30-11-2011 | 04:02 1192
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilmişdir. İclasda ölkə Prezidenti cənab İlham Əliyevin noyabrın 24-də imzaladığı İstehlakçıların hüquqlarının müdafiəsi üzrə qanunvericiliyə dəyişikliklərə dair Fərmandan və Nazirlər Kabinetinin elektron xidmətlərlə bağlı həmin tarixli Qaydalardan irəli gələn vəzifələr müzakirə olunmuşdur.
Bildirilmişdir ki, bu mühüm sənədlərə əsasən həmçinin, dövlət orqanlarına rüsum və haqların POS-terminallar vasitəsilə ödənişinin və s. elektron xidmətlərin tətbiqi ölkəmizdə müasir elektron hesablaşma mexanizminin yaradılmasında mühüm yenilik olmaqla, antikorrupsiya və şəffaflığın təmin edilməsi tədbirlərinin həyata keçirilməsində müstəsna əhəmiyyətə malikdir.
Bununla əlaqədar Ədliyyə Nazirliyinin üzərinə düşən çoxsaylı müxtəlif xarakterli elektron xidmətlərin təşkili üzrə artıq müəyyən tədbirlər görülmüş, o cümlədən bəzi ədliyyə orqanlarında universal elektron xidmət köşkləri quraşdırılmış və həmin köşklər vasitəsilə vətəndaşlar bir çox xidmətlərlə yanaşı elektron qaydada dövlət rüsumlarının ödənilməsi imkanı da əldə etmişlər.
Eyni zamanda, nazirliyin internet saytında istifadəyə verilmiş yeni elektron xidmət bölməsində göstərilən Qaydalara uyğun olaraq Azərbaycan adları, qeydiyyat və notariat orqanları, notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının aparılması, icra qurumları və hərraca çıxarılan əmlaklar barədə, habelə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən məlumat əldə edilməsi və digər elektron xidmət növləri yaradılmışdır.
Kollegiyada, antikorrupsiya tədbirləri çərçivəsində nazirliyin internet saytının interaktiv rejimdə fəaliyyət göstərməsi, Qaynar xətdən səmərəli istifadə olunması qeyd edilmiş, vətəndaşların qəbulu prosedurunun asanlaşdırılmasını, xüsusilə də mütərəqqi yenilik – internet vasitəsilə şəxsi qəbula yazılması imkanını da nəzərdə tutan yeni qaydalar müzakirə edilərək bəyənilmişdir.
İclasda dövlətimizin daim sadiq qalan humanizm prinsiplərinin səmərəli tətbiq edilməsi, məhkumların hüquqlarının, xüsusilə sağlamlığının qorunması, onlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi üzrə əlavə qanunvericilik və praktiki tədbirlər müzakirə olunmuşdur.
Kollegiyada 15 qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı məsələsinə baxılmışdır.