28-06-2012 | 04:02 1497
Dövlət başçısı cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə Azərbaycanda ümumbəşəri sosial bəla olan korrupsiya ilə sərt mübarizə aparılır, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Azərbaycan 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) təşkilatçılarından biri kimi onun işində fəal iştirak edir, respublikamızın ədliyyə naziri qurumun vitse-prezidentidir.
Cari il iyun ayının 25-28-də Assosiasiya tərəfindən Çinin Dalian şəhərində geniş beynəlxalq seminar keçirilmişdir. Seminar korrupsiya ilə əldə edilən gəlirlərin qaytarılması və bu sahədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması kimi aktual məsələlərin müzakirəsinə həsr olunmuşdur.
Dünyanın 80 ölkəsindən 300-dən çox nümayəndənin, o cümlədən ədliyyə, məhkəmə və prokurorluq orqanları rəhbərlərinin iştirak etdiyi tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.
Tədbirin təntənəli açılış mərasimində Çinin KPMK Siyasi Bürosunun daimi üzvü, Siyasi və hüquqi işlər üzrə katibi Jou Yonkanq, Baş prokuror və vilayətin rəhbərliyi çıxış etmişlər.
|
Çinin Baş Prokuroru Çao Cianminqlə görüş |
Ölkəmizin İAACA-nın işinə verdiyi töhfələr nəzərə alınaraq, Azərbaycanın ədliyyə naziri qurumun vitse-prezidenti kimi seminarın plenar sessiyasına sədrlik etmişdir. Nazir sessiyada çıxış edərək antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd etmiş, korrupsiya ilə əldə edilmiş gəlirlərin qaytarılması işinin mükəmməl əlaqələndirilməsi və təkmilləşdirilməsinə dair təkliflər vermişdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri müxtəlif mövzulara həsr olunmuş müzakirələrdə çıxışlar edərək ölkəmizin antikorrupsiya təcrübəsindən danışmış, faydalı fikir və təcrübə mübadiləsi aparmışlar.
Səfər çərçivəsində respublikamızın ədliyyə naziri F.Məmmədovun və Çinin Baş prokuroru Çao Cianminqin rəsmi görüşü olmuşdur.
Ç.Cianminq Çin və Azərbaycan arasında dostluq və müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq ölkəmizin nailiyyətlərindən məmnunluğunu ifadə etmiş, ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini söyləmişdir.
Ölkələrimiz arasında hərtərəfli əlaqələrin dinamik inkişaf etdiyini qeyd edən nazir hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulamışdır. Nazir həmçinin bildirmişdir ki, Azərbaycanda bütün dünyada aktual olan korrupsiyaya qarşı geniş və kompleks mübarizə aparılır və bu məsələ ölkə Prezidentinin daim nəzarətindədir.
Çinin Baş prokuroru dövlətimizin korrupsiya ilə mübarizəyə, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığa verdiyi diqqəti yüksək qiymətləndirərək Azərbaycanın İAACA-nın inkişafına göstərdiyi dəstəyi və dəyərli töhfələrini xüsusi qeyd etmişdir.
Görüşdə həmçinin, qarşılıqlı fəaliyyətin prioritetləri, o cümlədən hüquqi yardım, məhkumların verilməsi və digər sahələrdə müqavilə-hüquq bazasının daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, Çinin Baş prokurorunun ölkəmizə səfərinə dair razılıq əldə olunmuşdur.
Səfər zamanı bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilmiş, səmərəli təcrübə mübadiləsi aparılmışdır.
Tədbirlərdə ölkəmizin Çindəki səfiri Lətif Qəndilov iştirak etmişdir.