Məhkəmə islahatlarımız beynəlxalq aləmdə yüksək dəyərləndirilir

Mətbuatda xəbər verildiyi kimi Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər, o cümlədən hakimliyə namizədlərin seçilməsi prosedurları Avropa Şurası strukturları tərəfindən örnək kimi dəyərləndirilmişdir. Bununla əlaqədar oxucularımıza təfsilatı məlumat vermək üçün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun fikirlərini bölüşmək istədik.

- Fikrət müəllim, Azərbaycanda aparılan məhkəmə islahatları və onların mütərəqqi nəticələrinin beynəlxalq aləmdə etirafı və nümunə göstərilməsi bizi çox sevindirir. Bu barədə oxucularımızın da məlumatlandırılmasını istərdik.

Doğurdan da insan haqlarının etibarlı təminatına yönəlmiş məhkəmə islahatlarımıza və dövlətimizin demokratik niyyətinə beynəlxalq səviyyədə verilən yüksək qiymət hər birimizdə iftixar hissi doğurur.

Bu gün bütün Avropa dövlətlərində məhkəmə islahatları davam edir. Çünki ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi ədalətli cəmiyyətin əsas təməl daşlarından biri olmaqla bütün dünyanı narahat edən məsələdir. Bununla əlaqədar müsbət beynəlxalq təcrübələr daim öyrənilir və istifadə edilir.

Bu mənada ölkəmizdə əsası ümummilli liderimiz, dahi öndər Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən mütərəqqi məhkəmə islahatları və əldə edilən müsbət nəticələrin nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etməsi təsadüfi deyil.

Belə ki, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ölkəmizdə hakimliyə namizədlərin seçilməsinə maraq göstərərək nüfuzlu ekspert qrupu yaratmış və qrup üzvləri Azərbaycana səfər etməklə hakimliyə namizədlərin seçimini bilavasitə izləmişlər.

Çoxmərhələli seçim prosesini, o cümlədən bütün namizədlərin vahid auditoriyada, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə imtahanlar verməsini, sualların və imtahan nəticələrinin həmin auditoriyada aşkarlanmasını, imtahan prosesinin bütün mərhələlərinin internet vasitəsilə canlı yayımlanmasını yüksək dəyərləndirən avropalı ekspertlər, seçim prosedurları ilə bağlı yerli və beynəlxalq təşkilatların nümayəndələri ilə də çoxsaylı görüşlər keçirərək müzakirələr aparmış, milli qanunvericiliyimizi təhlil etmişlər.

Məsələ ilə bağlı CEPEJ ekspertləri tərəfindən hazırlanmış əhatəli hesabatda bu sahədə Azərbaycanda formalaşmış institusional qurumların fəaliyyətinin və hakimlərin seçiminin mütərəqqi Avropa standartlarına cavab verdiyi vurğulanmış və proses xüsusi şəffaflığı, obyektivliyi, saflığı ilə fərqləndirilmişdir.

Avropa Şurasının bütün üzv-dövlətlərindən olan nümayəndələrin iştirakı ilə Komissiyanın bu ayın 7-8-də keçirilmiş iclasında Azərbaycanla bağlı hazırlanmış hesabat geniş müzakirə olunmuşdur. Müzakirələrin nəticəsi ilə bağlı məsələ üzrə müvafiq qərar qəbul olunaraq Azərbaycanın müsbət təcrübəsi örnək kimi qiymətləndirilmişdir.

Həmin iclasda həmçinin, ölkəmizdə məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi və yeni infrastrukturun yaradılması, habelə müasir informasiya və kommunikasiya şəbəkəsinin tətbiqi ilə bağlı görülən genişmiqyaslı işlər böyük marağa səbəb olaraq yüksək dəyərləndirilmiş, bu sahədə qoyulan sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanın öncül dövlət olduğu vurğulanmışdır. Eyni zamanda hakimlərin tədrisinə və maarifləndirmə işinin aparılmasına, o cümlədən bütün Avropa dövlətləri məhkəmə sistemlərinin fəaliyyətinə dair təhlilləri əks etdirən CEPEJ-in əhatəli hesabatlarının ana dilinə tərcümə edilərək nəşrini təmin edən ilk dövlət olduğumuz xüsusi təqdir edilmişdir.

Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda da ölkəmizdə hakimliyə namizədlərin seçimi proseduru üzrə fəaliyyət metodu müsbət nümunə kimi qiymətləndirilmiş və digər üzv-dövlətlərə bu təcrübəyə əsaslanmaq tövsiyə edilmişdir.

Eyni zamanda, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair BMT standartlarının tətbiqinə də xüsusi diqqət yetirilir. Belə ki, hakimlərin müstəqilliyinin, obyektivliyinin təmin olunmasına, korrupsiyanın qarşısının alınmasına yönələn Hakimlərin davranışı üzrə BMT-nin Banqalor adlanan prinsiplərinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu nəzərə alınaraq, bu sənəd Azərbaycan dilinə tərcümə olunaraq, istifadə üçün bütün məhkəmələrə göndərilmiş, habelə qəbul edildikdən dərhal sonra Məhkəmə-Hüquq Şurası tərəfindən bu prinsiplər rəhbər tutulmaqla Hakimlərin Etik Davranış Kodeksi təsdiq olunmuşdur.

Bu ay Bakıda həmin məsələyə həsr olunmuş xüsusi beynəlxalq Konfransda əsas məruzəçi kimi çıxış edən Şri-Lankanın ədliyyə naziri olmuş N.Cayavikrama BMT-nin Banqalor prinsiplərinin hazırlanması prosesinə şəxsən rəhbərlik etdiyini və Azərbaycanda bu prinsiplərin tətbiqinə böyük diqqətin şahidi olduğunu vurğulamışdır. O, Azərbaycanın BMT-nin Banqalor prinsiplərinin, onun geniş şərhinin və digər aidiyyəti sənədlərin tərcüməsini və hakimlər arasında yayılmasını təşkil edən yeganə ölkə olduğunu yüksək qiymətləndirmişdir.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının tapşırıqlarına əsasən həyata keçirilən mütərəqqi məhkəmə islahatlarının beynəlxalq aləmdə müsbət təcrübə kimi etiraf olunması və yayılması ölkəmizin böyük uğuru və müstəqilliyimizin 20-ci ildönümünə layiqli töhfədir.

Lakin təbii ki, qarşıda hələ çox işlərimiz var. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə islahatlar uğurla və intensiv davam etdirilir, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş bir sıra mütərəqqi qanunvericilik layihələri üzərində işlənilir.

- Məhkəmə fəaliyyəti ilə bağlı əldə edilən və Avropa Şurasında müzakirəyə səbəb olan konkret nailiyyətlər barədə məlumat maraqlı olardı.

Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ilk dövründən ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin qəti tapşırıqlarına uyğun olaraq ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi, mövcud nöqsanların aradan qaldırılması üzrə ardıcıl tədbirlər görülmüş, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazası Avropa Şurası ekspertləri ilə birgə ətraflı tədqiq edilmiş və onun daha da təkmilləşdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırılması işinə başlanılmışdır.

Ədalət mühakiməsinin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş mühüm qanunlar, imzalanmış proqram xarakterli fərmanlar, habelə ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramının təsdiq edilməsi Azərbaycanda məhkəmə hakimiyyətinin intensiv təkmilləşdirilməsinə, bir çox problemlərin həll edilməsinə, nəticə etibarilə islahatlarımızın bütün Avropada nümunə göstərilməsinə səbəb olmuşdur.

Aparılmış islahatlar nəticəsində yeni təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan və əsasən hakimlərdən ibarət formalaşdırılmış Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir. Demokratik cəmiyyətlərdə mühüm yer tutan bu təsisatın yaradılmasında əsas məqsəd məhkəmələr və hökumət arasında yeni qurum yaratmaqla məhkəmə sisteminin müstəqilliyini gücləndirmək, məhkəmələrin özünüidarə funksiyalarını gücləndirmək olmuşdur.

