IMAGE

“Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib

 Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktına həsr olunan tədbirdə nazirliyin, Penitensiar və Probasiya xidmətlərinin əməkdaşları, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri iştirak ediblər.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova dəyirmi masada çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin humanizm siyasətinə uyğun olaraq ötən müddət ərzində qəbul edilən amnistiya aktları nəticəsində on minlərlə məhkum azadlığa qovuşaraq ailələrinə sevinc bəxş edilib. İndiyədək 11 amnistiya aktı qəbul olunub və 117 min 770 şəxsə şamil edilib. Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş sonuncu amnistiya aktı da dövlətimizin humanist siyasətinin növbəti təzahürüdür.

Eyni zamanda, bu günədək Azərbaycanda 67 əfvetmə haqqında qərar qəbul olunub, bu da 8774 nəfərə şamil edilib.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən dörd amnistiya aktı 40 min 412 nəfərə şamil olunub.

Amnistiya qərarı üzrə ədliyyə orqanlarının üzərinə düşən mühüm vəzifələrin vaxtında icrasını təmin etmək məqsədilə ədliyyə naziri tərəfindən dərhal noyabrın 5-də əmr imzalanıb, Qərarın dürüst və mütəşəkkil icrasına gündəlik nəzarətin təmin olunması, habelə amnistiyanın tətbiqi ilə bağlı şikayətlərin operativ, hərtərəfli və prinsipial araşdırılıb qanunamüvafiq tədbirlər görülməsi məqsədilə məsul əməkdaşlardan ibarət Monitorinq qrupu yaradılıb.

Dəyirmi masada çıxış edən nazirliyin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov deyib ki, amnistiya aktının icrası aidiyyəti orqanlar tərəfindən dörd ayda başa çatdırılacaq. Zəfər Günü münasibətilə imzalanan amnistiya aktının fərqi ondan ibarətdir ki, bu akt qanuni qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə də aid ediləcək. Akta əsasən, amnistiya ilk dəfə ağır cinayət törədilməsinə görə verilmiş cəza müddətinin çəkilməmiş hissəsi altı ayadək olan şəxslərə də şamil olunacaq.

Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov qeyd edib ki, hazırkı amnistiya aktı genişmiqyaslı olması ilə digərlərindən seçilir. Bu amnistiya aktının Penitensiar Xidmət üzrə 5800 məhkuma, Probasiya Xidməti üzrə isə 8800 nəfərə şamil olunması gözlənilir. Amnistiya aktı 4 bölmə və 45 hissədən ibarətdir. Birinci bölmədə amnistiyanın şamil edildiyi şəxslərin siyahısı yer alıb. İkinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü və dördüncü bölmələrdə isə müvafiq olaraq aktın qüvvəyə minməsi və icra prosesi ilə bağlı məlumat göstərilir.

M.Ələkbərov əlavə edib ki, amnistiya aktının imzalanmasından bir gün sonra - noyabrın 6-da Penitensiar Xidmət üzrə 36 məhkum azadlığa buraxılıb. Bu günədək ümumilikdə Penitensiar Xidmət üzrə 101 məhkuma amnistiya aktı şamil olunub. Amnistiya aktının 70-dək qadına və yeniyetməyə şamil olunması gözlənilir. “Azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiya ilə bağlı tədbirlər görülüb. Amnistiya ilə azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiya ilə bağlı aidiyyəti qurumlar tərəfindən də işlər görülür. Həmin məhkumlar reabilitasiya və adaptasiya prosesi çərçivəsində müraciət edərək zəruri yardımlar ala bilərlər. Hər bir məhkum dövlət tərəfindən diqqət mərkəzində saxlanılır”, - deyə M.Ələkbərov əlavə edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təşkilat nəzarət idarəsinin rəisi Vüqar Abışov diqqətə çatdırıb ki, amnistiya aktının qəbul edildiyi gündən aidiyyəti üzrə komissiya və işçi qrupu yaradılır. Amnistiyanın şamil ediləcəyi məhkumların siyahısının baş idarəyə təqdim olunması üçün onların şəxsi işləri, əvvəlki məhkumluqları ilə bağlı məlumatlar öyrənilir. Məlumatlar informasiya bazasından istifadə edilərək yoxlanılır. Amnistiya aktının şamil olunduğu, lakin tətbiq edilmədiyi məhkum ola bilməz. Eyni zamanda, ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin və ədliyyə orqanları əməkdaşlarının birgə fəaliyyəti ilə ciddi nəzarət həyata keçirilir. Penitensiar müəssisələr üzrə bu günədək 100-dən çox məhkum azad edilib. Cəza müddəti azaldılan məhkumlarla bağlı isə prokurorluğa müraciət edilib.

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, “Konstitusiya Araşdırmaları” Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktının icrası üçün dörd aylıq müddətin göstərilməsinə baxmayaraq, bu prosesin daha qısa müddətdə icra olunacağına ümid edir. Amnistiya aktının imzalanmasından dərhal sonra 100-dən çox şəxs azadlığa buraxılıb. Amnistiya aktlarının tətbiqində sui-istifadə halları ola bilməz. Bu məsələdə Ədliyyə Nazirliyi tərəfindən çox ciddi nəzarət var. Bu proses müddətində monitorinqlər aparılacaq və ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez