02-02-2012 | 04:02 939
Avropa Şurası (AŞ) Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex fevralın 1-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər.
Görüşdə Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyi bildirilmiş, ölkəmizdə demokratiyanın gücləndirilməsi və insan hüquqlarının təşviqi, humanizm prinsiplərinin geniş tətbiqi, xüsusilə ölkə başçısı tərəfindən ötən ilin sonunda təsdiq olunmuş insan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramının əhəmiyyəti qeyd olunmuş, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə qazanılmış uğurlar qonaqların diqqətinə çatdırılaraq bu sahədə AŞ-nın və digər beynəlxalq təşkilatların fəal dəstəyi təqdir edilmişdir.
Eyni zamanda, ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyətinə toxunularaq AŞ Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və Avropa İttifaqı tərəfindən Azərbaycanda hakimlərin seçim prosedurunun müsbət model kimi qiymətləndirildiyi və bu təcrübənin digər dövlətlərə örnək kimi tövsiyə edildiyi vurğulanmışdır.
Söhbət zamanı həmçinin, qanunvericilik, inzibati ədliyyə və s. məsələlər müzakirə olunmuş, qonaqları maraqlandıran suallara aydınlıq gətirilmişdir.