Təkcə son 4 il ərzində əhalinin məhkəmələrə çatımlığının yaxşılaşdırılması, bölgələrdə hüquq institutlarının inkişafı məqsədilə 20-dək yeni məhkəmələr, o cümlədən, regional apellyasiya məhkəmələri təsis edilmişdir. Dövlət başçısının ötən ilin 15 iyul və 9 avqust tarixli fərmanları bu istiqamətdə yeni mühüm mərhələ olmuşdur. Bu fərmanların icrası ilə bağlı bu ilin əvvəlindən ölkəmizdə 4 yerli ağır cinayətlər məhkəmələri, habelə dövlət orqanları tərəfindən vətəndaşların pozulmuş hüquqlarının bərpası məqsədilə inzibati ədliyyə sistemi yaradılmış, bu məqsədlə 7 inzibati məhkəmə fəaliyyətə başlamışdır.

Bilirsiniz, məhkəmə sisteminin təkmilləşdirilməsi üçün təkcə 1 yeni, xüsusilə regional məhkəmənin yaradılması və fəaliyyətə başlaması irihəcmli həm təşkilati, həm də qanunvericilik tədbirlərinin görülməsini, buna qədər isə köklü təhlillərin aparılmasını, qabaqcıl təcrübələrin öyrənilməsini tələb edir. Təsəvvür edin ki, təkcə bu il 12 yeni məhkəmənin (bütün məhkəmələrin 11%-i qədər) fəaliyyətə başlaması, xüsusilə ölkəmiz üçün tam yeni olan inzibati ədliyyə sisteminin formalaşdırılması, həmin məhkəmələrin yeni bina və iş şəraiti ilə təmin olunması, hakimlərlə komplektləşdirilməsi və s. məsələlərin həlli üzrə nə dərəcədə gərgin əmək sərf olunub.

Artıq 1 ilə yaxındır ki, yaradılmış bu məhkəmələrin fəaliyyətinin ilkin müsbət nəticələri bizi olduqca sevindirir.

Bir mühüm məsələni də qeyd etmək istərdim. Azərbaycanda sürətli iqtisadi inkişaf, məhkəmə müdafiəsi mexanizmlərinin genişləndirilməsi nəticəsində məhkəmələrə müraciətlərinin sayı son illər dəfələrlə çoxalmışdır ki, bu da hakimlərin iş yükünün də xeyli artmasına gətirib çıxarmışdır. Təbii ki, iş yükünün çoxluğu işlərə keyfiyyətlə və vaxtında baxılmasında ciddi çətinliklər yaradır.

Bununla əlaqədar, ölkə Prezidentinin müvafiq fərmanları ilə son illər hakim ştatlarının sayı 2 dəfə, o cümlədən ötən il daha 25% artırılaraq 600-ə çatdırılmışdır. Bundan əlavə, məhkəmə aparatı işçilərinin sayı 75% çoxalmış, hər bir hakimə ayrıca köməkçi ştatı ayrılmışdır.

Müqayisə üçün bəzi rəqəmləri diqqətə çatdırmaq istərdim. Məsələn, iş həcminin çoxluğu ilə xarakterizə olunan apellyasiya instansiyası məhkəmələri hakimlərinin ştat sayı 2007-ci ildə 63 idisə, bu rəqəm hazırda 2 dəfədən çox artırılaraq 135-ə çatdırılmışdır. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərmişdirsə, artıq bu ilin əvvəlində onların sayı 97-yə çatmışdı.

Yeri gəlmişkən, hakimlərin maddi təminatı da diqqətdən kənarda qalmamışdır - 2000-ci illə müqayisədə hakimlərin əmək haqqı orta hesabla 30 dəfə çoxalmışdır.

 

- Yəqin ki, bu hakimlər yeni mütərəqqi qaydalarla seçilmişlər...

Tamamilə doğrudur. Və məmnuniyyətlə deyə bilərəm ki, 2007-ci ildən təyinatlarına başladığımız həmin hüquqşünaslar artıq mövcud hakim korpusunun yarısını, Bakı şəhəri üzrə isə 80%-ni təşkil edirlər.

Təbii ki, Hakimlərin obyektiv və qərəzsiz olmasının, işlərə daha keyfiyyətlə baxılmasının ən mühüm amillərdən biri də onların seçimi prosesinin şəffaflığı və obyektivliyidir. Bu məqsədlə Azərbaycanda artıq avropalıların da etiraf etdiyi kimi ən mütərəqqi qaydalar tətbiq edilir. Bu qaydaların hazırlanması isə heç də asan olmamışdı. Hələ 2004-cü ildə bu məqsədlə nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə işçi qrupu yaradılmış və bir çox ölkələrin təcrübəsi öyrənilməklə, yeni qaydalar işlənmişdi.

Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru müstəqil qurum olan və tərkibi əsasən hakimlərdən ibarət təşkil edilmiş Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir.

Bütün imtahanları müvəffəqiyyətlə vermiş namizədlərin hakim vəzifəsinə hazırlanmaları üçün bir ilədək davam edən nəzəri və təcrübi kurslar təşkil olunur. Kurslarda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil olunur, insan hüquqlarının qorunması, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair mövzuların tədrisinə xüsusi əhəmiyyət verilir. Namizədlərin ədalət mühakiməsinin həyata keçirilməsində beynəlxalq təcrübəni öyrənmələri məqsədilə onların xaricdə, o cümlədən ötən kurs zamanı hamısının Türkiyə Ədliyyə Akademiyasında 2 həftəlik tədrisi təşkil olunmuşdu. Yeri gəlmişkən dəvətimizə əsasən bu günlərdə Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Hüseyn Yıldırım Bakıda səfərdə olmuş, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə 2 ölkənin Ədliyyə akademiyaları arasında qarşılıqlı fəaliyyətə dair işçi proqram imzalanmış, mövcud səmərəli əlaqələrin və müsbət əməkdaşlıq təcrübəsinin inkişafına dair razılığa gəlinmişdir.

Bu qaydalar əsasında 2200 namizəd sırasından seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir.

Hakim kadrlarına olan ehtiyacla bağlı ötən ilin sonunda hakimlərin növbəti - artıq 4-cü dəfə seçilməsi prosesinə başlanılmışdır. Artıq bütün namizədlərlə vahid auditoriyada - Bakı İdman Sarayında test üsulu ilə və yazılı imtahanlar keçirilmişdir. Şəffaflığın təmin edilməsi məqsədilə kadr seçimi tarixində ilk dəfə olaraq bu imtahanlar internet vasitəsilə onlayn rejimində birbaşa yayımlanmışdır.

Qeyd etmək istərdim ki, Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən üzərinə götürdüyü öhdəliklər sırasında hakimlərin müstəqilliyinin artırılması məqsədilə onların təyinat müddəti və seçim proseduru məsələlərinin nəzərdən keçirilməsi də var idi. Bildiyiniz kimi, əvvəllər hakimlər birinci instansiya məhkəmələrinə 5 il, yuxarı instansiya məhkəmələrinə 10 il müddətinə təyin edilirdilər. Aparılan məhkəmə islahatları nəticəsində isə artıq hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı müəyyən olunmuş, habelə seçim prosedurları təkmilləşdirilmiş və bu sahədə Azərbaycan təcrübəsi bütün Avropaya nümunə kimi göstərilmişdir.

 

- Bəs məhkəmə infrastrukturunun yaxşılaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı nə demək olar.

Bilirsiniz, bu sahədə ölkəmizdə irimiqyaslı işlər həyata keçirilir, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan onlarla yeni məhkəmə binaları tikilib istifadəyə verilir və ya əsaslı təmir olunur. Təkcə onu demək kifayətdir ki, Ali Məhkəmə üçün inşa edilərək ən müasir informasiya texnologiyaları ilə təmin olunmuş və əsl «Ədalət Sarayını» xatırladan möhtəşəm bina Avropanın ən gözəl məhkəmə binalarından biri kimi dəyərləndirilir.

