Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı noyabr ayının 26-da keçiriləcək

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, bölgələrdə yerləşən nazirliyin icra və probasiya, habelə qeydiyyat qurumlarının (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) hazırlıqlı gənc hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə növbəti test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə noyabr ayının 26-da keçiriləcəkdir.

COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə imtahan müsabiqədə iştirak üçün müraciət etmiş ilk 98 namizədlə keçiriləcək və onlara bu barədə fərdi qaydada məlumat verilmişdir.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında saat 10:00-da başlanacaq imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.

Qaydalara əsasən test imtahanının nəticəsinə görə 55 və daha artıq bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi, həmçinin onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

Xatırladırıq ki, namizədlərin imtahanlara hazırlaşmalarına dair metodiki xülasə və müsabiqənin keçirilməsi qaydaları ilə nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və qeydə alınan namizədlərin elektron kabinetlərində tanış olmaq mümkündür. Bu sənədlər habelə, yerli ədliyyə qurumlarına müraciət edənlərə təqdim olunur.

Müsabiqədə iştirak edən hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında davamlı hazırlıq kursları keçirilir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Eyni zamanda bildirilir ki, hazırda müsabiqədə iştirakla bağlı ərizə qəbulu davam edir və nazirliyin bölgələrdəki yerli qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər (www.exidmet.justice.gov.az). Müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti test imtahanları keçiriləcəkdir.

Əlavə məlumatları nazirliyin internet səhifəsindən (www.justice.gov.az), eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez