19-09-2011 | 04:02 951
Ədliyyə naziri Fikrət Məmmədov Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüşmüşdür.
Dövlətlərimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərini qeyd edən nazir zəngin müqavilə-hüquq bazasına söykənən bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulamışdır. Həmçinin, Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair Sazişin hüquqi əlaqələrin genişləndirilməsi üçün böyük zəmin yaratdığı, qarşılıqlı fəaliyyətin həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla həyata keçirildiyi bildirilərək, onun inkişafı üçün geniş imkanların olduğu söylənilmişdir.
Səfir Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində Ukrayna Prezidentinin güclü siyasi iradəsini qeyd edərək, bu məsələnin ölkəsinin xarici siyasətində əsas prioritetlərdən olduğunu, regional təhlükəsizliyin qorunmasında dövlətlərimizin mühüm rolunu vurğulamışdır. Ukrayna və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən dinamik inkişafı, o cümlədən ticarət dövriyyəsinin yüksəlişini, ölkəsində Azərbaycan icmasının uğurlu fəaliyyət göstərdiyini bildirən qonaq münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləmişdir.
Görüşdə həmçinin, bu yaxınlarda Ukraynada keçiriləcək mühüm beynəlxalq konfranslarda ölkəmizin Ədliyyə Nazirliyinin məsul nümayəndələrinin iştirakı qeyd olunmuş, qarşılıqlı maraq doğuran məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.