29-11-2021 | 18:03 792
Ədliyyə nazirliyinin yerləşdiyi köhnə memarlıq üslubundakı binanın dəhlizlərində gəzişirəm. Əzəmətli sütunları olan işıqlı iri otaqlar, hər yanda səliqə, intizam, sakitlik, divarlar birinci dərəcəli məmurluğun ruhunu əks etdirir…
Fikrət Məmmədov açıq-aydın Əliyev məmurunun obrazını təcəssüm edir. Ciddiyyət, səlis və düzgün qurulmuş, heç bir artıq və protokoldan kənar sözə yer verməyən nitq. Bununla bərabər, nazir mütərəqqi və müasir çağırışlara açıq olan insan təəssüratı yaradır.
Hətta oliqarxik dövrdə də Fikrət Məmmədov Əliyev hökumətində tənqidi səslərdən kənarda qalan azsaylı kadrlardan biri idi. Qalmaqalsız və ajiotajdan uzaq. Ədliyyə nazirini dövlətçilik dürüstlüyünün nümunəsi adlandırmaq olar.
Və mənim tənqidi baxış bucağı altında qurulmuş suallarım da dövlət bürokratizminin sərt divarları (sözün yaxşı mənasında) ilə təzad yaradır.
Diqqətinizə “Eynulla Fətullayevlə söhbətlər” silsiləsindən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla söhbətin ikinci hissəsini təqdim edirik.
Fikrət Məmmədov
- Sizin fikrinizcə, məhkəmə qərarlarının icrasında ən problemli sahə hansıdır? Və niyə məhz həmin sahədə daha çox həll olunmamış problem toplanıb?
- Problemlərdən danışarkən, xüsusi olaraq alimentlərin ödənilməsi ilə bağlı fəaliyyətin üzərində dayanmaq istərdim. Təəssüf ki, bu qəbildən olan işlərin sayında xeyli artım müşahidə olunur, illik say artıq 100 minə çatıb. Burada söhbət cəmiyyətin ən həssas hissəsindən - uşaqlardan və analardan gedir, odur ki, məsələnin sosial əhəmiyyətini nəzərə alaraq bu işləri xüsusi nəzarətdə saxlayırıq, onların həllinin daha işlək mexanizmlərini tətbiq etməyə imkan verən qanunverici tədbirlər təşəbbüsü ilə çıxış edirik. Son il yarımda 130 milyon manatdan çox məbləğdə alimentin ödənişlərini təmin etmişik, ancaq hər bir uşağın hüququnun təminatı üçün özümüzdən asılı olan hər şeyi yerinə yetirməyə davam edirik. Ancaq bəzən obyektiv çətinliklərlə də qarşılaşırıq - məsələn, borclunun harada olması naməlumdur, yaxud ölkə hüdudlarından kənardadır və ya cəzaçəkmə müəssisəsindədir, əlilliyi var və s..
Valideynlik borcunun qəsdən yerinə yetirilməməsi kimi vicdandan kənar nümunələr isə qəzəb doğurur. Belə hallarda qanunun bütün gücü işə salınır və son 2 ilə yaxın dövrdə bu cür məsuliyyətsiz valideynlərə qarşı 400-ə yaxın cinayət işi qaldırılıb, istintaqın gedişində 600 min manatdan çox alimentin ödənilməsini təmin etməyə müvəffəq olunub. Ancaq fikrimcə, bu məsələdə yalnız məcburiyyət tədbirləri ilə kifayətlənmək olmaz.
Bu problem bütün dünyada, hətta ən inkişaf etmiş Qərb ölkələrində də aktuallığını saxlamaqdadır. Ona görə də təəccüblü deyil ki, bu sahədə məsuliyyətin artması ilə yanaşı, bu cür borcluların ictimai qınağı ilə bağlı tədbirlər də görülür. Məsələn, ABŞ-da aliment ödəməkdən imtina edən şəxslər barəsində məlumatlar İnternetdə yerləşdirilir, fotoqrafiyaları bağlamalarda, kibrit qutularında və s. çap olunur, Latviya da özünəməxsus “rüsvayçılıq lövhəsi” mövcuddur: islaholunmaz borcluların hər biri haqqında məlumat İnternetdə dərc olunur, yaxud Ukraynada bu cür şəxslərin ictimai reyestri fəaliyyət göstərir və s.
Saytınızın geniş oxucu auditoriyasını nəzərə alaraq, hesab edirəm ki, ənənəvi olaraq ailə dəyərlərinin xüsusi əhəmiyyət kəsb etdiyi Azərbaycanda da insanlar heç bir direktiv gözləmədən bu çağırışa cavab verər, məsuliyyətsiz ataları qınayar, həmçinin ailələrin dağılmasında heç bir günahı olmayan köməksiz uşaqların taleyinə və rifahına tam biganəliklə yanaşan digər qohumları da mərhəmət hissinə çağıra bilərlər. Dünya ədəbiyyatının klassikinin söylədiyi kimi: “Bütün dünyanın xoşbəxtliyi məsum uşağın yanağındakı bircəcik göz yaşına dəymir”.
- Bizim redaksiyamıza tez-tez müxtəlif hərraclarda şəffaflığın olmaması ilə bağlı şikayətlər daxil olur ki, bu da xüsusi kommersiya şirkətlərinin timsalında onların təşkilatçılarına qanundan yayınmaq imkanı verir...
- Bu, həqiqətən problemdir, biz də, icra prosesinin iştirakçıları da bu problemlə mütəmadi olaraq rastlaşırıq. Faktlar var ki, müxtəlif qayda pozuntuları səbəbindən hərracların nəticələri məhkəmə qaydası ilə ləğv edilib.
Fikrimcə, elektron hərracların tətbiqi ilə köklü dönüş yaranacaq. Onların praktikada tətbiqi üçün qanunverici aktlar layihəsi tərəfimizdən hazırlanıb və hazırda müzakirə mərhələsindədir.
Elektron hərracların tətbiqi qanunvericiliklə nizamlanmanı yaxşılaşdıracaq, hərrac prosesini xeyli sürətləndirəcək, qeydiyyat, elan, ödəmələrin yoxlanması, protokolların tərtibatı və s. kimi bir çox təşkilati məsələləri onlayn rejimdə həll etməyə imkan verəcək. Perspektivdə isə bütün proses rəqəmsallaşacaq, bu isə hərracların keçirilməsi ilə bağlı xərclərə qənaət etməyə imkan verəcək.
Burada ən mühümü - tam şəffaflığın təmini, bütün iştirakçılara bərabər və əlçatan imkanların yaradılması, insan faktorunun təsirinin məhdudlaşdırılması və subyektiv müdaxilələr üçün imkanların istisna edilməsidir. Yalnız bu yolla hərrac prosesinin operativliyi, keyfiyyəti və effektivliyinə nail olmaq mümkündür.
- Oxucular hüquq sistemini ifrat bürokratizminə, kömək üçün müraciət edənlərin çoxlu vaxt və əsəb itirdiyinə görə tənqid edirlər …
- Söhbət məsuliyyətsizlikdən gedirsə, bəzi işçilərimizi də qeyd etmək istərdim. Təəssüf ki, onların arasında da öz vəzifəsini heç də həmişə vicdanla yerinə yetirməyənlərə, süründürməçiliyə və fəaliyyətsizliyə yol verənlərə, bəzən də tərəflərlə qeyri-prosessual münasibətlərə yol verənlərə rast gəlinir. Bu cür işçilərlə ciddi davranırıq. Məsələn, son 2-3 ildə 60-dan çox əməkdaş ciddi inzibati məsuliyyətə cəlb edilib, onlardan 18-i vəzifəsindən kənarlaşdırılıb və orqanlardan qovulub, 5 nəfərlə bağlı materiallar isə istintaqa təqdim olunub. Odur ki, biz həm işçilərin məsuliyyətinin artırılmasına, həm də onların peşəkarlığının yüksəldilməsinə və vətəndaşların qayğılarına olduqca diqqətli yanaşma hisslərinin formalaşmasına böyük diqqət ayırırıq.
Əlbəttə, icraatla bağlı fəaliyyətdə digər çatışmazlıqlar və problemlər də var, buraya sizin səsləndirdikləriniz də daxildir, ancaq onlar həll olunandır, odur ki, oxucuların diqqətini onlara yönəltmək istəməzdim.
