Ədliyyə orqanlarında elektron xidmətlərin tətbiqi dairəsi genişlənir

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş Kollegiya iclası keçirilmişdir.

İclasda ölkə Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə dair 23 may 2011-ci il tarixli Fərmanının icrası üzrə növbəti tədbirlər müzakirə olunmuş, vahid internet portalının təqdimatı keçirilmişdir.

Beləliklə, elektron xidmət bölməsi vasitəsilə vətəndaşlar ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, eləcə də QHT və digər hüquqi şəxslərin qeydiyyatının, notariat hərəkətlərinin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, məhkəmə qərarlarının icrası barədə ətraflı məlumat əldə edə biləcəklər. Eyni zamanda, uşaqlara ad seçilməsinə kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və s. informasiya almaq üçün geniş axtarış sistemi yaradılmışdır. Həmçinin, vətəndaşların artıq tətbiq edilən onlayn müraciət etmək imkanı ilə yanaşı qeyd olunan "e-xidmətlər" vasitəsilə məsul ədliyyə işçilərinin qəbuluna yazılması da mümkün olacaqdır.

Məhkəmə sisteminə dair vahid internet portalı isə vətəndaşlara ali, apellyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimdə müraciət etmək və cavab almaq imkanı yaradacaqdır. Portalda həmçinin, bütün hakimlər haqqında məlumatlar öz əksini tapacaqdır.

Kollegiyada ədliyyə və məhkəmə orqanlarına müraciət imkanlarının xeyli asanlaşdırılmasında, şəffaflığın maksimal təmin olunmasında və korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında elektron xidmətlərin mühüm əhəmiyyəti qeyd olunaraq, onların təkmilləşdirilməsinə və tətbiqinə dair təkliflər irəli sürülmüşdür.

İclasda həmçinin, regional ədliyyə şöbələri və yerli qurumlar tərəfindən əhaliyə göstərilən hüquqi xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə onların işinin əlaqəli təşkili və səmərəliliyin artırılması, habelə ədliyyə orqanlarında işə qəbulun təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə olunaraq, konkret tapşırıqlar verilmişdir.

İclasda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.

 

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez