Azərbaycan və Macarıstan arasında hüquqi əməkdaşlıq genişlənir

Macarıstan Prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfəri zamanı iki ölkənin Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Ədliyyə işçilərinin tədrisini, nazirliklərin fəaliyyəti üzrə təcrübə mübadiləsini, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı məlumatın verilməsini, ekspertlərin qarşılıqlı səfərlərini nəzərdə tutan Memorandumu Macarıstanın ədliyyə üzrə dövlət naziri Robert Repassi və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov imzalamışdır.

Səfər çərçivəsində noyabrın 11-də iki ölkənin ədliyyə nazirlərinin görüşü keçirilmişdir.

Qonağı Ədliyyə Nazirliyində səmimi salamlayan F.Məmmədov oxşar tarixə malik ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd etmiş, hüquqi əlaqələrimizin genişləndirilməsində imzalanmış Anlaşma Memorandumun əhəmiyyətini vurğulamışdır. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan məhkəmə-hüquq islahatları, o cümlədən hakimliyə namizədlərin ən şəffaf seçimi, habelə ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermişdir.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən qonaq Avropada böyük nüfuzu olan respublikamızın hərtərəfli dinamik tərəqqisinin şahidi olduğunu vurğulamış, Macarıstanın dövlət başçısının Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə güclü təkan verəcəyini qeyd etmişdir. R.Repassi ölkəsində aparılan məhkəmə-hüquq islahatlarına toxunaraq, Anlaşma Memorandumu çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdiriləcəyinə əminliyini vurğulamışdur.

Görüşdə əməkdaşlığın gələcək perspektivləri, o cümlədən təcrübə mübadiləsi, hakimlərin və digər hüquqşünasların tədrisi, konkret işlər üzrə hüquqi yardımla bağlı və digər maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez