10-11-2011 | 04:02 902
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına yeni ayrılan və mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün yüksək peşə hazırlığına malik gənc kadrlara olan ehtiyacı nəzərə alaraq, eyni zamanda ali təhsil müəssisələrini bu il bitirmiş məzunların müsabiqədə iştirakına şərait yaratmaq məqsədilə keçirilən növbəti açıq müsabiqə üzrə avqust ayının 22-də başlanmış sənəd qəbulu noyabr ayının 14-də başa çatır.
Xatırladırıq ki, müsabiqənin test imtahanında iştirak etmək üçün yalnız müvafiq formada ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyindən (Bakı şəhəri, İnşaatçılar prospekti 1) və nazirliyin internet səhifəsindən əldə etmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Məlumat üçün bildiririk ki, Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində vakant vəzifələrdə işləmək üçün artıq 300 nəfərdən çox ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşı müraciət etmişdir.
Müsabiqənin test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə noyabr ayının 19-da saat 10.00-da şəffaflığın təmin edilməsi məqsədilə bütün namizədlər üçün vahid auditoriyada – Bakı İdman Sarayında, Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında keçiriləcəkdir.
Bir daha namizədlərin nəzərinə çatdırırıq ki, test imtahanının keçirilməsi qaydası və imtahan suallarının hazırlanmasında istifadə olunmuş normativ hüquqi aktlara dair xülasə ilə bağlı "Yaddaş kitabçası" hazırkı müsabiqə elan edilərkən nazirliyin internet səhifəsində yerləşdirilmiş və müraciət edənlərə təqdim olunur.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni noyabr ayının 17-dən etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 09-dan axşam saat 18-dək Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.
Prosedur qaydalarının təmin olunması məqsədilə namizədlər imtahanın başlanmasına azı bir saat qalmış gəlməli və imtahana buraxılmaq üçün "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Nazirliyin internet səhifəsindən, eləcə də 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə digər məlumatlar almaq olar.