IMAGE

Vətən müharibəsində şəhid olan ədliyyə işçisi Ruhin Xəlilovun anım günü keçirilib

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş qəhrəman övladlarımızın şücaəti xalqımız tərəfindən daim yüksək qiymətləndirilir, şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq dövlət başçısı tərəfindən Anım Günü təsis edilib, Vətən Müharibəsi Memorial Kompleksinin təməli qoyulub.

Eyni zamanda müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərimizə hərtərəfli dövlət qayğısı göstərilərək, onların sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlər görülür.

Ədliyyə Nazirliyi tərəfindən şəhid ailələrinə, yaralananlara və hərbçilərimizə ilk gündən lazımi dəstək göstərilir, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlər görülür.

Vətən müharibəsində 100-dən çox ədliyyə və məhkəmə işçisi, o cümlədən könüllü iştirak edərək fədakarlıq göstərib, ölkə Prezidenti tərəfindən çoxsaylı medallarla təltif olunub, həmçinin nazirlik tərəfindən onların qayğıları daim diqqət mərkəzində saxlanılır.

Müharibənin ilk günlərindən könüllü cəbhəyə yollanan əməkdaşlardan Ədliyyə Nazirliyi İcra baş idarəsinin məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilov torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda – Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət nümayiş etdirərək oktyabrın 21-də şəhid olub.

Ruhin Xəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Eyni zamanda ona nazirlik tərəfindən "Fəxri ədliyyə işçisi" adı verilib, Ədliyyə tarixi muzeyində, həmçinin ədliyyə orqanlarında onun fəaliyyət göstərdiyi iş otaqlarında foto və sənədlərdən ibarət xatirə guşələri yaradılıb, barəsində xüsusi reportajlar, sənədli filmlər hazırlanaraq nümayiş etdirilib.

İkinci Fəxri xiyabanda dəfn olunmuş R.Xəlilovla bağlı nazirlik tərəfindən silsilə tədbirlər keçirilir, məzarı ziyarət olunaraq əziz xatirəsi daim yad edilir.

Həmçinin ailəsinin qayğıları və sosial rifahı nazirlik tərəfindən daim diqqətdə saxlanılır, şəhid əməkdaşın həyat yoldaşı nazirlikdə qulluğa qəbul edilib.

Oktyabrın 21-də Ruhin Xəlilovun şəhid olmasının ildönümü ilə əlaqədar ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin rəhbər heyəti İkinci Fəxri xiyabanda şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər. Ziyarətdə həmçinin, yerli icra hakimiyyəti orqanlarının rəhbərliyi, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə ədliyyə naziri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi ilə xalqımızın parlaq zəfər qazandığı Vətən müharibəsində dövlətimizin hərbi-siyasi uğuru və ordumuzun şücaəti sayəsində, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımızın işğaldan azad edildiyini, Ruhin və onun kimi qəhrəmanlarımızın qanının yerdə qalmadığını vurğulayıb, dövlət başçısı və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrimizin və yaralı hərbçilərimizə daim yüksək qayğı göstərildiyini qeyd edib.

Nazir R.Xəlilovun xidmətdəki yüksəlişindən, insani və iş keyfiyyətlərindən, əsl vətəndaş mövqeyindən bəhs edib, ona Allahdan rəhmət, ailəsinə səbr diləyib.

Nazirlikdə R.Xəlilovun ailə üzvlərinin, gənc ədliyyə işçilərinin və könüllülərinin iştirakı ilə hibrid formada keçirilən "Şəhid Ruhin Xəlilovun mərdliyi və şücaəti ədliyyə gənclərinə örnəkdir" mövzusunda tədbirdə onun vətənpərvərliyindən, həyat və döyüş yolundan danışılıb, zəhmətsevərliyindən, kollektivlə davranışı, səmimi münasibəti ilə bağlı xatirələr bölüşülüb.

Şəhidin ailə üzvləri həmçinin nazirlikdə R.Xəlilovun iş otağındakı xatirə guşəsi ilə tanış olublar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez