19-11-2011 | 04:02 897
Ədliyyə Nazirliyinə aşkarlıq şəraitində yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik gənclərin qulluğa qəbulu davam etdirilir.
Bildiririk ki, ümumilikdə son 5 ildə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən açıq müsabiqə və müsahibələrdə 3000-dən çox şəxs iştirak etmiş və sınaqlardan uğurla çıxmış 1000 nəfərə yaxın gənc barəsində təyinatlar aparılmışdır.
Bundan əvvəlki müsabiqə üzrə namizədlərlə ikinci mərhələdə söhbət aparılmaqla yanaşı, ədliyyə orqanlarında hazırlıqlı kadrlara ehtiyacı nəzərə alaraq, eyni zamanda ali təhsil müəssisələrini bu il bitirmiş məzunların müsabiqədə iştirakına şərait yaratmaq məqsədilə növbəti müsabiqə (sayca altıncı) elan edilmiş və müsabiqədə iştirak proseduru xeyli sadələşdirilmişdir.
Noyabrın 19-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə şəffaflığın təmin edilməsi məqsədilə vahid auditoriyada - Bakı İdman Sarayında keçirilmiş müsabiqənin test imtahanı mərhələsində 300-dən artıq namizəd iştirak etmiş və imtahanı 30-dan çox yerli və beynəlxalq müşahidəçi, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişlər.
Eyni zamanda bütün imtahan prosesi Ədliyyə Nazirliyinin internet saytı vasitəsilə "on-line" rejimində birbaşa yayımlanmış, müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilmişdir.
Qeyd edirik ki, müsabiqə əsasən nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, eləcə də digər ədliyyə sahələrində mövcud vakant ştat vahidləri üzrə keçirilir.
Qaydalara əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuş və imtahanda 136 namizəd müvəffəqiyyət qazanmışdır.
Namizədlərin tərkibinin təhlili göstərmişdir ki, onlar müxtəlif regionlardan olmaqla, əsasən gənclərdir. Uğur qazanmışlar arasında ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq arzusunda olanlar, ədliyyə sahələrində yardımçı vəzifələrdə və digər təşkilatlarda çalışan hüquqşünaslar vardır.
Bildiririk ki, uğur qazanmış namizədlər qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində Nazirliyin Kadrlar idarəsinə təqdim etməlidirlər. Sənədlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdirilmişdir.
Qanunvericiliklə ədliyyə orqanlarında çalışmaq üçün müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar və onlarla fərdi qaydada söhbət aparılacaqdır.
Söhbətin vaxtı və yeri barədə aidiyyəti namizədlərə əlavə məlumat veriləcəkdir.
Xatırladırıq ki, ümumilikdə müsabiqədən uğurla keçən namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər və təlimin sonunda keçiriləcək imtahan nəticəsində müvəffəqiyyət qazanan namizədlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.