Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihə uğurla keçirilir

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurlu məhkəmə-hüquq islahatları aparılır, bu zaman nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilir. Belə ki, Dünya Bankı ilə birgə həyata keçirilən Ədliyyə sisteminin müasirləşdirilməsi Layihəsi çərçivəsində 20-dən çox yeni məhkəmə binaları və komplekslərinin layihələri hazırlanmış, artıq Oğuz rayonunda inşa olunmuş məhkəmə binası dövlət başçısının iştirakı ilə istifadəyə verilmiş, habelə müxtəlif regionlarda bir sıra yeni məhkəmə binalarının inşası başa çatmaq üzrədir.

Layihənin icrası vəziyyətini, o cümlədən görülən işlərin vaxtında, mütəşəkkil qaydada və keyfiyyətli yerinə yetirilməsini dəyərləndirən Dünya Bankı əlavə vəsaitin ayrılması qərarına gələrək Ədliyyə Nazirliyi ilə yeni kredit sazişi imzalamışdır. Bu Sazişə əsasən yeni məhkəmələrin və məhkəmə komplekslərinin tikintisi, qabaqcıl İKT-lərin geniş tətbiqi, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi və digər tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Martın 3-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef Ouen və Layihənin yeni rəhbəri Amit Muherji ilə görüşmüşdür.

Dünya Bankı ilə səmərəli əməkdaşlığı vurğulayan nazir ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə həyata keçirilən Layihənin mühüm əhəmiyyətini qeyd etmiş, habelə islahatlardan, xüsusilə Azərbaycanda hakimlərin seçimi prosesindən danışaraq, bu prosedurun Avropa Şurası və Avropa İttifaqı tərəfindən müsbət model kimi qiymətləndirildiyini və digər dövlətlərə örnək kimi tövsiyə edildiyini bildirmişdir.

Layihənin yeni rəhbərini təqdim edən C.Ouen ədliyyə sahəsində qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirmiş, Layihənin ən uğurlu və səmərəli icra olunan layihələrdən olduğunu bildirmişdir. Qonaqlar ölkəmizin hüquqi nailiyyətlərini təqdir edərək məhkəmə infrastrukturunun müasirləşdirilməsi ilə bağlı Azərbaycanın müsbət təcrübəsinin artıq digər dövlətlərə yayılmasının əhəmiyyətini vurğulamışlar.

Görüşdə həmçinin, əməkdaşlıq məsələləri və layihənin icrası üzrə görüləsi tədbirlər müzakirə edilmişdir.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez