01-12-2021 | 16:19 1404
Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu zaman şəhid ailələrinin və hərbçilərin qayğılarına xüsusi həssaslıqla yanaşılır.
Pandemiya şəraitinin davam etməsi nəzərə alınaraq vətəndaşların müraciətlərinə elektron qaydada baxılır, müasir İKT tətbiq olunmaqla videoformatda qəbulların keçirilməsi davamlı xarakter alıb.
Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 30-da paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulu keçirilib.
Regional ədliyyə idarələri vasitəsilə keçirilən qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, onların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə, o cümlədən şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılaraq araşdırılması üçün nəzarətə götürülüb. Qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün nazirliyin qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar onların müraciətlərinə və qayğılarına hər zaman diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, videoqəbulun təşkilindən məmnunluqlarını bildiriblər.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı