24-10-2011 | 04:02 2025
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı aparılan güclü mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Azərbaycan 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) işində fəal iştirak edir, respublikamızın ədliyyə naziri qurumun vitse-prezidentidir.
Cari il oktyabrın 22-23-də Mərakeşdə Kral VI-cı Məhəmmədin patronajı altında Assosiasiyanın 5-ci İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir.
Korrupsiyadan gəlirlərin qaytarılması və bu sahədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması kimi aktual məsələlərə həsr olunmuş Konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.
Ölkəmizin IAACA-nın işinə verdiyi töhfələr nəzərə alınaraq, 80 ölkədən olan 300-dən çox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanları rəhbər şəxslərinin iştirakı ilə keçirilmiş forumun açılışı və birinci sessiyasının aparılmasına sədrlik edilməsi təşkilatın vitse-prezidenti kimi - Azərbaycanın nümayəndə heyətinin rəhbərinə həvalə olunmuşdur.
BMT-nin bütün aidiyyəti struktur qurumlarının, Korrupsiyaya qarşı Avropa təşkilatının (OLAF), Beynəlxalq Prokurorlar Assosiasiyasının və digər mötəbər beynəlxalq təşkilatların yüksək nümayəndələrinin iştirak və çıxış etdiyi Konfransda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi K.Əliyev Konfransın əsas məruzəçilərindən biri kimi respublikamızda korrupsiyaya qarşı görülən hərtərəfli və effektiv tədbirlər barədə məlumat vermişdir.
Yığıncağın sonunda Azərbaycanın fəal iştirakı ilə hazırlanmış təşkilatın gələcək fəaliyyətini müəyyən edən Strateji Proqram və Konfransın Bəyannaməsi qəbul edilmişdir. Sənədlərdə korrupsiyaya qarşı qanunvericilik və institusional bazanın, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, anti-korrupsiya orqanlarının rolunun artırılması və treninqlərin təşviqi təsbit olunmuşdur.
Konfrans çərçivəsində həmçinin, Mərakeş, Çin, Avstriya, İrlandiya və s. ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilmiş, əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Tədbirlərdə ölkəmizin Mərakeş Krallığındakı səfiri Sabir Ağabəyov iştirak etmişdir.