08-12-2021 | 19:39 1783
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli
inkişafına uyğun olaraq ədliyyə sistemi mütərəqqi islahatlar aparılmaqla təkmilləşir
və müasirləşir, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə əhaliyə daha
keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl tədbirlər həyata
keçirilir.
Dekabrın 8-də Ədliyyə Nazirliyində vətəndaş cəmiyyəti institutları və
KİV nümayəndələrinin iştirakı ilə “Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş
məmnunluğuna xidmət edən ədliyyə islahatları və innovasiyalar” mövzusunda
media-tur təşkil olunmaqla “açıq qapı” günü keçirilib.
Tədbir iştirakçıları əvvəlcə nazirlik tərəfindən aparılan müxtəlif
reyestrlər və elektron informasiya sistemləri, onların funksiyaları, notariat,
vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət
qeydiyyatı sahəsində innovasiyalar, elektron və mobil xidmətlərlə bağlı
yeniliklərlə tanış olublar.
Sonra nazirliyin aidiyyəti rəhbər şəxslərinin iştirakı ilə media
nümayəndələri üçün brifinq keçirilərək vətəndaşların daha çox müraciət etdiyi ədliyyə
orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin səmərəliliyinin və keyfiyyətinin
artırılması ilə bağlı görülən tədbirlər barədə məlumat verilib.
Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
Aynur Sabitova çıxış edərək ölkə Prezidenti tərəfindən dövlət orqanlarının fəaliyyətində
açıq hökumət prinsiplərinin, ictimai iştirakçılığın geniş tətbiqi ilə bağlı
tapşırıqlarına uyğun olaraq nazirlik tərəfindən şəffaflığa, ictimaiyyətlə əlaqələrə,
media və vətəndaş cəmiyyəti ilə vahid kommunikasiya siyasəti əsasında
qarşılıqlı fəaliyyətə xüsusi önəm verildiyini, davamlı olaraq brifinq, mətbuat
konfransı, ictimai müzakirə və təqdimatlar, media-turlar təşkil edilməklə dövlət
başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi islahatlar və tətbiq
olunan yeniliklər barədə ictimaiyyətin mütəmadi məlumatlandırıldığını bildirib,
əhalinin hüquqi biliklərinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edən
bu tədbirlərin əhəmiyyətini qeyd edib.
Çıxış edən İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi
Ağakərim Səməd-zadə ədliyyə xidmətlərinin rəqəmsallaşdırılması üzrə görülən işlər,
o cümlədən mobil tətbiqlər barədə məlumat verib.
Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan
genişmiqyaslı iqtisadi islahatlar, sosial əhəmiyyətli layihələr, biznes
mühitinin əlverişliyinin artırılmasına, habelə cəmiyyətin rəqəmsal
transformasiyasına yönələn tədbirlər xidmət institutunun müasir çağırışlara
uyğun təkmilləşdirilməsini şərtləndirir.
Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq
son illər ədliyyə sahəsində innovasiyaların tətbiqi geniş vüsət alıb. Hazırda nazirlik
tərəfindən aparılan 10 dövlət əhəmiyyətli informasiya resursunun fəaliyyəti nəticəsində
əhaliyə 35-dək elektron xidmət göstərilir, istifadəçilərin sayı son 5 ildə 15
milyon nəfəri ötüb.
Həmçinin, elektron informasiya sistemlərinin inteqrasiyası hesabına məlumat
mübadiləsinin aparılması xidmətlər göstərilərkən hər hansı sənədin təqdim
olunması zərurətini aradan qaldırıb. Əhalinin birdəfəlik maddi yardım, ünvanlı
sosial yardım, övladlığa götürmə, lisenziyaların, icazələrin alınması ilə bağlı
aidiyyəti qurumlara müraciət imkanları sadələşdirilib.
Eyni zamanda, böyük ictimai maraq doğuran elektron notariat xidmətlərinin
genişləndirilməsi barədə məlumat verilərək ölkədə aparılan bütün notariat hərəkətlərinin
“Elektron notariat” informasiya sistemi üzərindən rəsmiləşdirildiyi qeyd olunub.
