13-12-2021 | 19:50 1004
Venesiya, 13 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, hazırda Venesiyada Avropa ədliyyə nazirlərinin konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Ermənistan tərəfinin fürsətdən istifadə edib ölkəmizə qarşı əsassız və uydurma ittihamlarına qarşı tutarlı faktlarla çıxış edərək onların yalanlarını tam ifşa edib.
F.Məmmədov torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, Azərbaycanın özünümüdafiə hüququna əsaslanmaqla əks-hücum əməliyyatları həyata keçirdiyini və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin edərək torpaqlarını işğaldan azad etdiyini bildirib. Müharibə meydanında ağır məğlubiyyətə uğrayan Ermənistanın insanlığa qarşı və müharibə cinayətləri törədərək mülki əhalimizi qəsdən ağır artilleriya qurğularından atəşə tutması nəticəsində 12-si uşaq olmaqla 100-ə yaxın dinc insanın həlak olduğu və 400-dən çox insanın isə yaralandığı qeyd edilib.
Nazir, həmçinin bu günlərdə Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın əsassız iddialarını rədd etdiyini və Ermənistandan azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməklə bağlı Qərar qəbul etdiyini diqqətə çatdırıb.
Nihad Budaqov
AZƏRTAC -ın xüsusi müxbiri
Venesiya