02-07-2012 | 04:02 840
Azərbaycanda səfərdə olan Bolqarıstan Konstitusiya Məhkəməsinin sədri Yevgeni Taniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iyulun 2-də Ədliyyə Nazirliyində görüş keçirilmişdir.
Ölkələrimizin geniş müqavilə-hüquq bazasına söykənən əlaqələrini qeyd edən ədliyyə nazirinin müavini Toğrul Musayev 2007-ci ildə iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında Sazişin qarşılıqlı fəaliyyətin inkişafına təkan verdiyini vurğulamış, Nazirliyin fəaliyyət istiqamətlərinə toxunaraq son dövrdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan genişmiqyaslı islahatlar barədə məlumat vermişdir.
Görüşdə qonaqlar ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən məqsədyönlü işləri, o cümlədən Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən Avropa dövlətləri üçün örnək kimi dəyərləndirilən hakimlərin seçim proseduru ilə bağlı ölkəmizin nailiyyətlərini məmnunluqla qarşılamışlar.
Söhbət zamanı həmçinin, ədliyyə sahəsində həyata keçirilən layihələr, habelə qanunvericilik, inzibati ədliyyə və digər məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.