23-02-2012 | 04:02 829
Fevralın 23-də ölkəmizə səfərə gələn Türkiyənin daxili işlər naziri İdris Naim Şahin respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə inkişafını qeyd edən nazir zəngin müqavilə-hüquq bazasına söykənən ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsini, hər iki dövlətin ədliyyə nazirlərinin qarşılıqlı səfərlərinin, beynəlxalq təşkilatlar çərçivəsində göstərilən dəstəyin əhəmiyyətini, habelə Ədliyyə akademiyaları arasında səmərəli əməkdaşlığı vurğulamışdır.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə sahəsində aparılan islahatlar və qazanılmış nailiyyətlər barədə məlumat verilmişdir.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən türkiyəli nazir, xalqlarımız arasında qardaşlıq münasibətlərinin dinamik inkişafını qeyd etmiş, respublikamızın nailiyyətlərini təqdir etmiş, ölkələrimiz arasında hüquqi əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, elektron xidmətlərin tətbiqi, bələdiyyələrin fəaliyyəti və s. məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc iştirak etmişdir.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.