Eyni zamanda Azərbaycanda aparılan məhkəmə islahatları, habelə dövlətimizin demokratik niyyəti nüfuzlu beynəlxalq maliyyə qurumlarının da diqqətini cəlb edir. Belə ki, bu islahatların tərəqqisini və uğurlu nəticələrini görən Dünya Bankı bizə maliyyə dəstəyinin göstərilməsinə dair təşəbbüs irəli sürmüşdür. Bununla əlaqədar hazırda Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə birgə Layihə icra edilir. Həmin layihə çərçivəsində 20-dən çox yeni məhkəmə binaları və bir neçə məhkəmə yerləşən məhkəmə komplekslərinin layihələri hazırlanmış, habelə Bakı şəhərinin Yasamal, Gəncə şəhərinin Nizami, Gədəbəy rayon məhkəmələri üçün yeni binaların inşasının artıq yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulmuşdur. 2012-ci ildə layihəyə əsasən respublikanın müxtəlif regionlarında məhkəmə komplekslərinin tikintisinə başlanacaqdır.

Məhkəmələrin yüksək statuslarına uyğun inşa edilən bu binalarda ən müasir beynəlxalq tələblərə cavab verən iş prosesinin təşkilinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, elektron sənəd dövriyyəsi üçün bütün zəruri infrastruktur yaradılır, binalar ən müasir informasiya-kommunikasiya avadanlıqları ilə təchiz olunur.

Layihə çərçivəsində inşasına 2010-cu ilin sonunda başlanılmış Oğuz rayon məhkəməsinin yeni binası isə ötən ay istifadəyə verilmişdir. Bu müasir məhkəmə binasının açılışında məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı - dövlət başçısı cənab İlham Əliyevin şəxsən iştirak etməsi dövlət səviyyəsində məhkəmə hakimiyyətinə göstərilən yüksək diqqətin və bu sahədə islahatların davam etdirilməsində siyasi iradənin bariz nümunəsi olmuşdur.

Bununla yanaşı məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təcrübəsinin öyrənilməsi məqsədilə bir sıra inkişaf etmiş ölkələrə səfərlər edilmiş, məhkəmələrin Vahid İnformasiya İnfrastrukturu strategiyası hazırlanmışdır.

Strategiya ölkədə fəaliyyət göstərən bütün müxtəlif instansiyalı məhkəmələri, məhkəmə özünüidarə orqanları və Ədliyyə Nazirliyi üçün əlverişli olan qarşılıqlı əlaqəli kommunikasiya sistemlərinin, avtomatlaşdırma vasitələri komplekslərinin, informasiya resurslarının yaradılmasını əhatə edir. Bu texnoloji sistem qanunvericiliyə dair məlumat bankına, məhkəmə təcrübəsinin, xüsusilə hüququn yeni və inkişaf edən sahələrində ümumiləşdirilmə materiallarına çevik çıxışı təmin etməklə, analitik tədqiqatların imkanlarını artırır, məhkəmə kargüzarlığının unifikasiyasına, məhkəmə sənədlərinin icrasının yüksək keyfiyyətini təmin etməyə imkan yaradır.

Bundan başqa, bu sistem idarəçilik işini asanlaşdıracaq və onun vasitəsilə işlərin vəziyyəti və gedişatı (qeydiyyat, prosessual yazışmalar, statistika, arxivə vermə), hakimlərin iş yükü və s. barədə bütün məlumatları əldə etmək mümkün olacaqdır.

Strategiyanın həyata keçirilməsində artıq müəyyən nailiyyətlər də var. Belə ki, ölkə qanunvericiliyinin ən dolğun, dəqiq və daim yeniləşən internet-bazası yaradılmışdır (www.e-qanun.az). Bundan əlavə, qanunvericilik aktlarına çıxışın əldə olunmasının yalnız hakimlər, prokurorlar, vəkillər və digər hüquqşünaslar üçün deyil, həmçinin sadə vətəndaşlar üçün zəruriliyini nəzərə alaraq, biz bütün əhalinin bazaya pulsuz çıxışına imkan yaratmışıq.

Ölkənin Konstitusiya və Ali Məhkəmələrində artıq elektron sənəd dövriyyəsi tətbiq olunur, iclas zallarında həmçinin, tərcümə xidmətini nəzərdə tutan konqres sistemi fəaliyyət göstərir. Ali Məhkəmənin yeni binasında yaradılmış kommunikasiya sistemi müxtəlif idarələrlə video-konfransların keçirilməsinə imkan yaradır.

Bu yüksək texnologiyaların, o cümlədən video əlaqələrin yaradılması, məhkəmə iclasında bu və ya digər səbəblərdən iştirak edə bilməyən şəxslərin prosesdə iştirakını, şahidlərin uzaqlaşdırılmış dindirilməsini və s. yeniliklərin tətbiqi bütün məhkəmələrdə nəzərdə tutulur.

Həmçinin, Dünya Bankı ilə birgə keçirilən layihəyə uyğun olaraq vətəndaşların məhkəmələrə müraciət imkanlarının daha da asanlaşdırılması və hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı yaradılmışdır. Bu portal ali, apellyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradır. Portalda bütün hakimlər barədə məlumatlar da öz əksini tapmışdır.

Bundan əlavə məhkəmələrdə təyin edilən işlərin mütəmadi siyahısı və yekun məhkəmə aktlarının hazırda formalaşdırılan elektron informasiya bazası portalda yerləşdiriləcəkdir.

- İnsan haqlarının məhkəmə müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də müstəsna əhəmiyyəti var. Bildiyimiz kimi, son dövrlər Məhkəmənin gələcəyinə dair mötəbər Konfranslar keçirilmiş, qarşıya mühüm vəzifələr qoyulmuşdur...

Doğrudur. Avropa Məhkəməsi üzv-dövlətlərin hüquq sistemlərinin daha da təkmilləşdirilməsi və inkişafında, insan haqlarının etibarlı təminatında əsaslı mənbələrdən biridir. Lakin Məhkəmənin yarım əsrlik uğurlu fəaliyyəti ona edilən şikayətlərin sayının həddindən çox artmasına gətirib çıxarmışdır. Bir faktı qeyd etmək istərdim ki, 80%-ə yaxın şikayətlər cəmi 10 ölkədən daxil olur, bütün qərarların üçdə biri isə cəmi 4 dövlətə: Türkiyə, Rusiya, Rumıniya, Ukraynaya qarşı çıxarılmışdır. Yeri gəlmişkən Azərbaycandan ərizələrin sayı orta Avropa rəqəmindən 2 dəfə azdır.

Avropa Şurası tərəfindən bu problemin həlli yolları araşdırılır. Məhkəmənin təhlillərinə görə yeni ərizələr istisna olmaqla təkcə icraatda olan 150 minə yaxın şikayətə baxmaq üçün ən azı 20 il vaxt lazımdır.

Hətta şikayətlərə baxılması prosesini sadələşdirən Konvensiyaya dair 14 saylı Protokolun qüvvəyə minməsinə və müvafiq institusional tədbirlərin görülməsinə baxmayaraq şikayətlərin sayı azalmamış, əksinə, yenidən 17% artmışdır.

Bununla bağlı ötən il İsveçrənin İnterlaken şəhərində, bu il isə Türkiyənin İzmir şəhərində Avropa Şurasının tarixində ilk dəfə Məhkəmənin gələcəyinə dair Avropa dövlətlərinin ədliyyə və xarici işlər nazirlərinin iştirakı ilə mötəbər Konfranslar təşkil olunmuşdur.

Tədbirlərdə ölkəmiz rəhbərlik etdiyim nümayəndə heyəti ilə təmsil olunmuş, tədbirdə çıxış edilərək Avropa Məhkəməsinin restrukturizasiyası, daha effektiv mexanizmlərin tətbiqi ilə bağlı təkliflər verilmiş, ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının müdafiəsi üzrə həyata keçirilən mütərəqqi islahatlar qeyd olunmuşdur.

Konfranslarda Avropa Məhkəməsinin işinin effektivliyinin artırılmasına dair müvafiq fəaliyyət planlarını nəzərdə tutan Bəyannamələr qəbul olunmuşdur. Sənədlərdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, maarifləndirmə tədbirlərinin gücləndirilməsi, o cümlədən hakimlər, prokurorlar və digər hüquq-mühafizə orqanlarının əməkdaşları üçün keçirilən tədris tədbirlərində Məhkəmənin presedent hüququndan geniş istifadə olunması, Avropa Məhkəməsinin iş üsullarının yaxşılaşdırılması və s. müəyyən olunmuşdur.

Bu məsələnin insan hüquqlarının etibarlı təmin olunması baxımından xüsusi əhəmiyyəti nəzərə alınaraq İnterlaken və İzmir bəyannamələrindən irəli gələn vəzifələr Ədliyyə Nazirliyi Kollegiyasının iclasında geniş müzakirə olunmuş, həyata keçiriləsi konkret tədbirlər müəyyən olunmuş, müvafiq tapşırıqları nəzərdə tutan Qərar qəbul edilmişdir. Bəyannamədən irəli gələn məsələlər nazirliyin İş Planına daxil edilərək, icrası üzrə zəruri tədbirlər görülmüşdür.

İnterlaken və İzmir Bəyannamələrin mahiyyətini ictimaiyyətə çatdırılması məqsədi ilə bu sənədlər dərhal tərcümə olunaraq nazirliyin və Məhkəmə-Hüquq Şurasının internet saytlarında (www.justice.gov.az, www.jlc.gov.az) yerləşdirilmişdir. Bundan əlavə, qəbuledilmə kriteriyalarına cavab verməyən şikayətlərin sayının azalmasında mühüm rolu olan Avropa Məhkəməsinin Şikayətlərin qəbul olunması kriteriyalarına dair praktiki bələdçi də nazirlikdə Azərbaycan dilinə tərcümə olunmuş və veb-saytda yerləşdirilmişdir.

Bildirməliyəm ki, əvvəldə qeyd etdiyimiz qanunvericilik və institusional tədbirlər həmçinin Bəyannamələrin də implementasiyasına xidmət etmişdir. Bundan başqa hakimlər tərəfindən presedent hüququnun öyrənilməsi və tətbiqinə böyük önəm verilərək xeyli işlər görülmüşdür. Bu sahədə Avropa Məhkəməsinin hakimləri ilə birbaşa təmasların böyük səmərəsi nəzərə alınaraq bu Məhkəmə ilə fəal əməkdaşlıq edilir. Belə ki, son illər ərzində bu məqsədlə Avropa Məhkəməsinin 10 hakimi, o cümlədən sədri ölkəmizə səfər etmiş, hakimlər üçün keçirilmiş beynəlxalq konfransda ətraflı çıxışlar edilmişdir.

Həmçinin, Məhkəmə-Hüquq Şurası tərəfindən bu məsələ ilə bağlı müxtəlif Konfrans və digər tədris tədbirləri, konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə, regionlarda geniş seminarlar, hakimlər və hakimliyə namizədlər üçün Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimlər keçirilir.

- Fikrət müəllim, qəbul üçün vaxt tapdığınıza və bizi maraqlandıran sualları cavablandırdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

-Sağ olun. Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi məhkəmə islahatlarının uğurlu nəticələri, əldə edilmiş yüksək nailiyyətlər dahi öndər Heydər Əliyevin müəyyən etdiyi və bilavasitə insan haqlarının etibarlı müdafiəsinə yönəlmiş hüquqi islahatlar kursunun əzmlə inkişaf etdirildiyini göstərir. Möhtərəm Prezidentimizin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində göstərdiyi güclü siyasi iradə, məhkəmə hakimiyyətinin fəaliyyətinə verdiyi müstəsna əhəmiyyət və dəstək dövlətimizin bu sahədə daha parlaq uğurlara nail olacağına qəti əminlik yaradır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez