təmin edilməsi kimi konkret tədbirlər müəyyən olunaraq həyata keçirilməkdədir.
Eyni zamanda, Dövlət Proqramının icrası çərçivəsində ədliyyə sistemində mövcud vakansiyaların doldurulması məsələsi müzakirə olunmuş, son illər keçirilmiş 5 müsabiqə nəticəsində 223 hüquqşünasın ədliyyə orqanlarında işlə təmin olunması qeyd edilmiş, kadrlara olan ehtiyac nəzərə alınaraq, növbəti müsabiqənin keçirilməsinin zəruriliyi bildirilmişdir. Bununla əlaqədar, işə qəbul prosedurlarının xeyli sadələşdirilməsi qərara alınaraq nazirliyin internet saytı vasitəsilə müraciətlərin edilməsi üçün elektron texnologiyaların tətbiqinə dair tapşırıqlar verilmişdir.
Kollegiyada həmçinin, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.