14-12-2021 | 17:21 1105
Xəbər verildiyi kimi, dekabrın 13-14-də İtaliyanın Avropa Şurasının (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində Venesiyada Avropa ədliyyə nazirlərinin konfransı keçirilib.
Konfransın açılışında AŞ-nın baş katibi Mariya Peyçinoviç Buriç, AŞPA-nın prezidenti Rik Daems, AŞ Venesiya Komissiyasının sədri Canni Bukikio və İtaliyanın ədliyyə naziri Marta Kartabiya giriş sözü ilə çıxış ediblər.
Tədbirdə bərpaedici ədliyyənin tətbiqi, cinayət qurbanları və cinayətkarlar arasında barışığa nail olunması, məhkum edilmiş yeniyetmələrin reinteqrasiyası kimi məsələlər müzakirə olunaraq nazirlər tərəfindən təqdimatlar keçirilib.
Çıxış edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində davamlı inkişafın, sabitliyin və təhlükəsizliyin təmin olunmasını, mütərəqqi hüquqi islahatların aparılmasını qeyd edib, bərpaedici ədalət mühakiməsinin tətbiqi ilə bağlı Azərbaycan təcrübəsi ilə bölüşüb.
Eyni zamanda yeniyetmə məhkumların cəmiyyətə reinteqrasiyası üzrə görülən müxtəlif institusional və praktiki tədbirlər, UNICEF və vətəndaş cəmiyyəti ilə effektiv əməkdaşlıq və birgə layihələr qeyd edilib, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin, məlumat verildiyi kimi, tədbirdə Ermənistan nazirinin çıxışında ölkəmizə qarşı yersiz verdiyi yalan məlumatları Azərbaycanın ədliyyə naziri tutarlı faktlarla təkzib edərək qarşı tərəfi tam ifşa edib.
Konfransın yekununda bərpaedici ədalət mühakiməsinin Avropada daha geniş tətbiqini təşviq edən Venesiya Bəyannaməsi qəbul olunub.
Səfər çərçivəsində tədbirə ev sahibliyini edən İtaliya, habelə konfransda iştirak edən Türkiyə, Gürcüstan və bir sıra digər dövlətlərin ədliyyə nazirləri ilə ikitərəfli görüşlər keçirilib.
İtaliyanın ədliyyə naziri Marta Kartabiya ilə keçirilmiş görüşdə ölkələrimizin qədim tarixi köklərə malik dostluq və əməkdaşlıq münasibətlərinə toxunularaq onların strateji tərəfdaşlıq səviyyəsində olması qeyd edilib, bu işdə dövlət başçılarının rolu, xüsusilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliyaya 2020-ci ildə edilmiş dövlət səfəri çərçivəsində imzalanmış “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin mühüm əhəmiyyəti vurğulanıb.
Görüşdə ədliyyə və məhkəmə sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb, italiyalı nazir ölkəmizlə hüquqi əlaqələrin inkişafına maraq göstərib.
Eyni zamanda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbə nəticəsində işğaldan azad edilmiş torpaqlarımıza İtaliyanın məsul dövlət rəsmiləri və deputatları səfər edərək ərazilərimizin Ermənistan tərəfindən tamamilə dağıdılmasının canlı şəhidi olduqları, bölgədə aparılan bərpa-quruculuq işlərində dost dövlət kimi İtaliyanın iştirakı qeyd edilib.
Türkiyənin ədliyyə naziri Abdulhamit Gül ilə görüş keçirilərək dost və qardaş ölkələrimiz arasında müttəfiqlik münasibətləri çərçivəsində inkişaf edən hüquqi əlaqələrdən məmnunluq ifadə olunub, Türk Dövlətləri Təşkilatı çərçivəsində ədliyyə nazirlərinin ilk toplantısının 2022-ci ilin yanvarında İstanbulda keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Gürcüstanın ədliyyə naziri Rati Breqadze ilə keçirilmiş görüşdə iki ölkə arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilib, Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair yeni hazırlanmış sənədin qonşu dövlətin ədliyyə nazirinin ölkəmizə yaxın gələcəkdə səfəri zamanı imzalanması barədə razılığa gəlinib.
Konfrans zamanı İtaliyanın Veneto regionunun prezidenti Luka Zaya ilə işçi görüş keçirilib. Görüşdə o, dövlətlərimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafını qeyd edib, 2019-cu ildə Azərbaycana səfərini və ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən qəbulunu məmnunluqla xatırladıb. Ölkəmizə maraq göstərən L.Zaya ilə Azərbaycan-İtaliya əlaqələrinin perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində keçirilmiş bütün görüşlərdə həmsöhbətlərin diqqəti xüsusilə Vətən müharibəsində Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlərin acı nəticələrinə, həmçinin azad edilmiş torpaqlarımızda işğal dövründə törətdiyi vəhşiliklərə cəlb olunub.
Tədbirlərdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə iştirak edib.