2008-ci ildən istifadəyə verilmiş və məsafədən xidmət göstərilməsinə imkan verən
bu sistem müxtəlif qurumlarda, o cümlədən əhalinin sosial həssas təbəqələrinin
müdafiəsində vacib rol oynayan, respublikamızın Birinci vitse-prezidenti
Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzlərində elektron
notariat kabinələri vasitəsilə vətəndaşlara daha asan və əlçatan xidmət göstərməyə
imkan verir.
Qeyd olunub ki, notariusun vergi agenti qismində fəaliyyəti nəticəsində
dövlət büdcəsinə hər il orta hesabla 40 milyon manat məbləğində vəsaitin
köçürülməsi təmin edilir.
Vurğulanıb ki, ölkə başçısının və respublikamızın Birinci vitse-prezidentinin
şəhid ailələrinə xüsusi qayğılı və həssas münasibət göstərilməsi ilə bağlı
çağırışına dəstək olaraq notariuslar şəhid ailə üzvlərinə öz hesablarına xidmət
göstərirlər.
Brifinqdə həmçinin, elektron xidmətlərin yeni inkişaf mərhələsi olan
mobil tətbiqlər barədə məlumat verilib. Bildirilib ki, etibarnamələrin verilməsi,
onların ləğv edilməsi, sənədlərin həqiqiliyinin yoxlanılması, yetkinlik yaşına
çatmamış şəxslərin ölkədən getmək üçün valideynlərin razılıq ərizələrinin təsdiqi
kimi xidmətlər göstərən və hazırda 200 minə yaxın istifadəçisi olan “Mobil
notariat” xidmətlərinin dairəsi daim genişləndirilir.
Son ayda mobil tətbiqə yetkinlik yaşına çatmamış şəxslərin ümumvətəndaş
pasportu almasına dair valideynlərin, yaşayış yeri üzrə qeydiyyata alınma ilə əlaqədar
mülkiyyətçinin razılıqlarının rəsmiləşdirilməsi, açılmış vərəsəlik işlərinə
dair məlumat əldə olunması, əks-əlaqə kimi yeni xidmətlər əlavə olunub. Həmçinin
orada xidmətlərdən istifadə prosedurlarına dair videotəlimatlar yerləşdirilib.
Tədbirdə insan həyatında ən əlamətdar hadisələrin – vətəndaşlıq vəziyyəti
aktlarının rəsmiləşdirilməsi sahəsində tətbiq olunan yeniliklərdən danışılıb.
Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova
ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinin,
əhalinin rifahının xeyli yüksəlməsinin demoqrafik inkişafa təsir etməklə, doğumun,
nikahın və digər vətəndaşlıq vəziyyəti aktlarının operativ, müasir
innovasiyalar tətbiq olunmaqla dövlət qeydiyyatının həyata keçirilməsini şərtləndirdiyini
bildirib. Bununla əlaqədar 20 milyona qədər sənədin elektronlaşdırılması əsasında
yaradılmış “Vətəndaşlıq vəziyyəti aktları” informasiya sisteminin fəaliyyəti nəticəsində
əhali barədə məlumatların rəqəmsal idarəedilməsinin mümkün olduğunu vurğulayıb.
Qeyd edib ki, elektron xidmətlərin göstərilməsi və qlobal pandemiya şəraitində
dövlət dəstək proqramlarının operativliyinin təmin edilməsində məlumatların
elektronlaşdırılması xüsusi rol oynayıb.
Dövlət başçısının “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” Fərmanına əsasən
yerli icra nümayəndəliklərinin nazirliyin informasiya sistemlərinə qoşulması, həmçinin
bu qurumlarla birgə əhali arasında aparılan maarifləndirmə tədbirləri nəticəsində
doğumun qeydiyyatında yüksək əhatəliyin, o cümlədən 9 minə yaxın uşağın doğum
haqqında şəhadətnamə ilə təmin edilməsinə nail olunub.
Bu sahədə tətbiq olunan daha bir yenilik doğum və vəfat etmə
faktlarının müraciət gözlənilmədən elektron qaydada qeydə alınması
prosedurudur. Səhiyyə Nazirliyinin informasiya sistemi ilə inteqrasiya sayəsində
əldə olunan elektron tibbi sənədlər əsasında artıq doğum və ölüm haqqında
elektron şəhadətnamələrin verilməsi xidmətinin istifadəsinə başlanılıb.
Bundan əlavə, ailə münasibətlərinin qorunması istiqamətində Ədliyyə
Nazirliyinin təşəbbüsü ilə nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət
etmiş şəxslər üçün psixoloqların mediasiya xidmətləri təşkil edilir. Görülən tədbirlər
nəticəsində söhbətlərə cəlb edilmiş həmin şəxslərin təxminən 40%-i boşanma
fikrindən daşınıblar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaş cəmiyyətinin
inkişafı, çoxpartiyalı siyasi sistemin möhkəmləndirilməsi istiqamətində aparılan
genişmiqyaslı hərtərəfli islahatlardan söz açan Qeyri-hökumət təşkilatları ilə
iş şöbəsinin rəhbəri Aslan Hacıyev isə qeyri-kommersiya qurumlarının fəaliyyətinə
dəstək sahəsində görülən işlər, tətbiq olunan elektron xidmətlər barədə məlumat
verib.
Bildirilib ki, son 5 ildə vətəndaş cəmiyyəti institutlarına dəstək məqsədi
ilə 900 milyon manatdan çox vəsaitin ayrılmasına dair on min layihə qeydiyyata
alınıb.
Dövlət başçısının təşəbbüsü ilə qeyri-hökumət təşkilatlarının fəaliyyətini,
habelə onların maliyyələşdirilməsi qaydasını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi
nəticəsində təsis sənədlərində edilmiş, habelə reyestrdə qeydə alınmış faktlarla
bağlı sonrakı dəyişikliklərin, eləcə də layihələrin maliyyələşdirilməsi üzrə
müqavilə və ya qərarların qeydiyyata alınması üçün artıq Ədliyyə Nazirliyinə
bilavasitə müraciət edilməsi zərurəti aradan qaldırılıb. Bunun üçün “Fərdi elektron
pəncərə” elektron məlumat sistemi vasitəsilə sənədləri elektron qaydada təqdim
etmək kifayətdir.
Qeyd olunub ki, dövlət başçının rəhbərliyi ilə aparılan genişmiqyaslı
islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin
sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır, çoxpartiyalı
parlament formalaşıb, partiyalararası geniş dialoq aparılır. Bu prosesin davamı
olaraq son dövrdə 9 yeni siyasiya partiyanın qeydiyyata alınması da siyasi plüralizmin və çoxpartiyalı sistemin inkişafının
əyani təzahürü olub. Bununla qeydiyyata alınmış partiyaların ümumi sayı
58-ə çatıb.
Nazirlik tərəfindən göstərilən xidmətlərdən biri də sahibkarlıq sahəsində
yoxlamaların vahid məlumat reyestrinin aparılmasıdır. Bu barədə danışan Dövlət
reyestrləri idarəsinin rəhbəri Seymur İsmayılov ölkə başçısının təşəbbüsü ilə
qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən yaradılmış məlumat reyestrinin sahibkarların
hüquqlarının qorunmasında, o cümlədən əsassız yoxlamaların qarşısının
alınmasında, bu sahədə şəfafflığın təmin edilməsində əhəmiyyətini vurğulayıb, yoxlamaların
tam avtomatlaşdırılmış şəkildə sahibkar-məmur təması olmadan qeydiyyatının təşkil
edildiyini diqqətə çatdırıb. Dövlət başçısının ölkəzmidə sahibkarlığın
inkişafına yaradılmş əlverişli şəraitdən yararlanan və daim dövlət qayğısı ilə əhatə
olunan sahibkarlar üçün, eləcə də yoxlayıcı orqanlar üçün reyestrin səmərəsi
qeyd olunaraq ötən dövrdə yoxlamaların sayının 80%-dək azaldığı bildirilib.
Sonda sual-cavab sessiyası keçirilərək brifinq
iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı