07-02-2012 | 04:02 1007
Fevralın 7-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhranlar üzrə Xüsusi Nümayəndəsi Filipp Lefortla görüşmüşdür.
Azərbaycanın Avropa İttifaqı ilə səmərəli əməkdaşlığını qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, yeni məhkəmələrin yaradılması, hakimlərin seçimi və tədrisi üzrə işlərdən danışmış, ölkəmizdə hakimlərin seçim prosedurunun Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsində və Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının hesabatında müsbət model kimi qiymətləndirildiyini və bu təcrübənin digər dövlətlərə tövsiyə edildiyini vurğulamışdır.
Aİ-nin xüsusi nümayəndəsi F.Lefort öz missiyası barədə məlumat vermiş, bölgələrdə əməkdaşlıq məsələlərinə toxunaraq mütəşəkkil cinayətkarlıqla mübarizə və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulamışdır. Qonağın diqqətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20%-nin işğalı və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı çatdırılaraq, nəzarətsiz qalmış bu ərazilərin silah və narkotiklərin qanunsuz dövriyyəsi üçün əlverişli şərait yaratdığı bildirilmişdir.
F.Lefort Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla əməkdaşlığın uğurlu və çevik inkişafını məmnunluqla qeyd etmiş, ölkəmizdə məhkəmə sisteminin inkişafı, ədliyyə, o cümlədən penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə aparılan işlərə böyük maraq göstərərək, bu sahədə qazanılmış nailiyyətləri təqdir etmişdir.
Söhbət zamanı Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanda ədliyyə islahatlarına dəstək”, habelə Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Hərtərəfli İnstitusional Quruculuq proqramları üzrə görülən işlər təqdir olunaraq, bu mühüm layihələrin uğurla icra olunacağına əminlik ifadə edilmişdir.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia iştirak etmişdir.