- Azərbaycanın penitensiar sistemindəki vəziyyəti necə dəyərləndirirsiz? Yeni islah müəssisələrinin tikintisindəki ləngimələr nə ilə bağlıdır? Məni bu sual xüsusilə maraqlandırır, çünki təqsirim olmadan ömrümün dörd ilini həmin müəssisələrdə keçirmişəm…
Eynulla Fətullayev
- İlk növbədə qeyd etmək istəyirəm ki, penitensiar sistemin modernləşməsi və effektivliyinin artırılması məsələsi praktik olaraq bütün dünyada aktualdır və nüfuzlu ixtisaslaşmış beynəlxalq təşkilatlar türmə sisteminin yaxşılaşdırılması ilə bağlı hər yerdə əlavə tədbirlərin görülməsinə çağırırlar.
Burada ser Uinston Çörçillin sözlərini xatırlamaq yerinə düşərdi: «İstənilən cəmiyyətin sivilliyi barədə cəmiyyətin cinayətlərə olan münasibətinə və cinayətkarlarla davranmanın səviyyəsinə görə səhvsiz mühakimə yürütmək olar”.
Bu məqsədə çatmaq üçün problemin aydın dərki, müasirliyin çağırışlarını nəzərə almaqla yeni yanaşmaların tətbiqi və siyasi iradə vacibdir.
Penitensiar sistemin bünövrəsi müstəqilliyimizin bərpasından dərhal sonra, bu xidmətin DİN-in tabeliyindən Ədliyyə nazirliyinin tabeliyinə verilməsi ilə qoyulub.
Bu dövr ərzində qanunverici şəkildə məhkumların hüquq və azadlıqları genişlənib, əvvəllər bir çox hüquqdan məhrum olunmuş istintaq altında olanların hüquqları ilə bağlı xüsusi qanun qəbul edilib.
Penitensiar islahatların həyata keçirilməsi zamanı şəffaflığa böyük diqqət ayrılır. Biz artıq 20 ildən çoxdur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq edirik, onun nümayəndələri penitensiar müəssisələrə maneəsiz baş çəkmək və məhbuslarla təklikdə görüşmək hüququna malikdirlər. Avropa işgəncələrin qarşısının alınması Komitəsi ilə də uğurlu əməkdaşlığımız var.
Bununla yanaşı, biz penitensiar müəssisələrin ictimai monitorinqi ilə bağlı öz modelimizin təşəbbüskarı olmuşuq. Bu məqsədlə artıq 15 ildir ki, xüsusi İctimai Komitə uğurla fəaliyyət göstərir, onun tərkibinə ölkənin tanınmış hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri daxildir. Bizim yanaşmamız bir çox əcnəbi həmkarlarımız tərəfindən artıq “yaxşı” praktika modeli kimi qəbul edilir.
Müntəzəm monitorinqlər bizə çatışmazlıqları aşkarlamaq, onlara dərhal reaksiya vermək və aradan qaldırılması üçün tədbirlər görmək, habelə fəaliyyətimizi təkmilləşdirmək imkanı verir.
İslahatların vacib istiqamətlərindən biri də müasir penitensiar müəssislərin yaradılmasıdır və bu iş 2000-ci illərdən başlayıb. Onların fərqliliyi azadlıqdan məhrum etmə cəzasının çəkilməsində yeni yanaşmaların tətbiqindədir. Sovet dövründən qalmış və məhkumların böyük qruplarla əlverişsiz ümumi yerdə saxlandığı cəzaçəkmə sistemindən fərqli olaraq, yeni müəssisələrdə respublikada ilk dəfə olaraq kamera tipli saxlanma metodu tətbiq olunub.
Bütün kameralarda normal yaşayış üçün zəruri şərait (sanitar qovşağı, qaynar su, televizor və s.) var. Gün rejimi nəzərə alınmaqla məhkumlar günün böyük hissəsini açıq havada keçirir, onlara iş, istirahət, təhsil, idmanla məşğul olmaq, televiziya verilişlərinə baxmaq üçün şərait yaradılıb, kitabxana, kompüter tədris mərkəzləri, müasir tibbi-sanitar hissələr fəaliyyət göstərir və s.
Yeri gəlmişkən, göstərilən tibbi xidmətin xüsusilə də vərəmlə mübarizədə yüksək səviyyəsini qeyd etmək istərdim. ÜST-ün dəyərləndirməsinə görə, vərəmin penitensiar sistemdə yayılma riski vətəndaş sektoru ilə müqayisədə 100 dəfə çoxdur. Biz bu nəticələrə BQXK və Qlobal Fondla əməkdaşlığın sayəsində nail ola bilmişik. Belə ki, türmələrdə vərəmdən ölüm səviyyəsi son 25 ildə 200 dəfə azalıb, sağalma faizi isə ÜST-ün standartlarını yetərincə ötüb. Bizim müsbət təcrübəmizə tələbat yaranıb və onun yayılması üçün Bakıda Tədris mərkəzi yaradılıb. Həmin mərkəzə ÜST beynəlxalq status verib. Avropanın və digər qitələrin onlarla ölkəsindən yüzlərlə ekspert bizim təcrübəmizi öyrənərək bu modelləri tətbiq etməyə başlayıb.
Bildirmək istəyirəm ki, yeni penitensiar müəssisələr artıq Naxçıvanda və Şəkidə fəaliyyət göstərir. Bu komplekslərin bölgələrdə tikintisinə üstünlük verilib ki, bu da məhkumların cəmiyyətə təkrar inteqrasiyasına yardım edir, belə ki, onlar cəzalarını ailələrinə yaxın yerlərdə çəkirlər və bu, onların görüşlərini, ünsiyyətini asanlaşdırır.
Bundan əlavə, Zabrat qəsəbəsində 2009-cu ildə Bakı istintaq təcridxanası tikilərək istifadəyə verilib və o, Respublikamızda ən iri penitensiar müəssisədir. Onun əsas xüsusiyyəti hər kamerada ayrıca gəzinti zonasının olmasıdır.
Qeyd etmək lazımdır ki, yeni penitensiar müəssisələrin layihələşdirilməsi və inşası qabaqcıl beynəlxalq praktika, habelə Avropa işgəncələrin qarşısının alınması Komitəsinin və digər beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla aparılır. Hətta kameraların rəngi də psixoloqların rəyləri ilə seçilir və adətən işıqlı çalarlara üstünlük verilir.
Bundan əlavə, hazırda Lənkəranda və Gəncədə penitensiar komplekslərin, Umbakı qəsəbəsində isə türmənin inşası davam edir.
Qeyd edək ki, bütün sadalanan obyektlərin inşası planlı şəkildə, dövlətin ayırdığı vəsaitlər nəzərə alınmaqla həyata keçirilir. Düzdür, maliyyə böhranı tikintinin qrafikinə də təsirsiz ötüşməyib, ancaq qətiyyətlə deyə bilərik ki, başlanmış tikinti işlərinin heç biri dayandırılmayıb və hamısında işlər davam etdirilir.
Xüsusi olaraq oxucularla inşası davam edən 2 ixtisaslaşmış penitensiar müəssisə ilə bağlı məlumatı bölüşmək istərdim - onlar məhkum olunmuş qadınlar və azyaşlılar üçün nəzərdə tutulub. Həmin müəssisələrdə tikinti işləri artıq tamamlanma mərhələsindədir və gələn ilin əvvəlində söylədiyimiz kateqoriyalardan olan bütün məhbusların yeni müəssisələrə köçürüləcəyini planlaşdırmışıq.
Xüsusi olaraq qeyd etmək istərdim ki, bu, prezidentin 26.02.2021 tarixli sərəncamı ilə mümkün olub - həmin sərəncamla bu müəssisələrin tikintisinin tamamlanması üçün zəruri maliyyə vəsaitləri ayrılıb. Və bütün bunlar pandemiya ilə fəal mübarizə aparan, müharibəni yaşayan, azad olunan əraziləri yüksək sürətlə bərpa edən ölkədə baş verib. Halbuki sadaladıqlarımızın hər biri nəhəng maliyyə xərcləri tələb edir.
Bu isə ölkə rəhbərliyinin bəhs etdiyimiz məsələyə verdiyi əhəmiyyəti və diqqəti göstərir.
Xüsusi olaraq vurğulamaq istərdim ki, adı çəkilən müəssisələrin inşası sona yaxınlaşsa da, biz tezliklə reallaşacaq “köçürmə”ni gözləmədən məhkum qadın və azyaşlıların saxlanma şəraitinin maksimum mümkün yaxşılaşdırılması üçün tədbirlərimizi davam etdiririk, onlara hüquqi, psixoloji və s. yardımların göstərilməsi imkanlarını genişləndiririk.
Biz gözləyirdik ki, bu tədbirlər onların mənəvi ruhunu yüksəltməyə və cəmiyyətə yenidən inteqrasiyasına imkan verəcək, ancaq nəticə bütün gözləntiləri ötdü. Məhkum qadınlar Ədliyyə nazirliyinə iki yüz və hətta üç yüz imza ilə təşəkkür müraciətləri yolladılar və bizim üçün gözlənilməz oldu ki, onlar səmimi arzularla bizim peşə bayramımızı təbrik etdilər.
Yeni müasir penitensiar müəssisələrin yaradılması məhkumların hüquqlarının təmin olunması ilə bərabər həm də türmə sisteminin yüklənməsinin azalmasına xidmət edir.
Bu problemin həllinin daha bir üsulu alternativ cəza tədbirlərinin tətbiq olunmasıdır.
Məhz bu məqsədlə yeni probasiya xidməti yaradılıb, “elektron bilərziklər”dən istifadəyə başlanılıb. Bu vaxt həm “azadlığın məhdudlaşdırılması” kimi cəzalandırmanın, həm də alternativ cəzaların effektiv tətbiqi təmin edilir. Hazırda 4 000-dən çox məhkum elektron bilərzik taxır və gecə-gündüz çalışan elektron monitorinq xidmətinin nəzarəti altındadır.
Vaxtından əvvəl şərti azadlıq institutu da effektiv tətbiq edilir. Xüsusi komissiya yaradılıb, onun işində vətəndaş cəmiyyətinin nümayəndələri də fəal iştirak edir. Son 3 ildə 5 600-dən çox şəxs vaxtından əvvəl azadlığa çıxıb, 1 660 şəxs isə açıq tipli penitensiar müəssisəyə köçürülüb.
Bununla yanaşı, son bir neçə ildə cəzaların humanistləşdirilməsi ilə bağlı qlobal islahat çərçivəsində cinayət qanunvericiliyinə yüzlərlə dəyişiklik edilib, nəticədə bir sıra cinayətlər dekriminallaşdırılıb, sanksiyalar azaldılıb və yeni növ alternativ cəzalar təsis olunub. Bu islahat məhkumların əhəmiyyətli hissəsini əhatə edib, o cümlədən 2 200 şəxs cəzadan tam azad edilib, 3 500 nəfərin isə cəza müddəti azaldılıb.
Bununla bərabər, ölkəmizdə humanizm ideyalarına uyğun olaraq əfv və amnistiya institutları da fəal şəkildə tətbiq olunur. Yalnız son 4 ildə ölkə prezidenti tərəfindən 1 866 məhkum əfv olunub. Yeri gəlmişkən, pandemiyanın əvvəlində 65 yaşdan yuxarı olan və buna görə risk qrupuna düşən şəxslərin əksəriyyəti əfv edilmişdi.
Həmçinin Qələbə bayramı münasibətilə dövlət başçısının təşəbbüsü ilə Milli Məclis Amnistiya aktını qəbul edib və o, təxminən 17 000 nəfərə şamil olunacaq. Artıq bu günədək amnistiya müxtəlif növ cəza çəkən 1 500 nəfərə tətbiq edilib.
Bu tədbirlər də türmə əhalisinin (Avropada işlədilən terminlə desək) sayının azaldılmasına yardım edir.
Bütün bunlar o demək deyil ki, bizim problem və çatışmazlıqlarımız yoxdur, onlar bizə məlumdur, bizi narahat edir və onların aradan qaldırılması üçün ardıcıl tədbirlər görülür.
(Ardı var)