01-11-2011 | 04:02 1501
Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafı çərçivəsində hüquqi əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verilir. 2001-ci ildə ulu öndər Heydər Əliyevin Türkiyəyə səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol imzalanaraq, hüquqi əməkdaşlığın genişləndirilməsinə təkan verilmiş, müqavilə-hüquq bazası möhkəmləndirilmiş, ədliyyə nazirlərinin qarşılıqlı səfərləri və birgə tədbirlər keçirilmişdir.
Noyabrın 1-də ölkəmizə nümayəndə heyəti ilə səfərə gələn Türkiyənin ədliyyə naziri Sadullah Ergin respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Tarixən qədim köklərə bağlı olan dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini bildirən F.Məmmədov dövlətlərimizin rəhbərlərinin müntəzəm qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafında xüsusi rolunu qeyd etmiş, ötən ay Ankarada "Türkdilli respublikaları müstəqilliklərinin 20-ci ilində" mövzusunda keçirilmiş beynəlxalq konfrans dövründə səmimi ikitərəfli görüşü məmnunluqla xatırlatmışdır. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ədliyyə və məhkəmə islahatları barədə məlumat vermiş, həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini vurğulamışdır. F.Məmmədov qardaş ölkənin ərazisində baş vermiş zəlzələ ilə əlaqədar S.Erginə dərin hüznlə başsağlığı vermişdir.
S.Ergin 61-ci Hökumətin ədliyyə naziri kimi ilk xarici səfərini Azərbaycana etməsindən böyük məmnunluğunu ifadə edərək, regionda lider olan ölkəmizin hərtərəfli – iqtisadi, siyasi və hüquqi sahədə yüksək nailiyyətlərini, xalqlarımız arasında dostluq və qardaşlıq, əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd etmiş, ölkə başçısı cənab İlham Əliyevin ötən ay İzmirə səfərinin tarixi əhəmiyyətini vurğulamış, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə xoş arzularını bildirərək, bu ərəfədə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı ölkəsinin sevincini bölüşmüşdür. Türkiyəli nazir respublikamızın məhkəmə-hüquq sistemində aparılan islahatları təqdir edərək, qazanılmış nailiyyətlərin Avropa Şurasında qabaqcıl örnək kimi qəbul olunduğunu vurğulamış, ölkələrimizin ədliyyə orqanları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd etmiş, bu münasibətlərin daha da dərinləşdirilməsi niyyətində olduğunu söyləmişdir. S.Ergin ölkəsində baş vermiş dəhşətli təbii fəlakət zamanı qardaş Azərbaycanın göstərdiyi fəal dəstəyə görə minnətdarlığını bildirmişdir.
Nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, habelə Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, qonaqlara müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim edilmişdir.
Səfər çərçivəsində Türkiyə ədliyyə nazirinin bir sıra rəsmi görüşləri, habelə ədliyyə sahəsində aparılan islahatlarla yaxından tanış olmaq üçün məhkəmələrə və penitensiar müəssisələrə baş çəkməsi nəzərdə tutulur.