05-11-2021 | 19:00 2157
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində parlaq qələbənin qazanılmasının bir ili tamam olur. Dövlət başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü təsis edilib.
Zəfər Günü Ədliyyə Nazirliyində və struktur qurumlarda təntənə ilə geniş qeyd olunub, bu münasibətlə silsilə tədbirlər təşkil edilib, o cümlədən Hərbi Qənimətlər Parkı, habelə “Zəfər Yarmarkası” ilə tanış olunub, ədliyyə könüllüləri Azərbaycan bayraqları ilə yürüş ediblər. Həmçinin, nazirliyin döyüşlərdə iştirak etmiş əməkdaşları mükafatlandırılıb, yaxın ailə üzvü şəhid olmuş və yaralanmış ədliyyə işçilərinin ailələrinə və məhkəmə aparatlarının əməkdaşlarına baş çəkilib, YAŞAT və Qarabağ Dirçəliş fondlarına könüllü ianələr edilib.
Noyabrın 5-də Ədliyyə Nazirliyində Zəfər Gününə həsr olunan yığıncaq keçirilib. Tədbirdən öncə ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin rəhbər heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla anıblar.
Yığıncaqda Vətən müharibəsinin zəfər salnaməsindən bəhs olunub, bayram münasibətilə hazırlanmış film nümayiş etdirilib. Doğma torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olmuş Vətən övladlarının, o cümlədən ədliyyə işçisi Ruhin Xəlilovun işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nazir çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövlətinin tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşadığını vurğulayıb. Bildirib ki, “dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.
Bu qələbənin təməlində dövlət başçısının güclü iradəsinin, müstəqil və düşünülmüş siyasətinin, yenilməz sərkərdəlik və diplomatik məharətinin dayandığını bildirən nazir döyüş meydanında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında daim irəliləyən Azərbaycan Ordusunun dünyanı heyran qoyan unikal əməliyyatları ilə torpaqlarımızı işğaldan azad etdiyini vurğulayıb.
Dövlət başçısının xalqa müraciətləri, dünyanın aparıcı medialarına çoxsaylı müsahibələri ilə müharibənin gedişinə güclü təsir etdiyi, zəfər müjdələri ilə xalqımızda və ordumuzda vətənpərvərlik ruhunu daha da yüksəltdiyi bildirilib, Azərbaycanın ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti, ordumuza qayğılı münasibəti xüsusilə qeyd olunub.
Tədbirdə Zəfər Gününün həm də müstəqilliyimizin simvolu olan Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyi, Azərbaycanın üçrəngli bayrağının azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalandığı vurğulanıb, Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezidentin fəal iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda nəhəng bərpa-quruculuq işlərinin aparıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, qısa müddətdə yol-nəqliyyat, enerji, sosial infrastrukturların yenidən qurulması – bu ərəfədə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizə səfər etmiş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ilə birgə Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışı və Zəngəzur dəhlizinin təməlinin qoyulması, habelə tarixi, dini və mədəni abidələrimizin bərpası, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiqi dövlətimizin qüdrətinin və möhkəm iqtisadi potensialının əyani təzahürü olmaqla bütün dünyada heyrətlə qarşılanır.
Eyni zamanda, Böyük Qələbədən sonra keçirilmiş Zəfər Paradının, ölkə başçısının təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkının xalqımızın parlaq Zəfərinin və ordumuzun qəhrəmanlığının təcəssümü olduğu, Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulduğu qeyd edilib, şəhid ailələrinin və qazilərinin yüksək dövlət qayğısı ilə əhatə olunduğu vurğulanıb.
Yığıncaqda respublika Prezidenti tərəfindən Vətən müharibəsi iştirakçılarının, o cümlədən ədliyyə və məhkəmə işçilərinin çoxsaylı medallara layiq görüldüyü qeyd olunub, döyüşlərdə mərdlik və şücaət nümayiş etdirərək şəhid olmuş nazirliyin əməkdaşı I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilovun 4 medalla təltif olunduğu bildirilərək, onlardan “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ədliyyə orqanlarına işə qəbul olunmuş həyat yoldaşına təqdim edilib.
Bayram münasibətilə ədliyyə orqanlarda keçirilən tədbirlərdə ədliyyə işçiləri Vətən müharibəsində Böyük Qələbənin sevincini bölüşüb, dövlət başçısının rəhbərliyi ilə doğma Qarabağımızın tezliklə cənnətə çevriləcəyinə və azad edilmiş torpaqlarımızda həyatın yenidən qaynayacağına əminliyini ifadə ediblər.
Zəfər Günü ilə bağlı həmçinin, nazirliyin muzeyində yeni yaradılmış zalda “Qarabağ Azərbaycandır!” və “Zəfərdən Dirçəlişə” adlı Vətən müharibəsinin 44 günlük salnaməsinə, azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinə həsr edilən ekspozisiyalarla tanışlıq olub, video-çarxlar, slaydlar nümayiş etdirilib. Eyni zamanda ədliyyə orqanlarında ağacəkmə və qanvermə aksiyaları keçirilir, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilir, nazirliyin internet və sosial media səhifələrində məlumatlar paylaşılır.