15-11-2011 | 04:02 1093
Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun ATƏT-lə birgə təşkil etdiyi “Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün respublikamızda səfərdə olmuş qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun idarə rəisi Tomas Vennen noyabrın 15-də ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşmüşdür.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ədliyyə və məhkəmə islahatlarının müsbət nəticələrini qeyd edən nazir müavini hələ 2000-ci ilin əvvəllərində Avropa İttifaqının TACİS proqramı çərçivəsində Azərbaycanda bu sahədə islahatların aparılması və təkmilləşdirilməsi üzrə layihənin T.Vennenin iştirakı ilə uğurla həyata keçirildiyini xatırladaraq, hazırkı əməkdaşlığın ATƏT-in xətti ilə davam etdirilməsindən məmnunluğunu ifadə etmişdir. T.Musayev həmçinin, hakimlərin, hakimliyə namizədlərin və digər hüquqşünasların tədrisi, vətəndaşların hüquqi maarifləndirilməsi, regionlarda əhaliyə təmənnasız hüquqi xidmətlər göstərən məsləhət mərkəzlərinın yaradılması üzrə görülən işlərdən danışmışdır.
Azərbaycanda ötən dövr ərzində böyük dəyişiklərin baş verdiyini, sürətli sosial-itisadi inkişafın şahidi olduğunu vurğulayan qonaq vaxtilə məhkəmə-hüquq sisteminin inkişafına yönələn layihələrin artıq reallığa çevrildiyini, bu sahədə qazanılmış nailiyyətləri, o cümlədən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təqdir etmişdir. T.Vennen Ədliyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyətin səmərəliliyini qeyd edərək, əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləmiş, əhalinin hüquqi yardım almaq imkanlarının asanlaşdırılması barədə faydalı fikir mübadiləsi aparmışdır.