05-10-2021 | 16:56 589
Oktyabrın 4-5-də Macarıstanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi
çərçivəsində Budapeştdə "Rəqəmsal texnologiyalar və süni intellekt –
Avropada ədalət mühakiməsi üçün yeni çağırışlar" mövzusunda Avropa ədliyyə
nazirlərinin konfransı keçirilib. Tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət
Məmmədov təmsil edib.
Konfransın açılışında Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç,
Macarıstanın ədliyyə naziri Yudit Varqa giriş sözü ilə çıxış ediblər. Tədbirdə
rəqəmsal dövrdə ədalət mühakiməsinə əlçatanlıq, bu sahədə funksionallığın
artırılması və süni intellektin tətbiqi kimi aktual məsələlər müzakirə olunub,
nazirlər tərəfindən innovasiyalara və yaxşı təcrübələrə dair təqdimatlar
keçirilib.
Çıxış edən Azərbaycanın ədliyyə naziri dünyada hökm sürən qlobal pandemiyanın
ədalət mühakiməsinin rəqəmsallaşması prosesini daha da şərtləndirdiyini qeyd edərək Avropa məhkəmə
sistemlərinin getdikcə kağız formatından elektron prosedurlara keçdiyini
bildirib, Azərbaycanda dövlət başçısı İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarından, o
cümlədən bu sahədə innovasiyaların tətbiqindən danışıb, beynəlxalq aləmdə
təqdir olunan müsbət təcrübəmizlə bölüşüb.
Bildirib ki, Azərbaycanda İKT-nin inkişafı, rəqəmsal dövrə keçid 2030-cu ilədək sosial-iqtisadi tərəqqinin əsas prioritetlərindən olmaqla məhkəmə-hüquq
islahatları çərçivəsində Dünya Bankının iştirakı ilə məhkəmə infrastrukturu müasirləşdirilərək
yüksək texnoloji (hi-tech) məhkəmələr yaradılıb. Artıq 10 ildən çoxdur məhkəmələrin
vahid internet portalı insanlara xidmət
edir, həmçinin müasir innovasiyalar tətbiq olunmaqla "Elektron məhkəmə"
informasiya sistemi fəaliyyət göstərir. Bütün məhkəmələrin 2/3-ni əhatə edən bu
sistemin yaxın gələcəkdə ölkə üzrə tam təmin olunması nəzərdə tutulur. Eyni
zamanda bir neçə ildir ki, kommersiya mübahisələri üzrə icraat yalnız elektron
qaydada aparılır.
Tədbir iştirakçıları həmçinin digər bir yenilik – "Mobil
məhkəmə" tətbiqi barədə məlumatlandırılıb, onun məhkəməyə əlçatanlığı
asanlaşdırdığı, kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə
mobil qaydada iştiraka imkan verdiyi diqqətə çatdırılıb.
Nazir çıxışında ölkə Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbə
nəticəsində 30 illik erməni işğalından azad edilmiş və Ermənistan tərəfindən tamamilə
dağıdılmış torpaqlarımızda aparılan nəhəng bərpa-quruculuq işləri çərçivəsində rəqəmsal
texnologiyalar tətbiq olunmaqla "ağıllı şəhər" və "ağıllı kənd"lərin
yaradılmasını qeyd edib.
F.Məmmədov konfrans iştirakçılarının diqqətini
xüsusilə yenidənqurma prosesinə ciddi mane olan Ermənistan tərəfindən işğal
dövründə ərazilərimizin minalanmasına cəlb edərək bununla Azərbaycanın dünyada ərazilərinin
ən çox minalandığı ölkələrdən biri olduğunu vurğulayıb.
Mülki insanların həmin minalara düşərək həlak olması
və ya yaralanması nəzərə alınaraq əhali arasında yeni qurbanların qarşısını
almaq naminə beynəlxalq ictimaiyyət Ermənistanın mina xəritələrini verməsi üçün
təsir etməyə çağırılıb.
Konfrans çərçivəsində həmçinin, bir çox dövlətlərin ədliyyə nazirləri ilə
görüşlər keçirilib, əməkdaşlığa dair faydalı fikir və təcrübə mübadiləsi
aparılıb. Konfrans və görüşlər zamanı Azərbaycanda məhkəmə-hüquq islahatlarına
və bu sahədə nailiyyətlərinə böyük maraq göstərilib.
Tədbirlərdə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə iştirak edib.
Ədliyyə Nazirliyi
Mətbuat xidmətinin məlumatı