28-12-2011 | 04:02 2159
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə hərtərəfli tədbirlər görülür. Yeni təsirli icra mexanizmləri tətbiq edilməklə icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, xidmətin maddi-texniki bazası möhkəmləndirilmişdir.
2011-ci ildə icraata daxil olan işlərin sayı xeyli artaraq 130 mini ötmüş, görülən təsirli tədbirlər nəticəsində onların 80%-dən çoxunun icrasına nail olunmuş, qanunvericiliyin tələblərini pozan və icradan qərəzli yayınan 1600 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, 180 şəxs barəsində cinayət işi başlanılmış, 800-ə yaxın borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış və digər məcburiyyət tədbirləri tətbiq edilmişdir.
Həyata keçirilən tədbirlərə baxmayaraq, Konstitusiyada məcburiliyi təsbit olunmuş məhkəmə qərarlarının icrasından hər bir vəchlə yayınma hallarına rast gəlinir.
Belə ki, bu günlərdə Nəsimi rayon icra şöbəsinə borcla bağlı həbs qoyulmuş avtomobilin üzərindən bu qadağanın götürülməsi barədə məhkəmə qərarı və bu əmlaka aid digər rəsmi sənədlər təqdim olunmuşdur.
Sənədlərin həqiqiliyi şübhə doğurduğundan araşdırma aparılmış və onların tam saxta olması müəyyən edilmişdir.
İcra məmurlarının sayıqlığı nəticəsində qanunazidd əməllərin qarşısı alınmış, faktla bağlı toplanmış materiallar araşdırılması və tədbir görülməsi üçün Baş prokurorluğa göndərilmişdir.