01-06-2012 | 04:02 822
Ədliyyə sisteminin inkişafı üzrə görülən tədbirlər çərçivəsində Avropa Komissiyası ilə səmərəli əməkdaşlıq qurularaq 2012-2014-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edən "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramının icrasına başlanılmışdır.
Layihə üzrə nəzərdə tutulan tədbirlərin mütəşəkkil və vaxtında təmin olunması, bu işlərin əlaqələndirilməsi, monitorinqlərin aparılması məqsədilə Ədliyyə nazirliyində yaradılmış geniş tərkibli Proqramın İdarəetmə Komitəsinin iclası keçirilmişdir.
Giriş nitqi ilə tədbiri açan nazir müavini Toğrul Musayev Azərbaycan Respublikası Prezidenti tərəfindən son illər ərzində ədliyyə orqanlarının inkişafına və müasirləşdirilməsinə yönəldilmiş çox mühüm normativ-hüquqi aktların qəbul olunduğunu, ölkəmizdə ilk dəfə olaraq regional ədliyyə şöbələrinin yaradıldığını, Ədliyyə Akademiyasının təsis edildiyini, həmçinin penitensiar sistemin və digər sahələrin inkişafı üzrə genişmiqyaslı islahatların aparıldığını qeyd etmiş, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının həyata keçirilən işlərə böyük maraq göstərərək dəstək verdiyini bildirmiş, birgə Proqramın istiqamətləri üzrə əməli tədbirlərin görüldüyünü vurğulamışdır.
İclasda çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri səfir Roland Kobia dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizin hərtərəfli dinamik tərəqqisini, o cümlədən ədliyyənin inkişafı üzrə qazanılmış nailiyyətləri təqdir edərək, Azərbaycanla tərəfdaşlıq münasibətlərində ədliyyə fəaliyyəti üzrə əməkdaşlığın mühüm yer tutduğunu diqqətə çatdırmış, bu istiqamətdə islahatların davamlı olmasına əminliyini ifadə etmişdir.
İclasda Proqramın icrası ilə bağlı müəyyən olunmuş şərtlərin yerinə yetirilməsinə və qarşıda duran vəzifələrə dair geniş müzakirələr aparılmış, görülən işlər barədə hesabat və məruzələr dinlənilmiş, təkliflər irəli sürülərək, konkret tapşırıqlar verilmişdir.
Tədbirdə Avropa Komissiyasının ölkəmizdəki missiyasının, habelə İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin nümayəndələri və ekspertlər iştirak etmişlər.