Azərbaycan və Mərakeş arasında hüquqi əməkdaşlıq uğurla inkişaf edir

Mərakeş Krallığının ədliyyə naziri M.T.Nasirinin dəvəti ilə Azərbaycan Respublikasının ədliyyə naziri F.Məmmədov bu ölkədə səfərdədir.

Azərbaycanın ədliyyə naziri nümayəndə heyəti ilə Rabatda Kral V Məhəmmədin və Kral II Həsənin xatirələrini ehtiramla yad etmiş, məzarları önünə əklil qoymuşdur.

Mərakeş Ədliyyə Nazirliyində keçirilmiş görüşdə M.T.Nasiri bu ilin mart ayında Azərbaycana səfərini və dövlət başçısı cənab İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla xatırlamış, ölkəmiz ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, ədliyyə sahəsində təcrübə mübadiləsinə böyük əhəmiyyət verdiyini bildirmişdir.

Səmimi qonaqpərvərliyə və ölkəmiz haqqında xoş sözlərinə görə mərakeşli həmkarına minnətdarlığını ifadə edən F.Məmmədov hüquqi əməkdaşlığa dair ölkələrimiz arasında imzalanmış ilk dövlətlərarası sənədlərin əhəmiyyətini qeyd etmişdir.

Görüşdə Dağlıq Qarabağ və Cənubi Səhra münaqişələrinə toxunularaq, bu məsələlərdə qaşılıqlı dəstək ifadə edilmiş, Azərbaycanın və Mərakeşin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmələri ilə əlaqədar qarşılıqlı təbriklər səsləndirilmişdir.

Sonda iki ölkənin Ədliyyə nazirlikləri arasında Sazişin icrası məqsədilə ədliyyə və məhkəmə sistemi ilə tanışlığa, elektron ədliyyə və müasir texnologiyaların tətbiqinə, birgə tədris tədbirlərə dair 2012-ci il üçün İşçi Proqram imzalanmışdır.

Mərakeşin Mərkəzi
Televiziyasına müsahibə

Azərbaycan nümayəndə heyətinin səfərinə böyük diqqət göstərilərək, Mərakeşin Mərkəzi Televiziyası Azərbaycanın ədliyyə nazirindən müsahibə götürmüşdür.

Səfər çərçivəsində Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının Sədri A.Radi ilə görüş keçirilmişdir. Səmimi qəbula görə minnətdarlığını ifadə edən F.Məmmədov bir neçə gün əvvəl Beynəlxalq Parlament Birliyinin Sədri seçilməsi münasibətilə A.Radini təbrik etmiş, iki ölkə arasında əlaqələri yüksək qiymətləndirərək, noyabrın 25-də keçiriləcək parlament seçkilərində Mərakeş xalqına uğurlar arzulamışdır.

A.Radi təbrikə görə təşəkkürünü bildirmiş, 2010-cu ilin sentyabr ayında ölkəmizə uğurlu səfərini xatırlamışdır. O, Mərakeş və Azərbaycan parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, adı çəkilən beynəlxalq qurumun prezidenti seçilməsində Azərbaycan Parlamentinin dəstəyinə görə minnətdarlığını bildirmişdir.

Mərakeş Parlamenti Nümayəndələr
Palatasının sədri A.Radi ilə görüş

Azərbaycan nümayəndə heyəti Mərakeşin Ali Məhkəməsinə baş çəkərək, Məhkəmənin sədri M.Faress və Baş prokuroru M.Maddah ilə görüşmüş, bu qurumun fəaliyyəti ilə tanış olunmuş, faydalı fikir mübadiləsi aparılmışdır. Ölkəmizdə həyata keçirilən nəhəng quruculuq işlərindən xəbərdar olduğunu, Azərbaycanın sürətli inkişafına heyran qaldığını bildirən M.Faress Ali məhkəmələr arasında əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərmişdir.

Ölkəmizdə məhkəmə-hüquq islahatının aparılması, xüsusilə yeni məhkəmə infrastrukturunun yaradılması nəzərə alınaraq, Kasablanka, Tanjer, Meknes apellyasiya və birinci instansiya məhkəmələrinin fəaliyyəti ilə tanış olunmuş, habelə Mərakeşdə yeni seçilmiş hakimlərə xidməti vəsiqələrin təqdimetmə mərasimində iştirak edilmişdir.

Tədbirlərdə ölkəmizin Mərakeş Krallığındakı səfiri S.Ağabəyov iştirak etmişdir.

Səfər çərçivəsində ölkəmizin Rabatdakı səfirlirliyində Mərakeş Parlamentinin Sədri, ədliyyə naziri və Azərbaycan nümayəndə heyətinin iştirakı ilə rəsmi ziyafət təşkil edilmişdir.

 

Mərakeş Ali Məhkəməsinin sədri M.Faress ilə görüş
və məhkəmənin fəaliyyəti ilə tanışlıq
Kasablanka apellyasiya və birinci
instansiya məhkəmələrinin binası ilə tanışlıq
 
Mərakeşdə yeni təyin olunmuş hakimlərə
xidmət vəsiqələrin təqdimetmə mərasimi

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez